Medianews.az
Bəhlul Mustafazadəyə Asiyadan başqa təkliflər də var
93 baxış

Bəhlul Mustafazadəyə Asiyadan başqa təkliflər də var

"Bəhlulla danışdım, dedi ki, onlar indi klubun düşərgəsinə qatılmasını tələb ediblər. Çempionat martda başlasa da, hazırlıq mərhələsinə qatılması və transfer pəncərəsinin bağlanması səbəbindən bu addımı atıblar. 2+1 illik müqavilə təklif olunub. Lakin Bəhlul son anda imtina edib".

Medianews.az xəbər verir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib.

O, "Qarabağ"ın 29 yaşlı müdafiəçisinin Çinin "Şençjen Penq Siti" klubuna transferinin baş tutmamasına aydınlıq gətirib. Ələmdar bəyin sözlərinə görə, qərar futbolçunun özü tərəfindən verilib və klubun təsiri olmayıb:

"Deyib ki, komandanın qarşıda iki vacib oyunu və sıx qrafiki var. Bu şəraitdə, çətin vəziyyətdə "Qarabağ"ı tərk etmək istəməyib. Qarşı tərəf isə "indi gəlsin" deyib. Nəticədə Bəhlul özü "Qarabağ"da qalmaq qərarını verib".

Mustafayev Çindən başqa təkliflərin də olduğunu bildirib:

"Digər klublardan da müraciətlər vardı. Asiyadansa Avropaya getməsini daha məqsədəuyğun hesab edirəm. Çünki futbolun mərkəzi oradır. Amma elə klub olmalıdır ki, avrokuboklarda mübarizə aparsın. Bu imkanı əvvəllər də olub, lakin yararlanmamışdı. "Qarabağ" da onun getməsini istəməyib. Qərarına hörmət edirəm, amma qalmasını istəyirdim".

Bizə qoşulun