Medianews.az
ABŞ viza verilməsi qaydalarını sərtləşdirdi
77 baxış

ABŞ viza verilməsi qaydalarını sərtləşdirdi

ABŞ Dövlət Departamenti qeyri-immiqrant vizalarının verilməsi üçün yeni qaydalar tətbiq edib.

Medianews.az xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalara görə, konsullar artıq öz ölkələrinə qayıtmaqdan qorxan müraciətçilərə rədd cavabı verməlidirlər.

"Washington Post" qəzetinin məlumatına görə, bu qaydalar ABŞ-da sığınacaq almaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Bildirilir ki, ABŞ Dövlət Departamentinin direktivində diplomatik nümayəndəliklərə qeyri-immiqrant vizası üçün müraciət edənlərdən öz ölkələrinə qayıtmaqdan qorxub-qorxmadıqlarını soruşmaq tapşırılıb.

Konsullar artıq müraciət edənlərə iki sual verməlidirlər: 1. "Öz ölkənizdə və ya son yaşayış yerinizdə təqib olunmusunuzmu və ya pis rəftara məruz qalmısınızmı?"; 2. "Vətəndaşlığınız və ya daimi yaşayış yerinizə qayıtdıqdan sonra təqibdən və ya pis rəftardan qorxursunuzmu?"

"Viza müraciət edənlər konsulluq əməkdaşının viza verilməsi prosesinə davam etməsi üçün hər iki suala şifahi olaraq "yox" cavabı verməlidirlər", - deyə əmrdə bildirilir.

Nəşr qeyd edir ki, bu dəyişiklik Ağ Evin ABŞ-də sığınacaq alan xarici vətəndaşların sayını kəskin şəkildə məhdudlaşdırmaq cəhdidir. ABŞ qanunvericiliyinə əsasən, xarici vətəndaşlar təqiblə üzləşdikləri və ya öz ölkələrində təqib olunmaqdan əsaslı qorxuları olduqda, ölkədə olarkən sığınacaq üçün müraciət etmək hüququna malikdirlər.

Sərəncamda suallara "yox" cavabı verən viza alan şəxsin sonradan sığınacaq üçün müraciət etməsi halında nə baş verəcəyi göstərilməyib. Lakin belə bir ssenari viza saxtakarlığı ittihamlarına və nəticədə deportasiyaya səbəb ola bilər.

Sənəddə deyilir ki, bir çox əcnəbi viza müraciəti prosesi zamanı konsulluq işçilərini yanıldırlar. (Musavat.com)

Bizə qoşulun