Medianews.az
Azərbaycanda mobil rabitə qiymətləri əhalinin gəlirinə uyğundurmu?
168 baxış

Azərbaycanda mobil rabitə qiymətləri əhalinin gəlirinə uyğundurmu?

Azərbaycanda mobil rabitənin qiymətləri əhalinin dolanışıq səviyyəsinə uyğundurmu? Beynəlxalq təcrübə necədir?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında bildirib ki, Azərbaycanda mobil rabitə tariflərinin dolanışıq səviyyəsinə uyğunluğu həm mövcud qiymətlər, həm də vətəndaşın alıcılıq qabiliyyəti baxımından fərqli məqamlarla xarakterizə olunur: “Beynəlxalq standartlara görə, rabitə xərclərinin aylıq gəlirin iki faizini keçməməsi arzuolunandır. Ölkəmizdə orta aylıq gəlir səviyyəsinə malik vətəndaşlar üçün təqdim olunan paketlər bu çərçivəyə uyğun gəlsə də, gəliri yaşayış minimumu səviyyəsində olan şəxslər üçün rabitə xərcləri büdcədə daha çox yer tutur. Bu da rəqəmsal xidmətlərin hər kəs üçün bərabər əlçatanlığını təmin etmək məqsədilə tarif siyasətində sosial həssaslığın nəzərə alınmasının əhəmiyyətini göstərir”.

E.Abbasov qeyd edib ki, beynəlxalq təcrübədə əsas diqqət xidmətin yalnız nominal qiymətinə deyil, həm də ödənilən məbləğ müqabilində təqdim olunan datanın həcminə və keyfiyyətinə yönəlib: “Azərbaycan bir çox qlobal hesabatlarda mobil internetin qiymətinə görə daha əlverişli regionlar sırasında yer alsa da, infrastrukturun yenilənməsi ehtiyacı ilə vətəndaşın ödəmə qabiliyyəti arasında sağlam bir balansın qurulması hədəflənir. Bu baxımdan, yüksəksürətli texnologiyaların tətbiqi zamanı hər bir vahid məlumat üçün düşən xərcin optimallaşdırılması həm provayderlərin inkişafına şərait yarada, həm də əhalinin müxtəlif təbəqələri üçün xidmətləri daha məqbul edə bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun