Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərimizdən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində işğal altındakı bütün torpaqlarımızı, o cümlədən Laçın rayonunun yaşayış məntəqələrini işğaldan azad edib. Kapitulyasiya aktına imza atan işğalçı Ermənistan bir müddət sonra Laçın şəhərindən silahlı quldur dəstələrini geri çəkib, dinc yolla bu yaşayış məntəqəsini Azərbaycana təslim edib.
2020-ci ildən indiyə qədər ötən müddətdə Laçın tamamilə yenidən qurulub. Dilbər guşəmiz Qarabağda, eyni zamanda Laçında yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdıblar. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Laçının füsunkar təbiəti, gözəlliyi sadəcə laçınlıların deyil, ümumən azərbaycanlıların, həmçinin buranı görmək üçün gələn xarici turistləri valeh edir.

Oktyabrın 8-də Laçın şəhəri ilə bağlı daha bir əlamətdar hadisə baş verib. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu barədə ilk məlumatı elə həmin gün Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edən
Azərbaycan Prezidenti İlham Əliyev verib. Qeyd edib ki, bu qərar həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru, əslən laçınlı İbrahim Mirzəyev bu əlamətdar hadisə barədə fikirlərini Medianews.az-a bölüşüb. Bildirib ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti sayəsində Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Laçın şəhərinin tarixində yeni səhifə açıb.

Departament rəhbərinin sözlərinə görə, Ermənistan təslim olduqdan sonra öz işğalçı qüvvələrini 30 ilə yaxın nəzarətdə saxladığı Laçın şəhərindən bir güllə atılmadan çıxarıb: “Məlum Üçtərəfli birgə bəyanatın şərtlərinə uyğun olaraq, 2022-ci il avqustun 26-da Laçın şəhəri, həmçinin onun yaxınlığındakı Sus və Zabux kəndləri Azərbaycana qaytarılıb. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, ermənilər Laçın şəhərində də xalqımızın maddi-mənəvi irsinə çox ağır zərbə vurub, vandalizm aktı törədiblər. Lakin dövlətimizin başçısının tapşırığına əsasən, qısa vaxtda Laçında yüksək zövqlə və keyfiyyətlə genişmiqyaslı bərpa-quruculuq, abadlıq işləri həyata keçirilib. Şəhər sakinlərinin doğma yurda qayıdışı üçün zəruri tədbirlər görülüb. Zabux və Sus kəndləri də yenidən tikilib. Hər üç yaşayış məntəqəsinə Böyük Qayıdış başlanıb”.

İ.Mirzəyev vurğulayıb ki, bu gün Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndləri də müasir görkəmi, abadlığı ilə diqqəti cəlb edir: “Azərbaycanın hər bir guşəsindən bu yerlərə qonaqlar gəlir, yenidən canlanan, gözəlləşən Laçını görüb fərəhlənirlər. Müasir Laçında olmuş hər kəs mənimlə razılaşar ki, bura öz görkəminə görə bir çox Avropa şəhərlərindən fərqlənmir. MDB kimi çox böyük və nüfuzlu regional beynəlxalq təşkilatın Laçın şəhəri haqqında qərarı da, təbii ki, hər bir azərbaycanlıda qürur hissi doğurmalıdır. Məncə, bu qərar Azərbaycanın haqq işinə, öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsinə göstərilən rəğbətin, verilən dəyərin ifadəsidir. MDB üzvü olan ölkələrdə yaşayan xalqların zəngin ortaq tarixi ənənələri var. Biz bu ənənələri qorumalı və yaşatmalıyıq”.

Departament rəhbəri onu da əlavə edib ki, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı kimi Laçında çoxsaylı mədəni-humanitar tədbirlər təşkil ediləcək: “Bu tədbirlərə gələn qonaqlar Azərbaycanın gücünü, qüdrətini, xalqımızın qurub-yaratmaq əzmini, sülhə olan inamını görəcəklər. Xatırladım ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü elan edilib. Əminəm ki, 2025-ci ildə bu əlamətdar gün MDB-dən gələcək qonaqlarımızın iştirakı ilə daha möhtəşəm şəkildə qeyd olunacaq”.
Vüqar MƏMMƏDOV
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.