Medianews.az
“Böyük İsrail” planı gerçəkdən
74 baxış

“Böyük İsrail” planı gerçəkdən varmı?

Bu fikri populyarlaşdıran adam Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan olub. Məhz o, 1992-ci ildə ABŞ-nin və İsrailin gizli “Böyük İsrail planı” olduğunu bildirib. Ərbakanın həmin çıxışının videosu da var.

O zamandan bəri bu video milyon dəfələrlə tirajlanıb. Artıq milyonlarla müsəlman səmimi qəlbdən inanır ki, belə bir plan həqiqətən də mövcuddur və hazırda Yaxın Şərqdə baş verən hadisələr, gedən proseslər həmin planın gerçəkləşdirləməsi prosesinin tərkib hissəsidir.

Nəcməddin Ərbəkan savadlı, geniş dünyagörüşə malik, əngin siyasi təcrübəsi olan adam idi. Eyni zamanda o, islamçıydı və dini siyasətə alət etmək kimi neqativ siyasi xətdən vaz keçmirdi. N.Ərbakan və onun ardıclıları bu sayədə böyük siyasi divident əldə etmiş, hətta 1996-cı ildə keçirilən seçkilərdə seçki birincisi olaraq hökumət kabineti formalaşdırmaq hüququ qazanmışdılar.

Ərbakanın nə dərəcədə dürüst düşüncəli, demokrat və obyektiv biri olduğuna bələd olmaq üçün onun 1994-cü ildə Bingöldə xalq qarşısında etdiyi çıxışdan bir fraqmentə diqqət yetirmək kifayət edir. Ərbakan demişdi: “Allahın iradəsi ilə əzab dövrü bitdi. Zülm bitdi; Türkiyədə Rusiyadan daha böyük bir inqilab baş verdi. Rusiyada kommunizm çökdüyü kimi, Türkiyədə də Qərb təqlidi və kafirlərə itaətkarlıq çökdü. İndi bu ölkədə 12 partiya yoxdur. Yalnız 2 partiya var - haqq və batil. “Rifah” istisna olmaqla, hamısı batildir. Hamısı tək bir partiya hesab olunur. Onlar kafirlərin xidmətçiləridir”.

Yəni bu şəxs siyasətə din prizmasından yanaşır, öz partiyasından başqa siyasi arenada olan siyasi qüvvələrin hamısını haqsız, batil, “kafir uşağı” hesab edirdi. 1997-ci ildə ordunun təzyiqi ilə istefa verməyə məcbur olmasa və bir az da güclənsə, o, Türkiyənin Xomeynisinə çevriləcək, o biri “kafir” partiyaları qapadacaqdı.

Ərbakanın İsrailə yanaşması da təxminən Xomeyninin yanaşması kimiydi, dini düşmənçilik, absolyut inkarçılıq motivi açıq-aşkar idi.

Bəs “Böyük İsrail planı” həqiqətən də mövcuddurmu?

Bu məsələyə terminləri dəqiqləşdirərək baxaq. “Böyük” deyərkən nə nəzərdə tutulur? İsrailin hərbi və iqtisadi baxımdan qüdrətli dövlət olmasımı, yoxsa onun klassik imperiyalar kimi sərhədlərini genişləndirməsi, yan-yörəsindəki ölkələri əsarət altına almasımı?

Belə anlaşılır ki, “Böyük İsrail” planından danışanlar ikincini nəzərdə tuturlar.

İsrail dövləti 1947-ci ildə təsis olunduğundan bəri bu dövləti idarə edənlərin hamısının yalnız bir amalı olub, nə etsinlər, necə etsinlər, İsrail güclü, qüdrətli olsun və “ərəb okeanı”ndakı tənha ada olaraq məhvedici sunamiyə məruz qalmasın. Bu üzdən də yəhudilər həmişə dürüst seçki keçiriblər, qurucu liderləri (David Ben Qurion, Qolda Meir, Şimon Peres, İshaq Rabin və b.) asketik həyat yaşayıb, korrupsiyadan uzaq olublar, monarxiya quruluşunu yaxın qoymayıblar, dövlət vəzifələrini öz klanlarının üzvlərinə paylamayıblar, daha səriştəli, bacarıqlı və dürüst olanlara veriblər, təhsilə, səhiyyəyə ciddi diqqət yetiriblər, daima elmi-texniki tərəqqiyə can atıblar və s.

