Medianews.az
Koronavirusun ölkəmizdə yayılan alt növlərini alt-üst etmək üçün – <span style=color:red>HƏKİM MƏSLƏHƏTİ
406 baxış

Koronavirusun ölkəmizdə yayılan alt növlərini alt-üst etmək üçün – HƏKİM MƏSLƏHƏTİ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son günlər əhali arasında yayılan, yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması kimi qrip simptomlarına bənzər əlamətlərə malik virusun COVİD-19 infeksiyasının “Omikron” ştamı olduğunu bildirib. O deyib ki, Azərbaycanda və xaricdə COVİD-19 infeksiyasının “Omikron” variantının bəzi alt növləri hələ də dövriyyədədir. Azərbaycan vətəndaşları özlərini bu virusdan qorumaq üçün nə etməlidirlər? COVİD əleyhinə təkrar peyvəndlənməyə ehtiyac varmı? Medianews.az-ın suallarını cavablandıran həkim-infeksionist, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə bildirib ki, bu virus, virus infeksiyası olmaqla bərabər hava-damcı infeksiyasıdır və yalnız hava-damcı yolu ilə keçir: “Ona görə xəstə insanlarla kontaktı maksimum məhdudlaşdırmaq lazımdır. Əgər xəstələr arasında hava-damcı infeksiyası olan hər hansı virus infeksiyasının klinik əlamətləri - hərarətin yüksək olması, öskürək, asqırma, burun axması varsa, o zaman onlarla kontaktı mümkün qədər azaltmaq və ya qoruyucu maskalardan istifadə etmək lazımdır. Bu, profilaktikanın əsasını təşkil edir və xəstə insanlardan, virus gəzdiricilərindən infeksiyanın hava-damcı yolu ilə sağlam insanlara keçməsinin qarşısını almaq məqsədi daşıyır”. S.Atakişizadə vurğulayıb ki, sözügedən virusla bağlı təkrar peyvəndlənməyə ehtiyac yoxdur: “Məlumdur ki, biz COVİD-ə görə dörd dəfə peyvənd almışıq. Ölkə əhalisinin 80-90 faizi peyvəndlənib. Nəticədə insanlar arasında bu viruslara qarşı immunitet formalaşıb, həm yoluxma, həm də yoluxanların ağırlaşması halları azalıb. Ağırlaşma, ölüm faizləri çox aşağı, hətta deyərdim sıfıra düşüb. Ona görə də bu gün ölkəmizdə geniş bir səviyyədə virus epidemiyası yayılmayıb. Bu səbəbdən təkrar peyvəndlənməyə ehtiyac yoxdur”. Bəs hazırda COVİD-ə yoluxan vətəndaşlarımıza müalicənin effektiv olması üçün hansı tövsiyələr vermək mümkündür? Müalicə ev, yoxsa xəstəxana şəraitində aparılsa yaxşıdır? Professor S.Atakişizadə qeyd edib ki, xəstələr arasında müalicə və ya hospitalizasiya xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla həyata keçirilir: “Xəstəliyin yüngül, orta-ağır formaları bəzən ayaqüstü, ev şəraitində də keçib gedir. Lakin ağır forması stasionar müalicəyə ehtiyac duyur. Yəni hər xəstənin hospitalizasiya olması vacib deyil. Bu gün müalicəyə ehtiyacı olanlar yalnız xəstəliyi orta-ağır və ağır formada keçirənlərdir. Xəstəliyə tutulmamaq və ya tutulsaq da, onu yüngül keçirmək üçün immun sistemini gücləndirmək, bol maye içmək, meyvə-tərəvəzdən çox istifadə etmək, C vitamini və digər vitaminlərlə zəngin məhsullardan yararlanmaq gərəkdir”. Lamiyə, Medianews.az

Bizə qoşulun