Medianews.az
Ütük dələduzların mühacirliyi
372 baxış

Ütük dələduzların mühacirliyi

images_dekabr_kose samir sari
İllər uzunu ölkədə yaşayan, bir dəfə olsun dilinə haqq söz gətirməyən, bir etiraz aksiyasına qatılmayan, polis təpiyindən yaralanmış barmağa bircə dəfə ilk tibbi yardım göstərməyən birinin ölkə hüdudlarını keçəndən sonra dissidentə dönməsi, dil-dil ötməsi, oradan boyalanaraq burdakıları kişi kimi mübarizə aparmağa səsləməsi, yol göstərməsi, öyüd-nəsihət verməsi həmişə mübahisə yaradır. 
Açığını deyək, o hərəkət  burdakı mübarizlərin qanına, sinirinə toxunur və onlar bu cür çağırışları səmimi saymır, ortalığa yeni çıxmış “dissident”i söyüb-yamanlayırlar.
Oxumuş-gəzmiş adamlar deyirlər ki, siz bilmirsiniz, o adamlar bu cür çağırışları millət dərdi çəkdiklərinə görə etmirlər, nəsə bir problemləri var, ya oturum almaq üçündür, ya da hansısa fondlardan qrant-mrant qapazlamaq istəyirlər.
Baxırsan ki, düz deyirlər. Yoxsa onlara nə düşmüşdü, birdən-birə haqq aşığı olsunlar.
3-4 gün qabaq müğənni Qismət hazırda yaşadığı Almaniyadan üzü bəri bir status paylaşıb, xalqı mövcud iqtidara qarşı mübarizəyə çağırıb, bayram münasibəti ilə təşkil olunan konsertə, atəşfəşanlığa getməməyə, etirazlarını bu yolla bildirməyə səsləyib, indi onun da haqqında elə deyirlər. Deyirlər ki, müğənninin Almaniyadan siyasi sığınacaq almaq istəyir, ona görə də belə siyasi çağırışlar edir, hələ sosial şəbəkədəki səhifəsinə də Müsavatın emblemini vurub, müxalifətçi olduğunu dünyaya car çəkir.
Əslində o müğənniyə hörmətim vardı. Pis oxumurdu. Amma heç bilməzdim ki, heç demə, o da müxalifətçiymiş.
Biz günortadan sonra, axşam tərəfinə yaxın müxalifətçi olanları çox görmüşük, görə-görə də gedirik.
Əlbəttə, şəxsən bu sətirlərin müəllifi yetkin insanların  öz yaşayış yerlərini seçmək, arzu etdikləri ölkədə yaşamaq hüquqlarına hörmətlə yanaşır, bu, heç bir mübahisə mövzusu ola bilməz. Amma bu hüquqdan istifadə edərkən, bu arzunu həyata keçirərkən yol verilən saxtakarlığa bəraət yoxdur.
İllərlə demokratiya və haqq-ədalət uğrunda mübarizə aparan, hər mitinqdə döyülən, sürüdülüb polis maşınına basılan, təhqir olunan, sutkalıq cəzalar çəkən, bəzən məhbəsə atılan yüzlərlə əsl müxalifətçi kənarda qalsın, onların adından istifadə edən dələduzlar gedib Avropaya yerləşsin – bu rəvadırmı?
Bir dəfə redaksiyamıza iki nəfər gəlmişdi. 35-40 yaşları olardı. Onları bizim bir xətir-hörmətli tanışımız göndərmişdi, demişdi, adamların problemləri var, yazmaq lazımdır. Demişdik, gəlsinlər. Gəlmişdilər.
Adamlar sözə ordan başladılar ki, Almaniyaya mühacirət etmək istəyirlər, onların burda təqib olunmaları haqqında yazı lazımdır. Soruşduq ki, doğrudan da hüquq-mühafizə orqanları tərəfindən təqib olunublarmı. Dedilər, bəli, mitinqlərdə döyülmüşük də, tutulmuşuq da, incidilmişik də. Dedik, lap əla, bir sənəd, şəkil göstərin, harda, kimlərlə eyni vaxtda yatmısınız, sizi kim, hansı rayonun polisi, prokuroru incidib, deyin, yazaq. Kişilər əvvəlcə bir-birinə baxdılar, sonra səmimi şəkildə dedilər ki, əslində heç vaxt mitinqdə, nümayişdə olmayıblar, müxalifətçi də deyillər, amma həmişə müxalifəti, İsa məllimi dəstəkləyiblər.
“İsa məllim” sözünü eşidən kimi anladıq ki, bu adamlar 1988-ci ildə meydana çıxan 1 milyon insanın içində də olmayıblar. Hətta həmişə hakimiyyətin tərəfində yer alıblar, sadəcə, indi vəziyyət dəyişib, işlərinə müxalifətçi olmaq yarayır.  Almaniyada yaşayan hansısa qohumları onlara deyib ki, gedin, müxalifət partiyasına üzv olun, haqqınızda qəzetdə yazılar verdirin, götürün gəlin, sığınacaq alın.
Biz bu ütük dələduzları əliboş qaytardıq, dedik, sənədsiz-sübutsuz yazı vermək olmaz. Onlar qapıdan çıxanda dedilər: “Siz olmayın, başqası olsun, onsuz da bir yol tapıb ölkədən gedəcəyik, yamanlıq sizə qalacaq”.
Əminəm ki, onlar çox ləngimədilər, saxta sənəd-filan düzəldib getdilər. Bu saat Avropada o cür adamlar çoxdur. Sığınacaq, oturum alanları da var, almayanları da.
Elələrindən bu millətə, xalqa heç bir fayda yoxdur. İşləri düzələn kimi yalançı müxalifətçiliklərinə də son qoyurlar, gedib səfirliklərin qabağında sülənirlər, işlərinə yarayıb, 3-5 avro qabağa düşmək istəyirlər.
Heç olmasa, bu mühacirət məsələsində dürüst, səmimi olsaydıq... Amma hardan? Bu işdə də dələduzlar öncüldür.
P.S. Ən pisi odur ki, ölkəsində gerçəkdən təqib olunan əsl müxalifətçi xaricə sığınaraq həyatını qurtarmaq istəyəndə miqrasiya məmurları elə dələduzlara görə ona şübhə ilə yanaşırlar.
 

Bizə qoşulun