Elşad Miri: “Bürclərə inanmaq boş və mənasız işlərdir”
Bürclər və astrologiyaya inanmaq məsələsi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biridir. Bəzi ilahiyyatçılar hesab edirlər ki, bu cür inanclar dini baxımdan doğru deyil və insanı yanlış düşüncələrə yönləndirə bilər. Dini baxımdan bürclərə inanmaq nə dərəcədə qəbul edilir və bu, insanın imanına necə təsir göstərə bilər? Bürclərə etibar etmək insanın taleyə və qəzavü-qədərə baxışını dəyişdirirmi?
Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Medianews.az-a açıqlamasında deyib ki, İslamda əsas məsələ sadəcə inanmaq deyil, bilməkdir.

Onun sözlərinə görə, insan yalnız bildiyi şeyə güvənir və ona əsaslanaraq inanır:
“Bilmədən inanmaq isə insanı xurafat və mövhumata apara bilər. Ona görə də bürclərə inanmaq boş və mənasız işlərdir. Ulduzların və planetlərin düzülüşünün insanların həyatına təsir etdiyini düşünmək yanlış və absurddur. Elm adamları heç vaxt bürclərlə bağlı proqnoz vermir və onların dinə də aidiyyəti yoxdur. Bu cür inanclar insanı səhv istiqamətə sürükləyir. Allaha inanan insan belə şeylərə baş qoşmaz”.
İlahiyyatçı Əkrəm Həsənov da mövzu ilə bağlı saytımıza geniş fikirlər bildirib.

“Əslində bürclər dəqiq elm sayılmır və həqiqəti əks etdirmir. Bürclərlə bağlı deyilənlər elmi həqiqəti əks etdirmir. Düzdür, bu gün cəmiyyətdə geniş şəkildə bürclərə etibar edilir, bəzi şəxslər demək olar ki, bürclərdə deyilən proqnozlarla hərəkət edərək bunun doğru olduğunu qəbul edirlər. Bunula da insanlar bəzən fərqinə varmadan bu məsələdə dini baxışdan uzaqlaşa bilirlər. Ona görə bu məsələyə mənbələrə baxaraq nəsə nəticəyə gəlmək olar.
İlk olaraq bir həqiqəti deyək: İslam göy cisimlərini inkar etmir. Əksinə, Quranda ulduzlardan, səmalardan çox danışılır. Allah buyurur ki, biz göyü ulduzlarla bəzədik və onları yön tapmaq üçün vasitə etdik. Bu məna Ənam surəsi 97-ci ayə və Nəhl surəsi 16-cı ayə kimi ayələrdə açıq görünür. Yəni ulduzların yaradılışında hikmət var. İnsan onlardan istiqamət tapır, kainatın nizamını anlayır, Allahın qüdrətini görür. Bu astronomiyadır və bu elm İslamda təşviq olunub. Bu gün ateist alimlər isə İslama qarşı olduqları üçün bürclərlə bağlı məsələyə də qarşı çıxırlar və bunun həqiqət olmadığını bildirirlər”.
İlahiyyatçı qeyd edib ki, astrologiya, yəni bürclərin insanın taleyinə təsir etdiyini iddia etmək artıq fərqli sahədir:
“Burada insanın həyatı, xarakteri, gələcəyi ulduzların mövqeyi ilə əlaqələndirilir. İslam alimlərinin demək olar ki, hamısı bu nöqtədə açıq mövqe qoyub. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) bu məsələyə çox aydın münasibət bildirib. Səhih hədisdə buyurur ki, kim ulduzlardan bir şey öyrənərsə, sehrdən bir pay götürmüş olar. Bu hədis Sünən Əbu Davud hədisi ulduz falı haqqında olan mənbələrdə keçir. Başqa bir hədisdə isə deyilir ki, kim kahinə və ya falçıya gedər və onun dediyini təsdiqləyərsə, Məhəmmədə nazil olana qarşı küfr etmiş olar. Bu Əhməd ibn Hənbəlin Müsnəd əsərində fal və kahinlik hədisi kimi rəvayətlərlə qeyd olunmuşdur”.
Ə.Həsənov vurğulayıb ki, İslama görə, qeybi yalnız Allah bilir:
“Quranda açıq şəkildə buyurulur ki, de ki, göylərdə və yerdə olanlardan heç kəs qeybi bilməz, yalnız Allah bilir. Bu məna Nəml surəsi 65-ci ayə ilə sabitdir. Astrologiya isə dolayısı ilə qeybi bilmək iddiasıdır. İnsan doğulduğu günə görə onun taleyini, gələcək hadisələri, xasiyyətini müəyyən etmək elmi əsasdan da uzaqdır, dini baxımdan isə ciddi problemdir.
Müasir elm də bu məsələdə maraqlı nəticə ortaya qoymuşdur. Astrologiya elmi testlərdən keçmir. Dünyada aparılan çoxsaylı tədqiqatlarda eyni bürcdən olan insanların xarakter və həyatlarının fərqli olduğu açıq şəkildə göstərilib. Bu sahə astronomiya ilə qarışdırılır, amma əslində astrologiya elmi deyil, inanc və psixoloji təsir üzərində qurulan bir sistemdir. İnsan oxuduğu bürc proqnozunu şüuraltı qəbul edir və öz davranışını ona uyğunlaşdırır. Bu artıq psixoloji yönləndirmədir. Yəni, insan özü özünü bürclər vasitəsi ilə aldatmış olur və özünün doğru olduğunu düşünür. Halbuki, belə olduqda insan Allahdan uzaqlaşır, daima narahatlıq içərisində olur, özündə heç vaxt rahatlıq tapa bilmir. Belə olduqda inansın imanı da azalır və tədricən yox olur. Əgər insan sadəcə maraq xatirinə oxuyur, amma buna etiqad etmirsə, həyatını buna görə tənzimləmirsə, həyatını buna görə qurmursa, bu artıq bir zəiflik və vaxt itkisi hesab olunur. Bu da insanın imanına zərər gətirmir. Amma əgər insan doğrudan inanır ki, onun taleyi bürclərlə müəyyən olunur, gələcəyini ulduzlar təyin edir, artıq burada problem ciddiləşir. Bu halda insan qəzavü-qədər anlayışını dəyişmiş olur. Çünki İslamda taleyi yazan Allahdır, ulduzlar isə tale yaza bilmirlər.
Allah Quranda buyurur ki, yer üzündə və sizin başınıza gələn heç bir hadisə yoxdur ki, Biz onu yaratmamışdan əvvəl bir kitabda yazılmamış olsun. Bu məna Hədid surəsi 22-ci ayə ilə açıq göstərilir. Yəni insanın taleyi Allahın elmindədir, ulduzların mövqeyində yox”.
Oğuz Ayvaz