Aprelin 27-də Milli Məclis “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif olunan dəyişiklikləri son oxunuşda qəbul edib. Bu, bəzi kütləvi informasiya vasitələrində indən belə bir sıra sahələrdə işə qəbul zamanı vətəndaşların dövlət narkoloji tibb müəssisəsində tibbi yoxlamadan keçməli olacağı, yəni yeni bir qaydanın, tələbin qoyulması kimi təqdim edilir. Halbuki bir sıra sahələrdə işə qəbul zamanı narkoloji müayinədən (tibbi yoxlamadan) keçmək tələbi Azərbaycanda illərdir hökm sürür.
Medianews.az bildirir ki, “Narkoloji xidmət və nəzarət haqqında” qanun Heydər Əliyevin prezidentliyi dövründə, 2001-ci il iyunun 29-da imzalanıb. Qanunun həmin vaxtdan qüvvədə olan 6.7-ci maddəsində deyilir: “Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur”.
2001-ci il sentyabrın 17-də “Narkoloji xidmət və nəzarət haqqında” qanunun tətbiq edilməsi barədə” Prezident fərmanı verilib, 2002-ci il sentyabrın 12-də isə Nazirlər Kabineti “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısının və məhdudiyyət müddətinin təsdiq edilməsi haqqında” qərar qəbul edib.
Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısı belədir:
- Dərman preparatlarının, narkotik vasitələrin, psixotrop maddələrin prekursorların tədqiqatı, istehsalı, qablaşdırılması, tətbiqi, saxlanılması və satışı prosesində iştirak edən idarə, müəssisə və təşkilatlarda bütün növ peşə və vəzifələr.
- Təcili tibbi yardım stansiyalarının həkimləri, tibb müəssisələrində anestezioloq-reanimatoloq, onkoloq və digər bilavasitə narkotik vasitələrdən və psixotrop maddələrin istifadə edilməsi və məsləhət görülməsi ilə əlaqəli olan tibbi vəzifələr.
- Tədris-tərbiyə müəssisələrində bütün növ peşə və vəzifələr.
- Uşaq və yeniyetmələrin sağlamlıq müəssisələrində (mövsümi), məktəbdənkənar müəssisələrdə bütün növ peşə və vəzifələr.
- Məktəbəqədər təhsil müəssisələrində bütün növ peşə və vəzifələr.
- İstehsalatda texniki təhlükəsizliyin təmin edilməsində bütün növ peşə və vəzifələr.
- Xüsusi rabitə şəbəkəsində bütün növ peşə və vəzifələr.
- Hərbiləşdirilmiş mühafizə xidmətlərində bütün növ peşə və vəzifələr.
- Silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına icazəsi olan bütün növ peşə və vəzifələr.
- Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr.
- Bütün müəssisələrdə və banklarda xəzinə müdirləri, xəzinədarlar və nağd pul əməliyyatları ilə məşğul olan mühasib və nəzarətçilər.
- İnkassatorlar.
- Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri.
- Neft-qaz sənayesi müəssisələrində bilavasitə istehsalat prosesi ilə bağlı bütün növ peşə vəzifələr üzrə işçilər.
- 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən növbətçi heyət, həmin elektrik qurğularında sazlama, quraşdırma və yüksək gərginlik altında sınaqlar və iş aparan heyət.
- İqtisadiyyatın bütün sahələri üzrə dispetçerlər.
- Partlayıcı maddələr tətbiq olunan, partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrində məşğul olan bütün növ peşə və vəzifələr.
- Nəqliyyatın bütün növlərini idarə edən işçilər, o cümlədən müəssisədaxili hərəkətlə bilavasitə əlaqədar olan işçilər (avtoyükləyicilərin, elektrokarların sürücüləri, nizamlayıcılar).
Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla (yəni silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına icazəsi olan bütün növ peşə və vəzifələri, müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələri çıxmaqla), digər peşə və vəzifələrdə işləyə bilərlər.
“Narkoloji xidmət və nəzarət haqqında” qanun kimi, Nazirlər Kabinetinin “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısının və məhdudiyyət müddətinin təsdiq edilməsi haqqında” qərarı da 25 ilə yaxındır qüvvədədir.
Yəni Milli Məclisin 2026-cı il aprelin 27-də qəbul etdiyi yeni qanun, yeni qayda deyil, illərdir qüvvədə olan qanun-qaydaya edilən müəyyən düzəlişlər, dəyişikliklərdir. Bu dəyişikliklərlə yeni qayda ortaya çıxmayıb, sadəcə, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna, eləcə də eyni kontekstdə Əmək Məcəlləsinə müəyyən dəqiqləşdirmələr gətirilib, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul prosesində dövlətin qanunla, hökumətin isə qərarla çoxdan qoyduğu çərçivələr Əmək Məcəlləsində cəmləşdirilib. Çünki məcəllənin funksiyası budur: o, müəyyən bir hüquq sahəsində ayrı-ayrı qanunların və digər normativ aktların sistemləşdirilmiş, vahid məntiqi ardıcıllıqla toplanmış daha geniş, əhatəli formasıdır.