Medianews.az
“Dədə Ələsgərin bu aşıqlarla deyişməsi <span style=color:red>UYDURMADIR” - FOTOLAR
315 baxış

“Dədə Ələsgərin bu aşıqlarla deyişməsi UYDURMADIR” - FOTOLAR

“Aşıq Ələsgərin dinə bağlı olması faktdır. Səhv etmirəmsə namaz da qılıb. Həmçinin şeirlərində dini irfan ədəbiyyatına xeyli müraciət edib. O ki, qaldı yanına gələcək adamları öncədən duymaq kimi hisslər bir çox insanlarda var. Buna da intuisiya deyilir, məsələn ürəyinə danmaq. Bu söhbət də Aşıq Hüseyn Şəmkirli ilə bağlıdır. Guya Aşıq Hüseyn Ələsgərin şöhrəti yayıldıqdan sonra ağlına salıb ki, mən gedib onu görəcəyəm, onunla deyişəcəyəm və kimin güclü olduğu bilinəcək. Bu, Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərovun versiyasıdır. Guya gecə Aşıq Ələsgər yuxusunda Aşıq Hüseynin gələcəyini görüb və qoç saxlayaraq onun gəlməsinə qurban kəsib”. Bu barədə Medianews.az-a müsahibəsində Azərbaycan Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tədqiqatçı-alim Nazir Əhmədli bildirib. Tədqiqatçı-alim deyib ki, bu iddiaların heç biri həqiqətə uyğun deyil: “AMEA-nın Folklor və Ədəbiyyat institutları məşhur folklorşünas Məmməd Hüseyn Təhmasib, Əhliman Axundov və başqalarının iştirakı ilə Aşıq Ələsgərin 1963-cü ildə iki cildliyini çap edib. Bunlar Aşıq Ələsgərlə görüşüb deyişənin Aşıq Hüseyn Şəmkirli yox, Aşıq Hüseyn Bozalqanlı olduğunu iddia edirlər. Amma mənim fikrimcə, onların heç biri ilə Aşıq Ələsgər görüşməyib. Aşıq Hüseyn Şəmkirlinin Aşıq Ələsgərlə görüşdüyü İslam Ələsgərovun və Aşıq Hüseyn Bozalqanlı ilə görüşməsi də onun qohumlarının iddiasıdır. Bu iddiaların heç biri həqiqətə uyğun deyil”. N.Əhmədli vurğulayıb ki, Aşıq Hüseyn Bozalqanlı Aşıq Ələsgərin şagirdi Aşıq Nəcəfin uşağının sünnət toyuna, kirvə qonaqlığına gəlsə də orada aşıqların deyişməsi olmayıb: “Birincisi Aşıq Hüseyn Bozalqanlı Aşıq Ələsgərlə deyişəcək qədər qüdrətli sənətkar deyil. İkincisi isə etika qaydalarına zidd olur ki, kirvə qonaqlığına gəlmiş birini Aşıq Ələsgər kənara çəkib deyişsin. Bir sözlə, bu versiyaların heç biri həqiqətə uyğun deyil. Düzdür, ürəyə danma, intuisiya bir çox adamlarda var, eləcə də Aşıq Ələsgərdə. Hətta deyilənə görə, ustad aşıq ölümündən üç gün qabaq öləcəyini hiss edib və oğlu Bəşirə tədarük görməsini tapşırıb. Lakin onun yanına şəxs olaraq kimin gələcəyini bilmək, hiss etmək inandırıcı görünmür. Məsələ də burasındadır ki, Aşıq Hüseyn Şəmkirli ümumiyyətlə Göyçəyə gəlməyib və Aşıq Ələsgərlə deyişməyib. Eyni zamanda, Dədə Ələsgərin Aşıq Hüseyn Bozalqanlı ilə deyişməsi də uydurmadır”. Nailə QASIMOVA

Bizə qoşulun