Medianews.az
Bu ölkədə həyat məmnuniyyəti artıb:
74 baxış

Bu ölkədə həyat məmnuniyyəti artıb: Evli şəxslər daha xoşbəxtdir

Türkiyənin Statistika Mərkəzi (TÜİK) 2025-ci il üzrə “Həyat məmnuniyyəti araşdırması”nın nəticələrini açıqlayıb.

Medianews.az xəbər verir ki, məlumata görə, ölkədə xoşbəxtlik səviyyəsi artıb.

18 yaşdan yuxarı əhali arasında xoşbəxt olduğunu bildirənlərin payı 2024-cü ildə 49,6 faiz olduğu halda, 2025-ci ildə 53,3 faizə yüksəlib. Özünü xoşbəxt hesab etməyənlərin nisbəti isə 13 faizə enib.

Araşdırmaya əsasən, qadınlar (55,1 faiz) kişilərlə (51,4 faiz) müqayisədə daha xoşbəxtdir. Evli şəxslər arasında xoşbəxtlik göstəricisi 56,9 faiz olduğu halda, subaylarda bu rəqəm 46,6 faizdir. Evli qadınların 59,6 faizi, evli kişilərin isə 54,2 faizi özünü xoşbəxt sayır.

Yaş qrupları üzrə ən yüksək göstərici 55–64 yaş aralığında (54,6 faiz) qeydə alınıb.

Respondentlərin 69 faizi xoşbəxtliyinin əsas mənbəyi kimi ailəsini göstərib. Əsas amillər sırasında sağlamlıq (64,9 faiz) birinci yerdədir. Sevgi (14,7 faiz), uğur (9,8 faiz), maddi təminat (7,7 faiz) və iş (2,7 faiz) digər göstəricilərdir.

Dövlət xidmətləri üzrə ən yüksək məmnunluq səviyyəsi asayiş xidmətlərində (74,1 faiz) qeydə alınıb. Nəqliyyat (71,3 faiz) və səhiyyə (69,4 faiz) növbəti yerlərdə qərarlaşıb.

Sorğunun nəticələrinə görə, 2025-ci ildə ölkənin ən mühüm problemi kimi həyat bahalılığı (31,3 faiz) göstərilib. Yoxsulluq (16,5 faiz) və təhsil sahəsindəki problemlər (16,1 faiz) isə sonrakı sıralarda yer alıb.

Medianews.az

Bizə qoşulun