Medianews.az
Ardanın vurduğu qolun əsl məsafəsi –
148 baxış

Ardanın vurduğu qolun əsl məsafəsi – 62 metr

İş yoldaşlarım, xüsusilə də “Qalatasaray” azarkeşi olan əməkdaşlarımız şahiddir, Arda Gülər Madrid “Real”ına transfer olunan gündən bəri həmişə deyirəm ki, bu çocuq yaxşı futbolçudur, irəlilərdə çox parlayacaq.

Mən elə deyəndə onlar deyirdilər ki, “Fənəbağça”dan çıxıb, bir şey olası deyil. Bu xüsusda, türkün sözü, çox dartışırdıq. İnsafən, arada Arda parlaq oyun göstərirdi və mən deyirdim, dünən gördünüzmü, Arda neylədi. Sonra elə olurdu ki, Arda sönük oynayırdı, onda da onlar deyirdilər, dünən “Real”ın oyununa baxdınmı...

Bu günlərdə Ardanın uzaq məsafədən vurduğu qolla dünya futbolunun gündəminə gəlməsi çox ləzzət elədi. Adam qürur duyur. Ancaq qolun məsafəsinin metri üzərindəki manipulyasiyalar xoşuma gəlmədi.

Baxıram, bir çoxları yazırlar: “68 metrdən mükəmməl qol”; “70 metrdən fantastik qol”; “Arda 72 metrdən qol vurdu” və s.

Hələ başqa ifadələr də var: “Ardanın qol vurduğu yerdən taksi 15 manata aparır”; “Valideynlər övladını o məsafədən marketə göndərmir” və s.

Hey şişirtmə, eyzən mübaliğə.

Əlbəttə, 5 metr o yana, 5 metr bu yana, bir şey deyil, amma həqiqət hər şeydən üstündür.

Gerçək budur: “Real” klubunun 15 nömrəli yarımmüdafiəçisi Ardanın “Elçe” komandasının qapısına vurduğu qolun real məsafəsi 62 metrdən artıq deyil.

Bunu çox sadə şəkildə, arifmetika ilə sübut etmək olar.

Öncə meydançanın uzununa baxaq. O, yüz metdir. Kimsə 110 olduğunu iddia edəcəksə və belə meydançalar varsa da, “Real” və “Elçe”nin oynadığı meydançanın uzunluğu düz yüz metr olub.

ard-2.JPG (20 KB)

Sonra tünd yaşıl və boz yaşıl çimlərin eninə baxaq. Onların hər biri 5 metr 55 santimdir. (Şəkil 1.)Qapı xəttindən penalti nöqtəsinə qədər cəmi iki tünd-boz yaşıl çim zolağı var. Əgər kimsə çim zolağının 6 metrdən çox olduğunu iddia edəcəksə, o zaman bu, o demək olacaq ki, penaltilər 13 metrdən vurulur. Deməli, o iddia absurddur.

Qapı xəttindən mərkəz xəttə qədər 9 çim zolağı var. 9-u 5,555-ə vuraq. Nə qədər etdi? 49,95. Arada itən millimetrləri də nəzərə alaraq yuvarlaqlaşdırsaq, 50 olur.

Ümumilikdə meydança boyunca 18 çim zolağı var. Bunu da 5.555-ə vuranda 99,99 edir, yəni 100 metr.

İndi Ardanın topa zərbə endirdiyi nöqtəyə baxaq.

ard-1.JPG (18 KB)

 

Bu, mərkəz xəttinə iki çim zolağı qalmış bir yerdir. Yəni Ardanın önündə düz 11 dənə 5,555 metrlik çim zolağı və var. 11-b 5,555-ə vuranda nə qədər edir? 61 metr. Yarım metr və ya bir metr də əlavə edək, olsun 62 metr. Topa zərbə endirildiyi yerdən üzü geriyə - “Real” qapısına qədər isə 7 çim zolağı var. 7-ni də 5.555-ə vuraq. 38.85 edir. İddia olunan qol məsafəsinin (70) üstünə 38,85-i gələndə meydançanın uzunluğu 109 metr olur. Bu da penalti nöqtəsi ilə düz gəlmir.

Cərimə meydançasına isə 3 çim zolağı düşür və qapıdan onun xəttinə qədər 16.5 metdir. Yenə 16,5-i 3-ə bölsək cavab 5.5 metr olacaq.

 ard-3.JPG (22 KB)

Demək, 68, 70, 72 metrlik iddialar əsassızdır. Söhbət qolun 61-62 metrdən vurulmasından gedə bilər.

Bu qeydlərdə Ardanın futbol videoçarxlarına, rekordlardan bəhs edən idman video-almanaxlarına düşəcək qolunu kiçiltmək niyyəti yoxdur, sadəcə, tərifin dozasını aşmamaq, həqiqəti danmamaq tövsiyəsi var.

Bir futbolda deyil, hər işdə beləyik. Bir uğurlu hərəkətə, bir qeyrətli çıxışa görə adamları tərifləyə-tərifləyə dağın başına qaldırır, yerə-göyə sığdırmırıq, daha sonra bir ehtiyatsız sözünə, bir uğursuz jestinəə görə həmin adamı qaldırıb yerə çırpır, yerin dibinə soxuruq.

Məsələn, bu gün varlığı ilə qürur duyduğumuz Arda sabah ya öz klubunda, ya milli komandada avtoqol müəllifi olsa, nə edəcəyik? Heç nə, biz bir söz deməmiş, anadolulu azarkeşlər çocuğu alaşalvar edəcəklər.

Avtoqol da elə şeydir ki, hər bir futbolçunun başına gələ bilər. Necə ki, 1994-cü ildə Kolumbiya millisinin parlaq oyunçusu Andres Eskobar ölkənin ən sevilən futbolçusu olduğu halda bir avtoqolun güdazına getdi - ABŞ-də keçirilən futbol mundialında avtoqol müəllifi olduğuna görə vətəninə qayıdanda öldürüldü. Halbuki ona qədər Eskobarın ləqəbi “Centlmen” (“Alicənab”) idi.

Bəli, futbol dünyası siyasət dünyasından da etibarsızdır. Burada da fikirlər tez-tez dəyişir, dünənki böyük rəğbəti bu gün böyük nifrət əvəzləyir. Futbolda öygü ilə soyğunun arası heç 11 santim də deyil.

Ona görə də heç kəsi nə qədərindən artıq tərifləmək lazımdır, nə də qədərindən az qiymətləndirmək. Hər şeyin ölçü-biçisi var.

Könül istər ki, Arda oynadığı bütün oyunlarda meydançanın hər nöqtəsindən qol vursun, Mbappeni də, Halandı da, hələ Yamalı da kölgədə qoysun.

Samir SARI 

Bizə qoşulun