Avstriyada keçmiş kəşfiyyat əməkdaşı Egisto Ott Rusiyaya casusluq etməkdə təqsirli bilinib.
Medianews.az xəbər verir ki, Vyanada keçirilən məhkəmə prosesində 63 yaşlı Ott 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Onun vəkili qərardan apellyasiya şikayəti verildiyini açıqlayıb.
Məhkəmə müəyyən edib ki, Egisto Ott Rusiya kəşfiyyatına, eləcə də Almaniyanın ödəniş sistemləri şirkəti olan Wirecard-ın qaçaq keçmiş rəhbəri Jan Marsalek-ə məxfi məlumatlar ötürüb.
Ott məhkəmədə ittihamları rədd edib. O, Moskva üçün işləmədiyini, əksinə Qərb kəşfiyyat xidmətlərindən biri ilə bağlı gizli əməliyyat həyata keçirdiyini iddia edib.
Məhkəmə keçmiş kəşfiyyatçını casusluqla yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, dələduzluq və etibardan sui-istifadə maddələri üzrə də təqsirli sayıb.
İstintaq materiallarına əsasən, Ott 2015–2020-ci illərdə polis məlumat bazalarından məxfi informasiya və şəxsi məlumatlar toplayaraq bunları Can Marsalek və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərə ötürüb. İddialara görə, o, bunun müqabilində pul alıb.
İş üzrə diqqət çəkən məqamlardan biri də Avropa İttifaqının təhlükəsiz elektron rabitə üçün istifadə etdiyi xüsusi təhlükəsizlik avadanlığına malik noutbukla bağlı olub. Prokurorluq həmin cihazın Rusiya kəşfiyyatına çatdırıldığını bildirib.
Bundan başqa, Avstriya Daxili İşlər Nazirliyi əməkdaşlarına məxsus xidməti telefonların məlumatlarının da Ott tərəfindən ələ keçirilərək Moskvaya ötürüldüyü iddia edilir.
Prokurorluq Egisto Ottun ideoloji səbəblərdən deyil, maddi maraq və peşə həyatındakı narazılıqlar səbəbindən Rusiya ilə əməkdaşlıq etdiyini bildirib.
Ottun məhkum olunması Avstriyada Rusiya casusluq fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Keçmiş kansler Karl Nehammer daha əvvəl bu işi "demokratiya və milli təhlükəsizlik üçün təhdid” adlandırmışdı.//Qaynarinfo