Fevralın 3-də Konstitusiya Məhkəməsinin Palatası Baş Prokurorluğun sorğusunun Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad qəbul edib.
Sorğuya Plenumun 23 fevral iclasında baxılacaq.
Sorğuda Baş Prokurorluq Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsinin şərh edilməsini istəyib.
Medianews.az xəbər verir ki, Cinayət Məcəlləsinin 321-ci maddəsi hərbi xidmət keçməkdən boyun qaçırma haqqındadır.
321-ci maddəyə yeni məzmunda “Qeyd” hissəsi isə 2024-cü il dekabrın 27-də əlavə olunub.
Həmin hissədə bildirilir ki, 321-ci maddədə “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.
Beləliklə, aydın olur ki, Baş Prokurorluq Konstitusiya Məhkəməsindən “çağırışdan boyun qaçırma”, yəni vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi anlayışının şərh olunmasını xahiş edib.
Cinayət Məcəlləsindən çıxarış:
Maddə 321. Hərbi xidmət keçməkdən boyun qaçırma
321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.