Bu gün İrana çox ağır zərbə endiriləcək.
Medianews.az Trend-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” hesabında yazıb.
O bildirib ki, İranın pis davranışı səbəbindən indiyə qədər hədəfə alınmayan ərazilərin tam dağıntısı və insan qruplarının ölümü ciddi şəkildə nəzərdən keçirilir.
“Pis vəziyyətdə olan İran Yaxın Şərq qonşularından üzr istəyib və artıq onlara atəş açmayacağına söz verib. Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumu səbəbindən verilib", - deyə ABŞ lideri əlavə edib.
Trampın sözlərinə görə, İran Yaxın Şərqi ələ keçirmək və idarə etmək istəyir:
“İlk dəfədir İran min illər ərzində ətraf Yaxın Şərq ölkələrinə uduzur. İran artıq Yaxın Şərqin əzazili deyil, əksinə, məğlubudur və təslim olana və ya daha çox ehtimal ki, tamamilə dağılana qədər onilliklər boyu belə qalacaq".
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.