Bir köhnə sovet lətifəsi var, informasiyanın uğursuz şəkildə ört-basdır edilməsi cəhdindən bəhs edir. Sözü çox uzatmadan, qısa şəkildə o lətifəni yazım, sonra mətləb üstünə gələrəm.
Brejnevin dövründə ölkədə nə baş verirmişsə, dərhal əks-sədası “Amerikanın səsi” radiosundan gəlirmiş. Hətta ölkə rəhbərliyi siyasi büroda bir qərar qəbul edib dəhlizə çıxarkən eşidirmişlər ki, bay, “Amerikanın səsi” artıq bu barədə danışır. Rəhbərlər yığışır, müzakirə aparır, axırda bu rəyə gəlirlər, aramızda xaricə xəbər sızdıran məlunlar var, indən belə heç kəs nə iclas zalını tərk edəcək, nə də kimsə zala girəcək. Razılaşırlar. Növbəti iclasın gedişində Brejnevi bərk qarınağrısı tutur. Yaşlı adamın özünü batırmaq-bəzəmək təhlükəsi yaranır. Elə bu dəm rəhbərin köməkçiləri əllərində aftafa-ləyən içəri girirlər. Brejnev soruşur ki, nə bildiniz belə bir vəziyyət yaranıb. Baş köməkçi deyir, “Amerikanın səsi” xəbər verdi.
Lətifənin yumoru öz yerində, mənası odur ki, informasiyanı sıxıb-saxlamaq mümkün deyil, maye qaz (və ya bağırsaq qazı) kimi şeydir, iynə ucu boyda yer tapıb çıxacaq, ondan sonra gəl onun exo-qoxusuna döz görüm.
O gün Maştağadakı adı bəlli dispanserdən xəstələrin qaçması ilə bağlı belə durum yaranmışdı. Əvvəl-əvvəl dedilər, heç bir insident baş verməmişdir, heç nə olmamışdır. “Məmişdir” felinin sədası çəkilməmiş şayiələr sosial şəbəkələri bürüdü. Hələ “bürüdü” durumu tam izah edən fel deyil, şayiələr sosial platformalarda əməllicə süpürləşməyə başladılar. Bir şayiə beləydi ki, dispanserdə qiyam olub, xəstələr həkimləri girov götürüblər, nəzarətçiləri öldürüblər, qaçıb qəsəbəyə dağılışıblar. Başqa bir şayiədə qiyamçıların başçısının Əhməd olduğu və gənc qatilin qabağına çıxanı yorta-yorta getdiyindən bəhs edilirdi.
Doğrusu, Əhmədlə bağlı şayiə bir az artıq həyəcan doğurmuşdu. Çünki qədirbilən ictimaiyyət Əhmədin əl qabiliyyətindən xəbərdardır, 5 əzizini həyatdan məhrum edən adamın əlində yadları qırıb-çatmaq nə çətin şeydir. (Hərçənd belə adamların yadlarla işi olmur, eləcə, yaxın əqrəbaları ilə işləyirlər – bu, qohumbazlığın bir növüdür).
Xüləseyi-kəlam, şayiələrin ortalıqda soncuqladığı vaxtda əndişələnən dost-tanışlardan bəziləri “jurnalistlər bilər” qənaəti ilə həmkarlarımıza zəng ediblər, onlar da belə cavab verib ki, vallah, əlimizdə dəqiq informasiya yoxdur, amma nəsə olub, od olmasa... bu boyda şey qazanı qaynamaz. Onda zəng edənlər deyiblər ki, eybi yox, görək, axşam xaricdəki bloqerlər nə deyəcəklər.
Bu, nə deməkdir, bilirsinizmi? Bu, o deməkdir ki, əlaqədar və qeyri-əlaqədar qurumların mətbuat xidmətləri öz fəaliyyətsizlikləri və real informasiyanı ictimaiyyətdən gizlətmələri ilə ölkə mediasını xaricdəki bloqerlərin ayağına veriblər, bununla da düşmən dəyirmanını intensiv su axını ilə təmin edirlər. Xalq artıq real informasiyanı “Amerikanın səsi” ilə yanaşı, Almaniyanın, Fransanın qanadının altında olanların səsindən gözləyir. Onlar da nə dərəcədə doğru xəbər verirlər, bir özləri, bir də gerçəyi xalqdan gizlədənlər bilir.
Bəlkə də Brejnevin vaxtında belə şeylər mümkün idi, nə də olmasa, telekommunikasiya vasitələri bu qədər inkişaf etməmişdi, xaricə gedən-gələn, məktub yazan, səfirliklərdə əlaqələri olan, hər kəs bəlliydi. İndi hər gün yüz minlərlə insan xaricdəki qohum-əqrəbasıyla görüntülü danışır, nəyi gizlətmək olar? Bu soyuq zindan haqqı, şifrəylə, kodlarla elə xəbər ötürərlər ki, heç bir xüsusi xidmətin ruhu da duymaz.
Baxın, dünyada Şimali Koreyadan daha qapalı ölkə yoxdur, xalq internet nədir, telefonla xariclə danışmaq nə deməkdir, bilmir. Amma Cənubi Koreyanın kəşfiyyat və mətbuat orqanları vaxtaşırı xəbər verirlər ki, Pxenyanda filan işlər olub. Kim Çen Inın qəzəbinə gəlmiş generalın topun lüləsinin ağzına bağlanması xəbərini ŞKDR-nin mərkəzi xəbər agentliyi yaymamışdı, Cənubi Koreyanın “Yonhap” agentliyi yaymışdı. Hardan bilmişdi? Ola bilər, ona da “Amerikanın səsi” xəbər vermişdi.
Deyəsən, mətləbdən çox uzaqlaşdıq, Maştağadan danışdığımız yerdə getdik çıxdıq Seula, Pxenyana.
Şükür, indi deyirlər, Maştağa dispanserində vəziyyət nəzarət altındadlr, yazıq Əhmədin baş verənlərlə heç bir əlaqəsi yoxmuş. Cəsur və duyarlı ictimaiyyətimiz narahat olmaya bilər.
Amma bunu olaylar baş verən ilk saatlarda etmək lazımdır ki, xəlayiq xaricdəki bloqerlərdən, “Amerikanın səsi”ndən xəbər gözləməsin.
Bəziləri deyirlər ki, bunu ona görə edirlər ki, xalq həyəcanlanmasın.
Elə əsas sual da budur ki, xalq həyəcanlanıb nə edəcək ki?
**
Dünya köhnə dünyadır, “Amerikanın səsi” radiosunun büdcəsi isə artıq 267,5 milyon dollarıdır.
Samir SARI