Martın 10-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərlə bağlı Milli Məclisin təsdiqlədiyi konstitusiya qanununu imzalayıb. Beləliklə, Naxçıvan Konstitusiyasının yenilənməsi məqsədilə başladılan və bir ildən artıqdır davam edən proses yekunlaşıb.
Naxçıvan Konstitusiyasına dəyişikliklər prosesi 2025-ci ilin fevralından Naxçıvanda başlamışdı. Fevralın 20-də muxtar respublikanın Ali Məclisi konstitusiyaya dəyişikliklər layihəsini birinci, mayın 21-də isə ikinci səsvermədə qəbul etmişdi. İkinci səsvermədən sonra layihə təsdiq üçün Milli Məclisə göndərilmişdi. İyunun 21-də Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişikliklər haqqında qanunu birinci, 6 ay sonra - 2026-cı il fevralın 2-də ikinci səsvermədə təsdiqləmişdi.
Martın 10-da dövlət başçısının imzalaması ilə Naxçıvan Konstitusiyasının dəyişdirilməsi prosesi başa çatıb, Milli Məclisin təsdiqlədiyi konstitusiya qanununu qüvvəyə minib.

Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəyli Medianews.az-a açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişiklikləri bir neçə istiqamət üzrə qruplaşdırmaq olar: “Birinci istiqamət konstitusiyanın preambula hissəsində və 1-ci maddəsinə edilən dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklərə görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələrinə istinadlar və muxtar respublikanın müxtəlif dövrlərdə necə adlandırılması haqqında müddəalar çıxarılır. Məhz dəyişikliklərin bu hissəsi cəmiyyətdə daha çox müzakirə olunur və bunu Naxçıvanın muxtariyyətinin ləğvi kimi qiymətləndirilir.
Məsələ bundan ibarətdir ki, adıçəkilən müqavilələrin imzalanmasından əvvəlki illər bölgədə son dərəcə mürəkkəb və qarışıq, gərgin hərbi-siyasi və beynəlxalq şərait mövcud idi. 1918-1920-ci illərdə Naxçıvan vilayəti əvvəlcə İrəvan quberniyasının tərkibində qəza statusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində mübahisəsiz ərazi olub, sonra ayrı-ayrı vaxtlarda qısa müddətə Türkiyənin, Böyük Britaniyanın, ABŞ-nin, daşnak Ermənistanının nəzarəti altında olub. Lakin Naxçıvan əhalisi Azərbaycanla bir yerdə olduğunu bildirərək Xalq Cümhuriyyəti hökumətinə müraciət edib. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Naxçıvanda general-qubernatorluq yaradılıb. Ermənistanın daşnak hökuməti Zəngəzur və Naxçıvan vilayətlərinə iddia edirdi və sovet Rusiyası da ermənilərin bu iddialarını dəstəkləyirdi. Rusiya Sovet Federativ Sosialist Respublikası ilə daşnak, sonra isə sovet Ermənistanı arasında bağlanmış müqavilələrə görə, Zəngəzur və Naxçıvan vilayətləri Ermənistanın ərazisi kimi tanınırdı. Lakin Naxçıvan əhalisinin qəhrəmancasına mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinin və Türkiyənin israrı nəticəsində Naxçıvan Azərbaycanın tərkibində qaldı. 1921-ci ilin əvvəllərində keçirilən rəy sorğusunda Naxçıvan bölgəsi əhalisinin 90 faizindən çoxu Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verdi. Yəni Moskva və Qars müqavilələri imzalanan ərəfədə Naxçıvan Azərbaycanın tərkibində ayrıca ərazi statusunda idi. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın muxtar ərazi statusunda başqa dövlətə güzəştə getməmək şərtilə Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirildi. Sovet hakimiyyəti dövründə Naxçıvanın Ermənistana verilməsi haqqında məsələ bir neçə dəfə qaldırılsa da, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində məsələ ermənilərin istədiyi kimi həll olunmadı, lakin Naxçıvan ərazisinin bir hissəsi müxtəlif vaxtlarda Ermənistana verildi.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlət statusuna malikdir. Yəni Azərbaycan dövləti Naxçıvanın siyasi muxtariyyətin ən yüksək forması statusunu tanıyır və buna təminat verir. Bu baxımdan Moskva və Qars müqavilələrinə istinadın Naxçıvan Konstitusiyasından çıxarılması məsələnin mahiyyətini dəyişdirmir və Naxçıvan muxtariyyətinin ləğvi kimi qiymətləndirilə bilməz.
Digər tərəfdən, beynəlxalq müqavilələr milli qanunvericiliyin tərkib hissəsi olmaqla dövlətin konstitusiyasından üstün hüquqi qüvvəyə malik ola bilməz. Həmçinin konstitusiyada beynəlxalq müqavilələrə istinadlar müasir qanunvericilik texnikasına uyğun deyil”.

Q.Əlibəyli qeyd edib ki, Naxçıvan Konstitusiyasında edilən dəyişikliklərin ikinci istiqaməti hakimiyyətin təşkili ilə bağlıdır: “Bu dəyişikliklərə görə, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi statusu ləğv edilir. Bu vaxta qədər Naxçıvan Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsi hesab edilirdi, həm qanunvericilik, həm də icra hakimiyyəti sahələrində geniş səlahiyyətlərə malik idi. Əslində bu hakimiyyətlər bölgüsü prinsipinə uyğun gəlmirdi.
Naxçıvan Muxtar Respublikasında icra orqanı statusunda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması məsələsi konstitusiya səviyyəsində təsbit olunur. Yəni hazırda mövcud olan səlahiyyətli nümayəndəliyin statusu dəqiqləşdirilir.
Bundan başqa Azərbaycan Konstitusiyasında təsbit olunmuş, lakin Naxçıvan Konstitusiyasında öz əksini tapmamış bəzi müddəalar da (müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Ali Məclisin çağırışının səlahiyyət müddətinin uzadılılması, Ali Məclisin buraxılması və s.) konstitusiyaya daxil edilir, ayrı-ayrı məsələlərin ifadə forması dəqiqləşdirilir və sair”.

Q.Əlibəylinin sözlərinə görə, bütövlükdə bu dəyişikliklər Naxçıvanın idarəetmə sisteminin, o cümlədən icra hakimiyyətinin təşkilində Azərbaycanın mərkəzi hakimiyyətinin rolunu, xüsusən də Prezident institutunun rolunu güçləndirir: “Başqa sözlə, Naxçıvanın müxtariyyət statusu və onun təminatları saxlanılmaqla, səlahiyyət dairəsi nisbətən məhdudlaşdırılır, muxtar respublikada hazırda mövcud olan hakimiyyət və idarəetmə mexanizmləri daha çox Azərbaycanın mərkəzi hakimiyyət sisteminə inteqrasiya edilir. Mahiyyət etibarilə bu, unitar dövlət və siyasi muxtariyyətin müasir konsepsiyasına və modelinə uyğun hesab edilə bilər”.
Toğrul Əli,
Medianews.az