Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.
Medianews.az Lent.az-a istinadən bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır.
Mahiyyəti nədir?
Alimlərin izahına görə, nəfəsi adi haldan təxminən 3 dəfə sürətli etmək etanolun orqanizmdən çıxarılmasını sürətləndirə bilər. Bunun səbəbi odur ki, alkoqolun bir hissəsi nəfəs vasitəsilə də xaric olunur və sürətli nəfəs bu prosesi gücləndirir. Bu üsul tam təhlükəsiz hesab olunmur.
Mütəxəssislər qeyd edir ki, başgicəllənmə, əl-ayaqda keyimə, hətta huşun itirilməsi kimi yan təsirlər yarana bilər.
Ona görə də nəfəsi sürətləndirməyi ehtiyatla etmək lazımdır:
dərin və sürətli nəfəs alın
başınız gicəllənərsə dərhal dayanın
qısa fasilələr verin
Xüsusi cihaz da hazırlanıb
Tədqiqatın rəhbəri Cozef Fişer bildirib ki, bu prosesi asanlaşdırmaq üçün sıxılmış karbon qazı ilə işləyən sadə bir cihaz hazırlanıb. Bu cihaz maska və borular vasitəsilə nəfəs prosesini tənzimləyir və ağır alkoqol zəhərlənməsi hallarında da istifadə oluna bilər.
Bu üsul alkoqolun təsirini müəyyən qədər azaltmağa kömək edə bilər, lakin tam “təmizləmə” kimi qəbul edilməməlidir. Ən təhlükəsiz yanaşma həmişə ölçülü içki qəbul etmək və orqanizmin təbii şəkildə bərpasına imkan verməkdir.