Medianews.az
Holann qol vuranda yer titrəyirmiş:
199 baxış

Holann qol vuranda yer titrəyirmiş: zəlzələ aparatları qeydə alıb

28 illik fasilədən sonra dünya futbol çempionatına qayıdan Norveç milli komandası bu həftə DÇ-2026-nın qrup mərhələsi çərçivəsində İraq yığması ilə qarşılaşıb.

Çempionata ev sahibliyi edən ölkələrdən ABŞ-nin Boston şəhərində təşkil olunan oyun Norveçin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qollardan ikisini Norveç millisinin ulduz hücumçusu Erlinq Holann vurub.

Medianews.az-ın məlumatına görə, Norveçdə zəlzələlərin və nüvə partlayışlarının monitorinqi ilə məşğul olan qurum – NORSAR bəyan edib ki, Erlinq Holann hər dəfə qol vuranda Bergen şəhərində yer sözün əsl mənasında titrəyirmiş.

Norveç-İraq oyunu Bostonda yerli vaxtla iyunun 16-sı saat 18:00-da başlayıb. Norveçdə həmin vaxt saat 24:00 olub. İlk qolu 29-cu dəqiqədə, yəni Norveç vaxtıyla iyunun 18-nə keçən gecə Hollan vurub. On dəqiqə sonra İraq millisi hesabı bərabərləşdirib. Lakin 43-cü dəqiqədə Hollanın vurduğu növbəti qolla Norveç yenidən irəli çıxıb. Qarşılaşmanın ikinci hissəsində İraq qapısından keçən daha iki qol sayəsində (birini Leo Estiqor künc zərbəsindən sonra başla vurub, digəri isə avtoqol olub) oyun Norveçin qəti qələbəsi ilə yekunlaşıb.

Matç gecəyə düşsə də, bu, Norveçin qərb sahilindəki Vestland qraflığının Bergen şəhərində minlərlə azarkeşin oyunu izləməsinə mane olmayıb.

NORSAR-ın məlumatına görə, xüsusilə Erlinq Holannın qol vurduğu anlarda azarkeşlər o qədər sevinclə atılıb-düşürmüşlər ki, seysmik avadanlıqlar yerdə titrəyişlər qeydə alırmış. Sonradan NORSAR-ın mütəxəssisləri qeydə alınan siqnalların Holannın qol vurduğu anlarla üst-üstə düşdüyünü biləndə titrəyişlərin yeraltı yox, yerüstü amillə bağlı olduğunu, yəni bunun zəlzələ olmadığını anlayıblar.

Norveç yığması dünya çempionatında növbəti mübarizəni iyunun 23-ü Seneqal millisinə qarşı aparacaq.

Norveç millisi bundan əvvəl dünya futbol çempionatında 1998-ci ildə iştirak edib. Həmin mundialda qrup mərhələsinin son oyununda Braziliya yığmasını 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksələ bilib. Lakin 1/8 finalda İtaliyaya 0:1 hesabı ilə məğlub olaraq çempionatı tərk edib.

Erlinq Holann həmin çempionatdan iki il sonra – 2000-ci ildə İngiltərənin Lids şəhərində futbolçu ailəsində doğulub. Onun atası vaxtilə Norveç millisində və İngiltərə Premyer Liqasında çıxış edib.

Erlinq Holann peşəkar karyerasına Norveçin “Brüne” klubunda başlayıb. Daha sonra Norveçin “Molde”, Avstriyanın “Red Bull Zaltsburq” və Almaniyanın “Borussiya Dortmund” komandalarında oynayıb.

2022-ci ildə İngiltərənin “Mançester Siti” klubuna transfer olunan hücumçu qısa müddətdə dünyanın məşhur futbolçularından birinə çevrilib.

Hazırda Erlinq Holann Norveç millisinin və “Mançester Siti” klubunun hücumçusudur.

Medianews.az

Bizə qoşulun