Medianews.az
Azad olunan ərazilərdə
69 baxış

Azad olunan ərazilərdə imtahanlar keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər və Ağdam şəhər və rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Medianews.az xəbər verir ki, imtahanlar Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Laçın şəhəri 2 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində təşkil olunub.

İşğaldan azad olunan ərazilərdə 6 imtahan binasında keçirilən imtahanlarda ümumilikdə 105 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri və 8 zal nəzarətçisi cəlb olunub.

İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Bütün məntəqələrdə imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbində buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

Bizə qoşulun