Medianews.az
Alınmayan sözlər
59 baxış

Alınmayan sözlər

“Eşşəyimiz öləcək, tərs dönəcək, filan yeri gün görəcək”

(türk ata sözü)

Ötən ilin axırında Milli Məclisdə ana dilimizin qorunması məqsədiylə vacib iclas keçirildi, orada Milli Elmlər Akademiyamızın prezidenti İsa müəllim də dəyərli çıxışı ilə yadda qaldı. Sitat: “Dil millətin kimliyinin əsasıdır. Reklam bazarında, efir məkanında, dərsliklərimizdə hələ də yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilməkdədir. Düşünürəm ki, burada olan qurumlar, cəmiyyət nümayəndələri bu məsələnin həll yollarını tapıb aradan qaldırmağa borcludur”.

Ondan sonra hamı ana dilimizdə danışmağa başlamışdır. Ancaq bu, çıxış yolu deyildir. Çünki alınma sözlərdən istifadə edib söyüşəndə bəlkə yola vermək olur, ana dilimizə tam keçid şəraitində isə vəziyyət gərginləşibdir. Son günlər ictimai internet məkanında milli söyüşün çoxalması, cərimələr, inzibati həbslər, üzrxahlıq, barışıq, hətta axırda evlənmə hadisələrini müşahidə edirik.

Məsələn, dünən məhkəmə öz həmyerlisinin sifətinə kəllə atan taksi sürücüsünə azadlığın məhdudlaşması cəzası kəsdi. İndən belə həmin sürücü quru yolla sərhədlərimizi keçə bilməz. Zarafat edirəm, əlbəttə, azadlığın məhdudlaşması cəzası əslində çox yayğın, geniş interpretasiya doğuran anlayışdır. Hərənin bir cür azadlığı var. Birinin əlindən oxuduğu kitabı alsan, ürəyi partlayar. Hansısa nazirimiz yemək-içməyə Parisə gedə bilməsə dəli olar. Adam var nərddə uduzanda dəli olur, adam var toyda oynamağa qoymasalar. Bunu tənzimləmək çətindir. Nəsə, çox hüquqi məsələlərə girməyək, tema başqadır.

Taksi sürücüsünün tanışına kəllə atmaq səbəbi tragikomikdir. Sitat: “Ticarət mərkəzinin qarşısında müştəri gözləyərkən həmyerlim yaxınlaşaraq insanların içərisində mənimlə yekə-yekə danışaraq “əlin kişi əlinə dəysin” dedi. Mən o sözün açıqlamasını istəyərkən nalayiq ifadə işlətdi. Əsəbləşərək baş nahiyəsi ilə onun sifət nahiyəsinə bir zərbə vurdum. Bu zaman ətrafdakı insanlar bizi ayırdılar və polis əməkdaşları yaxınlaşaraq bizi polis idarəsinə apardılar”. Sitatın sonu.

Gördüyümüz kimi, cümlədəki bütün sözlər ana dilimizdə imiş, ancaq yenə anlamayıb və qan düşüb. İndi, hesab edək Tərcümə Mərkəzi təzədən bərpa olunub, bizə də bu “əlin kişi əlinə dəysin” cümləsini xarici dilə, akademik İsa müəllimin təbiriylə yazsam, “alınma sözlərdən istifadə edərək” çevirmək lazımdır. Bunu necə etmək olar? Dünyadakı heç bir xalq bunun mənasını, qəzəb doğuran əlaməti başa düşməyəcəkdir.

Tək filoloji aspektdən deyil, həyatın istənilən infrastrukturunda bu kimi hallara rastlaşırıq. Yaxınlarda yol polisi bir video paylaşmışdı. Orda 4-5 zolaqlı sürətli yoldakı avtomobil qəzası təsvir olunurdu. Əlbəttə, qəza hər yerdə olur, ancaq bizim qəzanın əcaibliyi bunda idi ki, yük avtomobilinin sürücüsü qəfildən yerini dəyişib 2-3 zolaq sola keçmək qərarına gəlmişdi. Sanki yolda bunun özündən başqa bir kimsə yox imiş.

Belə kosmik fəzalarda dolaşan adamlardan biri də yüz faiz Qubadakı həmin məşhurlaşmış stadionu qayıran şəxsiyyət olubdur. Yəqin xəbəriniz var, Quba Olimpiya Kompleksinin futbol stadionunun adı dünyada artıq Marakana, Uembli, nə bilim, Santyaqo Bernabeu ilə yanaşı çəkilir. Bir komanda çala-çuxurdan şikayətlənir, başqası meydanın en-uzununun standarta uyğun olmamağından. Hətta hansısa komandanın hücumçusu orda çuxura düşüb itibdir, tapılmır. Ən son ekzotik xəbər isə bir məşqçidən gəlib, deyir orda qapılar 11 santimetr daha hündür idi, dəyişdirdik.

Bax, o stadionu düzəldən vətəndaşımıza nə ad qoyasan? Bəlkə qapını daha geniş açıb ki, oyunçularımız heç olmazsa bu üsulla qol vursun? Yox. Zəhmətkeşlərimizdən belə humanizm gözləmirəm. Adamın ağlı sadəcə elə kəsib. Qapını qoyanda düşünüb ki, beş-on santimetrdən nə olasıdı...

P.S. Maraqlıdır ki, “alınma” sözü Türkiyədə “incimək” anlamında da işlənir. Yəni, dilçilərimiz “alınma sözlər” deyəndə bundan çoxlu mənalar çıxır. Hardasa “əlin kişi əlinə dəysin” cümləsi bütövlükdə alınma cümlə alınır.

Bizə qoşulun