Nəticə göz qabağındadır. Cəmi 20 770 kvadrat kilometr quru ərazisi (dünyada 148-ci) olan İsrail dünyanın ən qüdrətli dövlətlərindən biridir, nüvə silahı da var, ballistik raketləri də, hər cür müasir cihaz və avadanlıqları da. Daxili və xarici kəşfiyyatının gücünü isə dünyada bilməyən qalmayıb artıq.

Ancaq bu dövlətin ərazicə “böyük dövlət” olmaq perspektivi sıfırdır. İsrail necə böyüyə bilər? Bir tərəfi Aralıq dənizidir, qonşuları cənubdan Misir, şərqdən İordaniya, şimal-şərqdən Suriya, şimaldan Livandır. İsrail vaxtilə işğal etdiyi Sinay yarımadasını sonradan Misirə qaytarmalı oldu və onunla sülh əldə etdi.

İsrail Suriyanın Colan təpələrini neçə onilliklərdir işğal altında saxlayır və geri vermək fikri yoxdur. Bu torpaqlar İsrail və Suriya arasındakı “nifaq alması”dır və İsrail Colan üzərində yurisdiksiya təmin edə, onu öz legitim ərazisinə çevirə bilmir.

Onsuz da kiçik dövlət olan Livan da İsraillə düşmənçilik münasibətindədir və nəinki onun əyaləti olmaq istəyər, heç ona 2 sot torpaq da verməz.

Bəlkə İordaniya İsrailə torpaq verər və ya onun yurisdiksiyasına keçər? Əsla! Bu dövlətlərin İsrail tərəfindən işğal olunması mümkün deyil. Əksinə, İordan çayının qərb sahili və Qəzza sektoru əvvəl-axır müstəqil dövlət olaraq İsraildən ayrılacaq (daha dəqiqi, onların ayrılması rəsmən təsdiqlənəcək) və bu dövlətin ərazisi daha da kiçiləcək.

Ona görə də “İsrail Yaxın Şərqi tamamilə işğal etmək, böyük dövlət qurmaq istəyir” isterikasının əsası yoxdur. Yaxın Şərqdə İsrailin işğal edib özündə saxlaya biləcəyi ərazi gorunmur. İsrailin ərazisi bundan artıq böyüyə bilməz. 80 ildir bir fələstinlilərlə baş edə bilmir, xroniki savaş rejimində yaşayır. 10 milyonluq İsrail yarım milyardlıq ərəb, türk, fars xalqlarına hökmran ola bilməz.

Söhbət yalnız İsrailin qüdrətli dövlət olmasından gedə bilər ki, yəhudilər buna çoxdan nail olublar. İndi onlara lazım olan odur ki, bölgədə baş-qulağı dinc yaşasınlar, heç kəs onları Yer üzündən silməklə, dövlətçiliklərinə son qoymaqla hədələməsin, qonşularla ticarət əlaqələri genişlənsin və s.

Netanyahu administrasiyasının Qəzzada törətdiyi hərbi cinayətlərə gəlincə, bu, acı bir gerçəkdir və buna görə o və komandasının yetkili üzvləri Haaqa məhkəməsində cavab verməlidir. İsrailin Yaxln Şərqdə mövcud olmaq haqqı (yəhudilər qədim vaxtlardan bu ərazilərdə yaşayıblar) olduğu kimi, 40 min sakini (üçdə ikisi mülki əhali) öldürülmüş Qəzza xalqının da o torpaqlarda yaşamaq haqqı var.

Xalid KAZIMLI

Bizə qoşulun