Yaxud uşaqlar məktəbdə niyə ağlaşırlar
Problemlərin köklü şəkildə həll olunması informasiya axınından da aydın görünür, hiss edilir. Məsələn, indi bizdə pensiyaların və maaşların ayın hansı günündə verilməyi əsas xəbər başlıqlarından biridir. İnkişaf bu cür davam eləsə, inşallah, uzağı gələn il Kürdəmirin Şilyan kənd sakini Fatmanisə xalanın hər inəkdən 1000 litr süd sağmağı, yaxud Zəngilanın Ağalı obasında yaşayan Çoban Qara müəllimin 100 qoyundan 120 quzu almasından yazacağıq. Uşaq-muşaqlar bilməz, ancaq biz çox deyil, cəmi-cümü 35-40 il qabaq təxminən belə qəzetlər çıxarırdıq, efir verirdik. “Səhər şehi otların üzərinə qonanda briqadir Akif müəllim yerindən qalxıb tarlaya boylandı”... Bəh-bəh. Gözəl vaxtlar idi. Allah Qorbaçovun evini yıxsın.
Mətbuat Şurası da heç bir problem qalmadığı üçün artıq qida təhlükəsizliyi temasında bəyanatlar verir. Sitat: “Media orqanlarında müxtəlif qidaların zərərli olmasına dair fikirlərin yer alması, mövzuya dair ekspertlərin çıxış və rəylərinə yer verilməsi adiləşib. Qida bazarındakı hansısa məhsulun tamamilə keyfiyyətdən uzaq olduğu barədə bilgilərin yayılması da həmçinin”. Loru dildə desək, idarə yemək-içmək prosesində qayda yaradılmasına tərəfdardır. Yəni jurnalistlərin qələminə təhlükə yoxdur, ancaq qarnına vardır. Atalar demişkən, qarın qələmdən irəlidir. Yazıya pozu yoxdur, ancaq qoz var. Bu yöndə çoxlu ata sözləri bilirəm, hələlik israfçılıq etməyək. İsraf günahdır.
Həqiqətən də, bu işlər tənzimlənməlidir. Yoxsa birdən görürsən hansısa saytda yazıblar: “Limonla sarımsaq yeyin, pomidordan isə uzaq durun”. Başqa portal isə portağalın min bir dərdin dərmanı olduğunu, pomidorun da media ekspertlərinin babasilini sağaltdığını açıqlayır. Biri deyir qazlı sulardan uzaq durun, başqası deyir bizim qazlı suyu içən cənnətə gedir. Kimə inanasan? Vətəndaşlarımız çaşbaş qalır. Belə getsə, biz Biləcəri bələdiyyəsinə üzv seçməkdə də çətinliklərlə üzləşərik. Məzahir müəllimin pensiyaya çıxması haqda xəbərlərin aktuallaşdığı dövrdə bu, xalqımıza lazımdırmı? Heç bir xalqa lazım deyil.
AzTV nəzdində Teleradio Akademiyasının növbəti təlimləri də ekran-efirin bu saat ən zəruri olan probleminə - düzgün nəfəsalmaya həsr edilmişdir. Sitat: “Düzgün və təsirli danışıq üçün nəfəsalmanın düzgün idarə olunması vacibdir. Təlimdə praktik olaraq nəfəsalma texnikaları nümayiş etdirilib. Ağız aparatının, xüsusilə alt çənənin aktiv və sərbəst işləməsinin əhəmiyyəti qeyd olunub”. Nə qədər maraqlı təlim imiş... Kaş məni də çağıraydılar.
Doğrudan da, çənənin aktivliyi önəmlidir. O cümlədən, bəzən biz efirdə tez-tez nəfəs alan, tamaşaçılarda yanlış xəyallar oyadan aparıcılara rast gəlirik. Elə aparıcı da var ümumiyyətlə nəfəs almır. Camaat zənn edir ölübdür. Ölü aparıcı da heç bir xalqa lazım deyil.
Xəbər mühitindəki asudəliyi, xoşbəxtliyi, boşluğu bilmirik nə ilə dolduraq. Keçən ay əsas xəbərlərdən biri Sabunçu rayonunda, Pirşağıda açıq lyukun aşkara çıxarılması idi. Sən demə kim(lər)sə kanalizasiya qapağını əkişdirib, nəticədə avtomobillər zədələnirmiş. Sakinlərdən açıq lyuka düşüb yox olan da vardımı, bunu dəqiqləşdirə bilmədik.
Maraqlıdır ki, Suraxanı rayonunda açıq lyuk aşkar edilməmişdi, ancaq Bakı ŞİH başçısı nədənsə onun icra hakimiyyəti başçısı Adil müəllimə şiddətli töhmət elan etdi. Lyukun ağzı Sabunçuda açıq qalıbsa, niyə töhməti Suraxanıya verdilər? Qəribədir. Heç bir məntiqə sığmır.
Nəhayət, məktəblərimizdə müəllimlərin şagirdlərlə qucaqlaşması, işdən ayrılan müəllimlərin ağlaşma-şivənlə yola salınması növbəti maraqlı trenddir, lakin bunu ayrıca işləmək lazımdır. Hələlik bircə informasiya ilə kifayətlənək: Xaçmazın Yergüc kənd məktəbində ədəbiyyat müəlliməsi Təranə xanımı Nabranın Yalama kənd məktəbinə yola salarkən ağlaşan uşaqların nəticəsində (uşaqların ağlaşması nəticəsində də ola bilərdi, hələlik istintaq gedir) sinif otağının döşəməsi çökmüşdür.
Zamin HACI