Bosniya və Herseqovinada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
"Report"un Balkan bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən ilk olaraq fevralın 25-də paytaxt Sarayevodan 40 kilometr məsafədə yerləşən və qədim tarixə malik olan Fonitsa şəhərindəki XVII əsrə aid türk məscidində 100 nəfərlik iftar süfrəsi təşkil edilib.
Bildirilib ki, builki Ramazan bayramı Xocalı soyqırımının ildönümünə təsadüf etdiyi üçün iftar məclisi Xocalı şəhidlərinin xatirəsinə həsr olunub.
Fevralın 26-da isə Sarayevonun mərkəzində yerləşən Azərbaycan-Bosniya Dostluq parkında "Xocalı və Serebrenitsa anaları" abidəsi ziyarət edilib və abidənin önünə əklil qoyulub.
Bu ziyarətə Azərbaycan səfirliyi ilə yanaşı, Türkiyə səfirliyinin əməkdaşları da tam tərkibdə qatılıblar, həmçinin Azərbaycan və Türkiyə icmasının nümayəndələri də iştirak ediblər.
Axşam isə Sultan məscidində şəhidlərin ruhuna dualar oxunacaq.


