Medianews.az
Ailəvi dost olublar -
100 baxış

Ailəvi dost olublar - Madyar elə həmin Orbandır...

Macar xalqına və siyasi elitasına eşq olsun! Avropaya da, dünyaya da milli maraqlar üçün aktiv seçici, Macarıstan maraqları üçün “siyasi mühəndislik” dühası yarada bildilər, xalqın gələcəyi üçün birgə necə davranmaq lazımdır – onu göstərdilər.

Viktor Orbana diktator, avtoritar deyənlər də bir az utansınlar – diktator belə seçki keçirmir, rəqibini həmən təbrik etmir, hə, rəqibini də özü yaratdı, siyasi elita arasında anlaşmaya görə Peter Madyarı önə çəkdilər ki, ana xətt, konservativ sağ-mərkəz xətti zədələnməsin.

Seçici aktivliyi az qala 80% oldu – macar xalqının ən böyük uğurudur, parlamentə 3 partiya keçib, hər üçü də aşağı-yuxarı eyni xəttin, eyni ideologiyanın, sağ, sağ-mərkəz və sağlam konservatizmin nümayəndələridir. Sol, psevdo-liberal siyasi partiyalar və şəxslər Macarıstan xalqı tərəfindən qəbul olunmadı.

Macar xalqı Orbandan yorulmuşdu, bunu hakim “FİDES” koalisiyası da bilirdi, görürdü, hiss edirdi. 2024-cü ildə “siyasi mühəndislik” layihəsi başlandı, Madyara Orban və komandası hər tərəfli dəstək oldular, çünki, Avropa Birliyinin, rəsmi Brüsselin səfeh yanaşması artıq Macarıstan üçün problemə çevrilirdi. Brüsselin tutumuna görə, Macarıstan ümumilikdə 49 milyard avroya yaxın vəsaitdən məhrum olmuşdu. Bundan başqa, Avropa Birliyinin özünü daxildən dağıdan miqrant proqramına qarşı çıxdığına görə Macarıstan uzun illərdir ki, hər gün 1 milyon avro cərimələnirdi. İndi həmin 49-50 milyard avronu da alacaqlar, cərimələr də ləğv ediləcək.

Orban və komandası Macarıstan maraqlarına görə hakimiyyəti öz daxilindən çıxmış, onun dəyərlərini və ideologiyasını bölüşən siyasi komandaya təhvil vermək istəyirdi, çünki xalqın Orbandan bezdiyini də anlayırdı.

Yaxşı, kimdir bu Peter Madyar?! Madyar 2002-ci ildən Orbanın yanındadır, onun partiyasının üzvü olub. 2010-cu ildə Orban hakimiyyətə gələndə Madyar Macarıstan XİN-də yüksək vəzifəyə gətirilib, 2018-ci ildə Orbanın, yəni Baş nazirin aparatında vəzifə alıb, 2019-2022-ci illərdə Orban onu öz hökumətində Tələbə Təqaüdləri Mərkəzinin rəhbəri təyin edib. Madyarın ailəsi də konservativ, sağ-mərkəzçi olub, anası Monika Ereş Macarıstan Ali Məhkəməsinin sədr müavini, ana tərəfdən babası (nənəsinin qardaşı) Ferens Madla isə Macarıstanın prezidenti olub - Madyar elitanın tam içindən çıxıb.

Gələk Madyarın keçmiş həyat yoldaşı Varqa Yudit xanıma – yeni boşanıblar, 3 övladları var. Yudit xanım Orbanın partiyasında çox önəmli şəxslərdən biri idi, 2018-də Orbanın, yəni baş nazirin  ofisində Avropa Birliyi məsələləri üzrə dövlət katibi, 2019-cu ildə isə Orbanın kabinetində ədliyyə naziri vəzifəsinə təyin edilib. 2023-cü ilə qədər nazir olub, sonra 2024-də Orbanın partiyasının Avropa Birliyi parlamentinə seçkilərdə siyahısına başçılıq edib.

Orban və Madyar ailəvi dost olublar, bir-birlərinin evinə gedib-gələn şəxslər olub, halaldır ki, ümumxalq maraqlarına görə öz ambisiyalarını boğub, möhtəşəm “siyasi mühəndislik” layihəsinə imza atıblar.

2024-də Madyar “FİDES”dən istefa verib “Tisa”ya keçdi və qısa müddətdə (Orbanın dəstəyi ilə) həmin partiyanın rəhbəri və lideri oldu və dünən seçkiləri uddu.

Bir sözlə, Madyar elə həmin Orbandır, sadəcə daha cavan, daha xarizmatik, daha sevimli “Orbandır” və bu yerdəyişmə ilə həm Avropa Birliyinin iddialarına son qoyacaqlar, həm də Macarıstan öz yolu ilə davam edəcək.

Madyar ilk səfərini, təbii ki, Polşaya, Avstriyaya, Brüsselə edəcək, amma əminəm ki, növbəti səfərləri Türkiyəyə, yəqin ki, həm də Azərbaycana olacaq. Macarıstan Türk Dövlətləri Təşkilatından çıxmayacaq, bəlkə əlaqələr bir az soyuyacaq, amma Macarıstan TDT-dəki statusunu saxlayacaq. Madyar hökuməti Rusiya ilə də əlaqələri tam kəsməyəcək, onlardan neft-qaz almaqda davam edəcək – çünki bu, sərfəlidir və Macarıstanın maraqlarına uyğundur.

Orban isə siyasətə geri dönəcək, bir az pauza lazım idi, doğru yerdə, doğru qərar aldı, xalqını, dövlətini sevən liderlər həmişə zamanında “siyasi mühəndislik” alətinə baş vururlar, bunun üçün öz cılız ambisiyalarını arxa plana atmağı bacarırlar, hətta ABŞ və Avropa Birliyi kimi böyük gücləri belə öz oyunlarında alətə çevirə bilirlər...

Natiq Cəfərli,
siyasətçi

Bizə qoşulun