Medianews.az
Celsomino buraxılış imtahanında
117 baxış
Yüklə

Celsomino buraxılış imtahanında

DİM-in buraxılış imtahanları üzrə eksperimentləri davam etməkdədir, ola bilsin nəticədə keçəlin başında tük bitsin. Bu dəfə zəhmətkeşlərimiz riyaziyyat üzrə tapşırıqda səhv tapıblar. Səhvin qısa mahiyyəti belədir ki, verilən sualda üçbucağın iki tərəfinin uzunluğunun cəmi o biri tərəfinin uzunluğundan az çıxırmış.

Halbuki, riyaziyyat elminə görə bu cür hal mümkün deyildir, iki tərəfi toplayanda yerdə qalan tərəfdən uzun olmalıdır, hətta bunun elmi adı da var imiş: üçbucaq bərabərsizliyi. Lakin DİM-in sualındakı “üçbucaq” bu qaydaya əsasən hardasa başqa fiqura çevrilir, məsələn, olur yırtıq vedrənin dalı. Yəni, çevrə.

Bu misalı hazırkı aktual vəziyyətə görə çəkdim, ağlınıza başqa şey gəlməsin, çünki sanarsan göy-yer deşilib, hər yerdən su axır, çıxır. Dünən bir arkadaşla küçədə kanalizasiya lyuku qapağının rəsmən havaya qalxdığını əyani müşahidə elədik, az qalırdı Aya uçub getsin, amerikalıların arxasıyca. Suyun aşağıdan təzyiqi o dərəcədə güclü idi. Hətta çalışdıq qapağı yerinə qoyaq, maşınlara ziyan vurmasın, ancaq lyuk pis uşaqlar kimi üzümüzə qayıtdı. Belə qərar verdik ki, Bakı Lyuksemburq kimi şəhər olmağa başlamışdır. Biz Avropanın yaxşısını götürüb, pisini atırıq və ilkin olaraq lyuka girmişik.

İnşallah, bu minvalla Xəzər dolacaq, milli oliqarxlarımız yenidən dənizin qırağını rahat hasarlayacaqdır. Yoxsa lap bezmişdilər, dəniz qaçırdı, bunlar hasarı qabağa çəkirdi. Dənizi qovalamaq inzibati yarışmaya çevrilmişdi. Hətta arada Türkmənbaşı bizim səfiri çağırıb etiraz notası vermişdi, deyir hara gəlirsiniz, əkələr, burda yel əsib qoz tökülməyibdir. İndi mövzumuz bu deyil, gələcəkdə bəlkə qayıtdıq, onsuz yağış davam eləyir. Necə deyərlər, el gücü, sel gücü.

DİM əgər səhvini etiraf etsəydi, üzr istəsəydi, olardı Paşinyanın tayı. Bizdə hökumətin heç bir idarəsi səhv etmir, bunu bilirik. Ona görə də üçbucaq məsələsinə belə izahat veriblər, sitat: “... bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır”. Sitatın sonu.

Yəni lətifədəki kimi, “prosesin özü bizə maraqlıdır”. Əladır, vallah. Tam doğru cavab vermək istəyən uşaqları indidən rədd eləyək, gələcəyimiz parlaq olsun. Çünki Azərbaycanda heç bir bərabərsizliyə yer yoxdur, həmçinin üçbucaq bərabərsizliyinə! Bəli. Üçbucağı özbaşına qoysan, özünü kvadrat kimi aparar.

Sosioloji baxımdan da, bizdəki üçbucaqlar təbiətin başqa ərazilərindəkindən fərqlənir. Məsələn, dünyada ailə deyəndə əsasən ər-arvad-uşaq(lar) üçbucağı nəzərdə tutulur. Bizdə isə bu, çoxbucaqlıdır, içinə qaynana, baldız, bacanaq, kirvə, məhlənin ağbirçəyi, el ağsaqqalı, uçaskovı, Boltun şoferi, ayıq sürücü, yengənin xalası oğlu, əmiuşağının əsgərlik yoldaşı, Xoşqədəm xanımın Rasiyadan tapıb gətirdiyi ögey bacı və sairə vacib ünsürlər girir. Nəticədə üçbucaq böyüyür, Lobaçevski həndəsəsi olmasa bu ailənin mahiyyətini, məram və məqsədlərini, yaşam niyyətini anlamaq çətinləşir.

Yazını italyan yazıçısı Canni Rodarinin “Celsomino Yalançılar ölkəsində” əsərindən sitatla bitirərək DİM-ə yeni həyat və yaradıcılıq uğurları arzulayıram:

“Sözlərin mənasını dəyişdirmək lazımdır, - o izah elədi. – Məsələn, “quldur” sözü düzgün, namuslu adamı bildirəcək. Beləcə, adamlar mənə quldur desələr yeni dildə bu, mənim düzgün insan olmağımı göstərəcək”.

Zamin HACI

Bizə qoşulun