ABŞ-da aparılan yeni araşdırma göstərib ki, uzun müddət oturmaq təkcə fiziki sağlamlığa deyil, beyin fəaliyyətinə də mənfi təsir göstərir. Hətta müntəzəm idman etmək belə bu mənfi təsirləri tam aradan qaldırmır.
Araşdırma Vanderbilt University, University of Pittsburgh və Seoul National University alimləri tərəfindən aparılıb. Tədqiqatda 50 yaşdan yuxarı 404 nəfər iştirak edib və onların hərəkət səviyyəsi bir həftə ərzində xüsusi sensorlarla izlənilib.
İştirakçıların 87 faizi həftədə ən azı 150 dəqiqə fiziki aktivlik tövsiyəsini yerinə yetirsə də, gün ərzində daha çox oturan insanlarda beyin həcminin azalması və idrak qabiliyyətlərinin zəifləməsi müşahidə olunub. Xüsusilə yaddaşa cavabdeh olan hipokampus nahiyəsində incəlmə qeydə alınıb. Bu bölgə Alzheimer xəstəliyində ilk zərər görən beyin sahələrindən hesab olunur.
Mütəxəssislər xüsusilə masa arxasında çalışan insanlara tez-tez ayağa qalxmağı, qısa gəzintilər etməyi və uzun müddət fasiləsiz oturmamağı tövsiyə edirlər. Beyin sağlamlığını qorumaq üçün gün ərzində aktiv qalmaq ən vacib amillərdən biri hesab olunur./yenisabah/