Medianews.az
Ordu generalının OĞLUNA VƏSİYYƏTİ: <span style=color:red>Başqalarını idarə etməzdən öncə... - FOTOLAR
467 baxış

Ordu generalının OĞLUNA VƏSİYYƏTİ: Başqalarını idarə etməzdən öncə... - FOTOLAR

Oğul övladını gözəl yetişdirilməsi ilə bağlı tövsiyələr dedikdə, ilk olaraq ağıla ABŞ-nin 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktubu gəlir. Bəli, bu, çox ibrətamiz bir məktubdur və hər kəsin oxuması vacibdir. Lakin bu məktub qədər oxunmasını tövsiyə etdiyim digər bir faydalı əsər daha vardır. Bu da ABŞ-nin məşhur hərbi liderlərindən biri olan general Douglas MacArthurun oğluna yazdığı vəsiyyətidir. Qeyd edək ki, Duqlas MakArtur (26 yanvar 1880 – 5 aprel 1964) İkinci dünya müharibəsində sakit okean cəbhəsində müttəfiq qüvvələrinə komandanlıq edən amerikalı 5 ulduzlu Ordu generalı (ingiliscə "General of the Army", Avropa ordularındakı qarşılığı marşal rütbəsidir) olub. Müharibədən sonra Yaponiyadakı müttəfiq işğal qüvvələrinin komandanı kimi bu ölkəni idarə edib və Koreya müharibəsinin ilk doqquz ayında Birləşmiş Millətlər Təşkilatının qüvvələrinin komandanı olub. Onun oğluna yazmış olduğu vəsiyyətin hər kəs tərəfindən oxunmasının faydalı olacağını düşünürəm. Təəssüf ki, bu vəsiyyətə Azərbaycan dilində rast gəlmədim. Ona görə də həmin vəsiyyətin mətnini ingilis dilindən Azərbaycan dilinə tərcümə edərək sizinlə bölüşürəm: "Tanrım mənə elə bir oğul bəxş et ki, Zəif olduğu anın fərqinə varacaq qədər güclü, Qorxduğu zaman özünü toparlaya biləcək qədər cəsur, Şərəfli bir məğlubiyyətə uğradıqda qürurlu və mərd, Lakin zəfər qazandıqda mərhəmətli və təvazökar olsun. Mənim elə bir oğlum olsun ki, arzuları həyata keçirdiklərini üstələməsin və elmin təməl daşının "özünü tanımaq" olduğunu qavrasın. Tanrım, onu asan və rahat yoldan deyil, Çətin və mübarizə yolundan göndər ki, Fırtına zamanı ayaqda durmağı öyrənsin, Bunu bacara bilməyənlərə isə şəfqətli davransın. Qəlbi təmiz və hədəfləri böyük bir oğul olsun. Başqalarını idarə etməzdən öncə özünə nəzarət edə bilsin. Gülməyi bacarsın, amma ağlamağı da heç vaxt yaddan çıxarmasın. Gələcəyə doğru baxa bilsin, lakin keçmişi də unutmasın. Bu keyfiyyətlərə malik olduqdan sonra da Yetərincə mizan duyğusu olsun, lakin Ciddi olmaqla bərabər, özünü çox da ciddiyə almasın. Alçaqkönüllü olsun ki, hər zaman böyüklüyün sadəliyini, açıqfikirliliyin  müdrikliyini, həqiqi gücün dəyərini anlasın. O zaman mən atası olaraq "boş yerə yaşamamışam" - deyə sakit bir şəkildə pıçıldamağa cəsarət edə bilim! Yunis Xəlilov Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi, hüquqşünas Medianews.az

Bizə qoşulun