Azərbaycanın avtomobil bazarında qiymətlərin formalaşması vahid model üzrə deyil, yüksək dərəcədə fərqlənən heterogen struktur əsasında baş verir.
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) tərəfindən nəqliyyat vasitələri bazası əsasında aparılmış son təhlillərdə qeyd olunub.
Bildirilib ki, bazar üzrə orta qiymət 28 361 manat təşkil etsə də, median göstəricinin 18 500 manat səviyyəsində olması yüksək qiymətli avtomobillərin ümumi statistikaya ciddi təsir göstərdiyini ortaya qoyur. Bu fərq bazarda qiymət dispersiyasının yüksək olduğunu, eyni tip nəqliyyat vasitələrinin belə geniş qiymət intervalında təklif edildiyini təsdiqləyir.
Palatadan qeyd edilib ki, avtomobillərin qiymət davranışı yalnız marka ilə müəyyən olunmur. Əsas təsiredici amillər kimi model xüsusiyyətləri, texniki göstəricilər, yürüş məsafəsi və istismar vəziyyəti çıxış edir. Hətta eyni marka daxilində modellər üzrə qiymət fərqlərinin bəzi hallarda müxtəlif markalar arasındakı fərqlərdən daha yüksək olması bazarın struktur baxımından mürəkkəbliyini göstərir və qiymətləndirmə prosesində daha dərin analitik yanaşmanın vacibliyini ön plana çıxarır.
Araşdırmada avtomobillərin köhnəlmə dinamikası da təhlil edilib. Müəyyən olunub ki, dəyər itkisi xətti xarakter daşımır və istismar müddətindən asılı olaraq dəyişir. Belə ki, nəqliyyat vasitələri ilk 1-3 il ərzində dəyərinin təxminən 20-30 %-ini itirir. Sonrakı 3-7 il aralığında bu proses nisbətən stabilləşərək illik 10-15 %, 7-10 il aralığında isə 5-8 % intervalında davam edir. 10-12 ildən sonra köhnəlmə tempi əhəmiyyətli dərəcədə zəifləyir, lakin bu mərhələdən sonra da dəyərin tam sabitləşdiyini söyləmək düzgün hesab olunmur. Bu dövrdə avtomobilin bazar qiyməti daha çox onun texniki vəziyyəti, yürüş göstəricisi, istismar şəraiti və bazardakı likvidliyi ilə müəyyən olunur.
Ayrı-ayrı hallarda, xüsusilə nadir və klassik modellərdə uzunmüddətli dövrdə qiymət artımı da müşahidə edilə bilər. Təhlildə bazar likvidliyinin də qiymət formalaşmasına ciddi təsir etdiyi vurğulanıb. Qeyd olunub ki, aşağı və orta qiymət seqmentində olan avtomobillər daha sürətli satılır və bu seqmentdə qiymətlər nisbətən sabit qalır. Əksinə, yüksək qiymətli və premium avtomobillər üzrə qiymət intervalı genişdir və satış müddəti daha uzun çəkir ki, bu da həmin seqmentdə qiymətləndirmə risklərinin daha yüksək olduğunu göstərir.
Araşdırma çərçivəsində yürüş göstəricisinin qiymətə təsiri də ayrıca qiymətləndirilib. Məlumatlara əsasən, avtomobilin yürüş məsafəsinin artması onun bazar dəyərinə əlavə azaldıcı təsir göstərir. İlkin hesablamalar göstərir ki, hər əlavə 10 min kilometr yürüş artımı avtomobilin qiymətində orta hesabla 3–7 % intervalında diskont yaradır. Bu təsir avtomobilin yaşı və texniki vəziyyətindən asılı olaraq dəyişsə də, ümumi bazar davranışında sabit tendensiya kimi müşahidə olunur.
Nəticədə vurğulanıb ki, avtomobil bazarında sadə orta göstəricilər real vəziyyəti tam əks etdirmir. Bu səbəbdən AQP tərəfindən nəqliyyat indeksinin hesablanmasında median əsaslı, seqmentləşdirilmiş və yaş, yürüş kimi əsas amilləri nəzərə alan metodoloji yanaşmanın tətbiqi zəruri hesab edilir. Bildirilib ki, bu yanaşma qiymətləndiricilər üçün daha dəqiq analitik baza formalaşdırmaqla yanaşı, məhkəmələr, banklar və sığorta şirkətləri üçün də obyektiv və etibarlı istinad mexanizmi rolunu oynaya bilər.//Bakıvaxtı.az