Medianews.az
Akademik meyxanaçı
50 baxış

Akademik meyxanaçı

“Yetim əlində qoğal əcaib görünər”
(Azərbaycan ata sözü)

Məşhur meyxanaçı manıslarımızdan biri televiktorinaya qatılıb, gedib hətta müəyyən mərhələyə çatıbmış. Aləm dəyib bir-birinə.

Sumqayıtın icra başçısı manısı təntənəli şəkildə qəbul edib (sənətkar ərazidə məskunlaşıbmış). Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim onu üzvlüyə dəvət edib, Elza xanımdan sonra orada bu cür istedadlı yoldaşlara yaşıl işıq yandırılıbdır. Həm də viktorinada mükafat fondu 100 min manatdır, deməli, meyxanaçı AYB üzvlük haqqını yaxın 85 il üçün ödəyə biləcəkdir. Ac yazıçılardan daha yaxşıdır. Təqaüd və ev davasına girişib Anar müəllimi əsəbləşdirməz, yaradıcılıqdan ayırmaz. Yəni, hərtərəfli uğurlu kadrdır.

Nasosnu camaatı sənətkarı deputat seçməyə hazırlaşır. AMEA-da boşalan yerlərə onun namizədliyi irəli sürüləcəkdir. DİM qəbul-buraxılış imtahanlarını dayandırıb, meyxanaçını bunkerə çağırıbdır. İstəyirlər növbəti test bankını sənətkar şəxsən hazırlasın. Onsuz bu dəqiqə zəhmətkeşlər ağlaşma qurublar, deyirlər suallar çətin düzəldilib, hətta Türkiyədən, Gürcüstandan-filandan köçürülürmüş. Guya camış ətini Hindistandan alan camaat üçün sualı xaricdən almaq nəsə qeyri-adi fakt imiş. Lakin indi tema bu deyil.

Bizim bu elm fədaisi və xilaskarına çoxdan ehtiyacımız var idi. İstənilən sahəni batırmışıq. Məsələn, bu gün deputatlar süni intellektlə qoyun otarmağın vacibliyi barədə iclas keçirmişdir. Həqiqətən, artıq Beyləqanda quzu da qalmamışdır (Yeri gəlmişkən, intellektual meyxanaçımızın düzgün cavab verdiyi suallardan biri elə “Jdanov rayonu keçmişdə hansı rayonumuzun adı idi” şəklindəydi). Keçən dəfə mən yazmışdım, bizi bütün sferalarda manıslar təmsil etməkdədir. Aparıcılıqdan arıçılığa, toyxanadan karton fabrikinəcən.

Sözgəlişi, bu yaxında müğənni Nuri Surinin “Cəmiyyətimizdə İrana bağlılığı anlaya bilmirəm. Beyninizdə bir fantaziya qurmusunuz və həqiqəti görmək istəmirsiniz. Nə tez yadınızdan çıxdı olub-keçənlər? Zəngəzur dəhlizi məsələsində İranın münasibəti, erməniləri qorumaqları…” kimi açıqlamalarını oxudum, çox bəyəndim. Bu qadında olan qeyrət və ağıl heç kişilərin bəzisində yoxdur. Necə deyərlər, qəzet vasitəsilə minnətdarlığımı çatdırıram.

İntellektual yarışmaya dönsək, sayın meyxanaçımız 3 min manatı qazanıb, veriliş isə hələ davam edəcəkdir. İnşallah, 100 mini udsun. Hərçənd, mən ilk dəfə izlədim və bu verilişin sual hazırlayanlarının hansı məntiq və elmə, biliyə əsaslandığını başa düşmədim. Məsələn, Britaniya muzeyində guya vaxtilə hansısa qadına məxsus olmuş buynuz varmış. Bunu bir insan niyə öyrənsin, yadında saxlasın, yaxud, hansı elmi məntiqlə tapsın?

Bəli, artıq müəllimin məktəbə getdiyi, yaxud, şagirdlərin işdən ayrılan müəllimi ağlaşaraq yola salmağının xalqda heyrət, təəccüb doğurduğu epoxaya varid olmuşuq. Hər sahədə oxşar vəziyyətdir əslində. Cümlə qura bilən jurnalistə rast gələndə ağzımız az qalır əyilsin. Məsələn, təzəlikcə mən bir saytda çox gözəl yazıya rast gəlmişdim. Necə deyərlər, su kimi axırdı yazı. Düzdür, axırda imza yerinə çatanda bunu rəhmətlik Adil Qaçayoğlunun hələ 20 il qabaq yazdığını gördüm, ancaq buna da şükür. Ən azı keçmişdə nəsə var imiş.

Yaxud həkim xəstəni düzgün əməliyyat edəndə xəbəri aləmə yayılır, reportaj, canlı yayım, nə bilim, efirə-zada çıxır. Deputatın seçici ilə, icra başçısının əhali ilə, əhalinin də bir-biri ilə mehriban görüşləri şok başlıqlı, qeyri-adi əhvalatlara çevrilmişdir. Halbuki bu bostan məhsulları çoxdan əyri bitmişdi, sadəcə, sorğu-sual edən yox idi.

Misal üçün, sovet hökuməti Ramiz Mehdiyev kimi matrosu (həqiqətən onun ixtisası belədir) guya alimə döndərmişdi, bizimkilər də müstəqillik dövründə akademik qoymuşdular. Qurdalasan iki eşşəyin arpasını bölməyə çətinlik çəkərdi, bütün milləti intriqalarla bölürdü. Heç soruşan yox idi ki, ay brat, sən nəyin akademikisən, necə alim olmusan?

Yaxud siz Allahşükür Paşazadənin tarix elmləri doktoru olduğunu bilirdinizmi? Belə faktlar yüzlərlədir, mən ikisini yazdım.

Meyxanaçı ağıllı verilişə çıxanda isə dəli oluruq.

Zamin HACI

Bizə qoşulun