Medianews.az
Azərbaycanda evliliklər niyə azalır? –
286 baxış

Azərbaycanda evliliklər niyə azalır? – Millət vəkili səbəbləri AÇIQLADI

Gənclər arasında evliliyə münasibətin dəyişdiyi müşahidə olunur. Həm qadınlar, həm də kişilər arasında ailə qurmağa marağın əvvəlki illərlə müqayisədə azaldığı deyilir. Rəsmi statistik göstəricilər də bunu qismən təsdiqləyir: nikahların sayı azalır, boşanmaların sayı isə artır. Bəs bu vəziyyət sadəcə insanların həyat tərzindəki dəyişikliklərin nəticəsidir, yoxsa gələcəkdə demoqrafik problemlərə səbəb ola biləcək bir xəbərdarlıq siqnalıdır? Bu istiqamətdə dövlət səviyyəsində hansısa təşviq mexanizmləri və ya sosial proqramların hazırlanması planlaşdırılırmı? Mövzu parlamentdə müzakirə olunubmu?

Bu barədə Medianews.az-a açıqlamasında millət vəkili Razi Nurullayev bildirib ki, son illər Azərbaycanda müşahidə etdiyimiz bir tendensiya var: gənclər arasında evliliyə maraq əvvəlki dövrlərlə müqayisədə azalıb.

Onun sözlərinə görə, bu isə yalnız ölkəmizə xas deyil, ümumiyyətlə, dünyanın bir çox ölkələrində baş verən sosial dəyişikliklərin tərkib hissəsidir. Dünya sürətlə müasirləşir, həyat tərzi dəyişir və gənclərin prioritetləri də fərqli istiqamətlərə yönəlir:

“Bugünkü gənclərin bir hissəsi əlavə ailə yükü götürməkdə tələsmir. Onlar əvvəlcə karyera qurmağa, maddi vəziyyətlərini yaxşılaşdırmağa, şəxsi inkişaflarına və həyatlarını müəyyən səviyyədə sabitləşdirməyə üstünlük verirlər. Burada iş imkanları, sosial vəziyyət, mənzil məsələsi və ümumi dünyagörüşü də mühüm rol oynayır. Xüsusilə böyük şəhərlərdə həyatın bahalaşması və iqtisadi məsuliyyətin artması gənclərin evlilik qərarını daha gec verməsinə səbəb olur.

Digər tərəfdən, sosial şəbəkələrin və qlobal mədəniyyətin təsiri də bu prosesə müəyyən dərəcədə təsir edir. Gənclər daha fərdi həyat tərzinə meyil göstərir, şəxsi azadlıqlarını qorumağa çalışırlar və ailə qurmaq qərarını daha uzun müddət düşünərək qəbul edirlər”.

Millət vəkili qeyd edib ki, rəsmi statistikalarda nikahların sayında azalma və boşanmaların artması müşahidə olunsa da, hazırda hökumət səviyyəsində demoqrafik vəziyyətin kritik həddə çatdığı barədə rəsmi mövqe yoxdur:

“Bu səbəbdən də dövlət tərəfindən xüsusi evlilik təşviqi proqramlarının hazırlanması və ya bu mövzunun geniş dövlət proqramı kimi gündəmə gətirilməsi, zənnimcə hələ ki nəzərdə tutulmayıb. Parlamentdə də bu məsələ geniş şəkildə müzakirə olunan mövzular sırasında deyil. Bununla belə, cəmiyyətdə və sosial mediada bu məsələ getdikcə daha çox müzakirə olunur. Mənim də daxil olduğum bir sıra deputatlar tərəfindən bu tendensiya zaman-zaman diqqətə çatdırılır və gələcək demoqrafik risklərin qarşısını almaq üçün sosial siyasətin müəyyən istiqamətlərdə gücləndirilməsinin vacibliyi qeyd olunur. Çünki ailə institutu cəmiyyətin əsas sütunlarından biridir və bu sahədə baş verən dəyişikliklər uzunmüddətli perspektivdə ölkənin demoqrafik və sosial inkişafına təsir göstərə bilər”.

Oğuz Ayvaz

Medianews.az 

 

 

Bizə qoşulun