Tanınmış uelsli yarımmüdafiəçi Aaron Remzi 35 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Bu barədə Uels Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Remzinin karyerasındakı son klubu Meksika təmsilçisi "Pumas" olub. O, 2025-ci ilin iyulundan oktyabrına qədər Meksika klubunda çıxış edib, lakin ciddi diz zədəsi səbəbindən müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Futbolçu ən çox "Arsenal"dakı çıxışı ilə tanınır. O, 2008-2019-cu illərdə London klubunun formasını geyinib. Bundan əlavə, "Kardiff Siti", "Nottingem Forest", "Yuventus", "Reyncers" və "Nitsa" kimi klublarda da oynayıb. 2025-ci ildə isə “Kardiff Siti”də çıxış etməklə yanaşı, komandanın müvəqqəti baş məşqçisi funksiyasını da yerinə yetirib.
2008-2019-cu illər ərzində Uels milli futbol komandasında 86 oyuna çıxan Remzi 21 qol vurub. O, milli komanda ilə birlikdə 2016 və 2020-ci illər Avropa çempionatlarında, həmçinin 2022-ci il dünya çempionatında iştirak edib./publika.az