“Ceyhun Mirzəyevi 15 yaşından tanıyırdım. O qeyri-adi bir insan idi. İndi oxucularımız düşünə bilər ki, Elmira xanım Ceyhunu tərifləyir. Xeyr! O vaxtlar da Ceyhun haqda gözəl sözlər işlədirdilər. Mən həyat yoldaşım, rejissor Rüfət Şabanovla Yalamada idim. Tofiq Tağızadə iki film çəkirdi. Biri “Əsl dost” idi. Ceyhun da orada idi. Çox çevik uşaq idi. Məndən 6 yaş balaca idi. O vaxt bütün qızlara söz atırdı, zarafatlaşırdı. Mən hələ Rüfətə ərə getməmişdim. Ceyhun mənə deyirdi ki, “hələ o qocaya ərə getmə, mən bir az böyüyüm, səninlə evlənəcəm” (gülür). Rüfət məndən 18 yaş böyük idi. Mən universitetdə də ona dərs demişəm. Bu gün də düşünəndə ki, Ceyhun kimi istedadlı insanlar həyatı vaxtsız tərk edirlər, mən çox pis oluram. Bu il onun yubiley ilidir. Yaşasaydı 80 yaşını qeyd edəcəkdik”.
Bunu Medianews.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib.

O, Ceyhun Mirzəyevin “Fəryad” filmini böyük çətinliklərlə ərsəyə gətirdiyini bildirib:
“Bir gün Ceyhun zəng etdi ki, “Elmira xanım, “Fəryad” filmi çəkilir, anamı oynaya bilərsiz?”. Rol demək olar ki, epizod idi. Dedim ki, Ceyhun, mən həmişə böyük rollarda çəkilirəm, amma sənin ananı oynayaram. “Fəryad” filmində mən çəkildim. Bir şey yadımdan hələ də çıxmır. Ceyhunu vurduqları səhnə var, orada gözünün qabağına anasının obrazı gəlir. Mən onun gözlərinə baxdım və hiss etdim ki, Ceyhun çox yaşamayacaq. Qısa ömrü sanki baxışlarına çökmüşdü. Həqiqətən də filmdən sonra Ceyhun rəhmətə getdi. Ceyhun “Fəryad” filmini çox çətinliklə ərsəyə gətirdi. Mən buna şahidəm. 90-cı illər idi, hadisələr baş vermişdi və demək olardı ki, filmlər çəkilmirdi. Gah texnika yox idi, gah maşın yox idi. Ceyhun çox əsəbləşirdi. Gözləyirdik ki, filan şey gəlsin çəkilişlərə başlayaq.. Kino artıq “ölmüş”dü. Bəlkə də bu əsəb və stressə görə Ceyhun tez rəhmətə getdi. Ümumiyyətlə Ceyhun həyatda da çox əziyyət çəkmişdi. Nə anası var idi, nə də atası. Yetimçiliklə böyümüşdü amma buna baxmayaraq o öz sənəti üçün şam kimi yanırdı. Olduqca vətənpərvər idi, xalqını, ölkəsini çox sevirdi, cəbhə bölgələrinə yollanırdı, əsgərlərlə ünsiyyətdə olurdu. Allah ona qəni-qəni rəhmət etsin” deyə sənətkar bildirib.
Əli Əsgər,
Medianews.az

