Aclıq zamanı qəbul edilən bəzi qidalar orqanizm üçün gözlənilməz problemlər yarada bilər.
Medianews.az Foodinfo.az-a istinadən bildirir ki, mütəxəssislər səhər və ya uzun fasilədən sonra yeyilən qidaların sağlamlığa birbaşa təsir etdiyini vurğulayır. Məlumata görə, endokrinoloq Marqarita Belousova qeyd edir ki, xüsusilə yağlı və qızardılmış qidaların acqarına qəbulu mədə və həzm sistemi üçün risklidir.
Bu tip qidalar mədə ilə qida borusu arasında yerləşən əzələnin boşalmasına səbəb olur və nəticədə turşunun geri qayıtması – yəni yanma hissi yaranır.
Mütəxəssis həmçinin vurğulayır ki, acqarına acı yeməklər də mədə selikli qişasını qıcıqlandıra bilər. Sağlam insanlarda bu hal qısa müddətli narahatlıq yaratsa da, mədə xəstəlikləri olan şəxslərdə daha ciddi simptomlara səbəb ola bilər.
Bundan əlavə, sadə karbohidratlarla zəngin qidalar – ağ undan hazırlanmış şirniyyatlar, konfetlər və şirin səhər yeməkləri də təhlükəli hesab olunur.
Bu cür məhsullar qanda şəkərin sürətlə yüksəlməsinə və daha sonra kəskin düşməsinə gətirib çıxarır ki, bu da tez acma hissi yaradır.
Həkimin sözlərinə görə, bu vərdişin davamlı olması metabolik pozuntuların, o cümlədən diabet riskinin artmasına səbəb ola bilər.
Eyni zamanda belə qidalar uzunmüddətli toxluq hissi vermədiyi üçün insan qısa müddət sonra yenidən yemək istəyir.
Qeyd olunur ki, nadir hallarda bu qidaların acqarına qəbulu ciddi problem yaratmasa da, həzm sistemi xəstəlikləri və artıq çəki problemi olan şəxslər üçün risk daha yüksəkdir.
Mütəxəssislər sağlam qalmaq üçün günə balanslı və yüngül qidalarla başlamağı tövsiyə edir.