Dünya bazarında nöyütün qiyməti qalxıb olub 120 dollar. Bizim dövlət büdcəsində isə onun qiyməti 60 dollardan nəzərdə tutulmuşdu, məntiqlə, hazırda büdcə vəsaitlərimiz ikiqat artmaqdadır. Deməli pensiya, təqaüd, maaş, uşaq pulu, aliment, ünvanlı yardım, ünvansız korrupsiya və sairə iki dəfə çoxalacaqdır, pulumuzu qoymağa yer tapmayacağıq, bolluqdan camaatın yarısı partlamaya düşəcəkdir.
Əlbəttə, zarafat edirəm, bizim dövlət büdcəsində, nöyüt və qazın pulunda gözümüz yoxdur. Maşallah, hamımız dindar adamlarıq, bilirik ki, dünya malı dünyada qalır. Hamı lüt doğulur, lüt də ölür. Türkiyədə bir varlı kişi öləndə vəsiyyət eləyibmiş ki, onu corabda basdırsınlar, molla qoymayıb, deyib dini adətlərimiz vardır. Ondan sonra kişinin əsas vəsiyyətini açıqlayıblar, görüblər orda yazılıbdır: “Mən özümlə bir corab da apara bilmədim, lakin hesabdakı milyardı oğluma verərsiniz, corab biznesini genişləndirsin”. Həqiqətən ondan sonra corab satışları artıbdır. Sən demə rəhmətlik fabriki reklam eləyirmiş.
Yeri gəlmişkən, İranda bir hamam var, qədimdə nə təhər tikiblərsə cəmi 1 ədəd şamla isinir. Həmin şam suyu qızdırmağa, kisə çəkməyə, vanna qəbuluna, masaja və sairəyə çatır, hələ enerjisindən artıq da qalır, Mazandaran vilayətinə işıq verirlər. İndi cuhudlar və Əmirkə neçə vaxtdır bomba yağdırır, lakin həmin şamı söndürə bilmirlər.
Şübhəsiz, burda böyük hikmət var – qananlar üçün. Qayıdaq büdcə mövzusuna, yoxsa bir az da söhbət uzansa köşə yazarlarının dini lideri elan olunaram.
Əslində bizim ən böyük arzumuz neft-qaz qiymətlərindən ikiqat qazanc və ətli qazança əldə etmək yox, ikiqat ziyandan uzaq durmaqdır. Biz qorxuruq ki, dünya bazarında neftin qiyməti qalxanda şanlı hökumətimiz maşın cəriməsi, qazpulu, supulu, işıqpulu, nə bilim, dayanacaq qiymətləri, kredit borcu və sairəni də qaldırar. Bunun üçün hər cür şərait və əlamətlər vardır.
Məsələn, artıq dükanda bəzi xiyar-bamaduru 6-7 manatdan satırlar. Yəqin Hörmüz boğazı bağlı qaldığı üçün xiyar tankerləri dünya bazarına çətinliklə çıxır. Başqa variant ola bilməz. Vatsapda qahımlar tik-tokun yutubdan link atdığı video paylaşmışdılar, özüm gözümlə gördüm, xain yankilər Hind okeanında pomidor daşıyan gəmini batırdılar. Bütün okean qıpqırmızı idi, Allah göstərməsin.
Hörmüz boğazı zərdüştilik dinində əsas, baş tanrı olan Hörmüzd-ün, başqa adla yazsaq, Ahuramazda müəllimin adından götürülmüşdür. Yəni, guya Hörmüz xeyirxahlıq yayır. Hazırda isə Hörmüzdən ancaq Çin gəmiləri keçə bilirmiş. Çinlilərin daosizm təlimində dao anlayışının yolu bildirdiyini nəzərə alsaq, şübhəsiz, burda da hikmət vardır. Ancaq nə hikmətdir, hələlik onun sirrini öyrənməyə çalışıram.
İnşallah, Novruz bayramınacan bölgədə sakitlik olar, İsrail və İran tonqal qalayıb üstündən tullanar, qardaş olarlar. Düşmənçilik nəyə lazımdır? Yəqin o zaman pomidorun barreli də ucuzlaşar.
Yazını isə bir maraqlı pritça ilə bitirək, xalqımızın günü xoş keçsin.
İŞİD-in qızğın vaxtında bir aslan və dovşan ərazidən qaçmağa, Avropaya mühacirət eləməyə çalışır, maşınla gedirlər, görürlər qabaqda İŞİD-in blok-postu var. Dovşan deyir vəziyyət xarabdır, bizi öldürəcəklər, aslan deyir narahat olma, bunlar ancaq şiələri öldürür. Dovşan deyir: “Hə, doğrudur, mən bəlkə sağ qaldım, amma sən kəlmeyi-şəhadəti oxu”. Aslan təəccüblənir: “Mən niyə?”. Dovşan deyir: “Nə bilim, sənin imamlarla şəkillərin hər yerdə yayılıb”.
Zamin HACI