Medianews.az
Dəli əlində dron
118 baxış

Dəli əlində dron

Naxçıvana bugünkü hücum “İranın nüvə silahı əldə etməsinə niyə yol vermək olmaz” sualının da cavabıdır. İrandakı molla rejimi ağılla yox, fövqəltəbii hisslərlə idarə olunan rejimdir. Əziz müttəfiqləri Putin ağa hələ 2018-ci ildə, Valday forumunda bu məsələnin mahiyyətini açmışdı: “Nüvə müharibəsi başlasaq dünya məhv olacaq, ancaq düşmənlərimiz gəbərəcək, biz isə cənnətə düşəcəyik”. Tam bir radikal dindar açıqlaması idi.

İranın son günlərdəki davranışları bir də bilirsinizmi kimi xatırlatdı? Əhməd Əhmədovu. 3-4 il qabaq Bakıda 5 nəfər ailə üzvünü qətlə yetirən psixi pozuntulu adamı. Necə deyərlər, dəliyə yel ver, əlinə bel ver... O balta götürüb yaxın adamlarını doğramışdı, İran da ətrafında nə qədər qohum-qonşu varsa, hamısına bomba yağdırır. Küveyt, Səudiyyə, Türkiyə, Qətər, Bəhreyn, Ərəb Əmirliyi və sairə. Hətta Kiprə qədər. Deyəsən bircə Ermənistan qalıb. Çünki “Tramp dəhlizi” projesinə görə Ermənistan da potensial hədəfdir. Əlbəttə, ümid edirəm ora da bomba atmazlar.

Ümumiyyətlə, ağlı başında olan adam və dövlət istər-istəməz fikirləşər ki, görəsən mən bütün dünyada niyə faktiki təklənmişəm, heç bir normal müttəfiqim, dostum-qardaşım qalmayıb. İki-cüt, bir tək dostu qalıb İranın. Rusiya, Şimali Koreya... Deyəsən siyahı bitdi. Vəssalam. Bu vəziyyətə düşməyi İran molla rejiminin öz günahıdır. Hesab edək dünyada 50 dövlət qərəzlidir. Ancaq bunların 150-si, yuvarlaq yazsaq, hamısı qərəzli ola bilməz axı?

Konkret bizə gələndə, İranın Azərbaycan xalqına qarşı düşmənçiliyinin kökləri dərindədir. 1828-ci ilə gedir çıxır. O vaxt ruslarla əlbir olub xalqımızı iki yerə parçalayıblar. Cəmi 2 il sonra 200 illiyi tamam olacaq Türkmənçay müqaviləsinin acı meyvələrini dərməkdəyik. Həm Güneydə, həm Quzeydə “ağam Xomeyni”, “Putin brat” deyən xeyli təbəqə formalaşıb və bunları bir-iki günə dəyişdirmək mümkün deyil. Demoqrafiya, sosiologiya elmlərində 1 insan nəslinin dəyişməsi adətən 20-30 il nəzərdə tutulur. İndi barmaqhesabı saysaq, İran və Rusiyanın müstəmləkəsi altında bizim 10 nəslimiz keçib. Bu adamlara təsir eləmək, həqiqəti başa salmaq çox çətindir. “Din xalq üçün tiryəkdir” – bunu da təxminən 200 il qabaq yazıblar.

Türkmənçayı bəlkə unutmuşuq, ancaq 2000-ci illərin əvvəli gözümüzün qabağındadır. İranın hərbi təyyarələri Salyan-Neftçala üzərində uçacaq qədər həyasızlaşmışdılar. Azərbaycan sərhədini yıxılmış çəpər zənn edirdilər. Yalnız Türkiyə Hərbi Hava Qüvvələri harayımıza yetişəndən sonra, Abşeron yarımadası və Xəzər üzərində uçaraq sarsaqlamış mollalara əzələ (bu halda qartal dimdiyi) nümayiş etdirəndən sonra İran sakitləşmişdi. Belə rejimlər gücdən, zopadan başqa nəsə qanmır. Özünün 3 min vətəndaşını bir gündə qətlə yetirən rejimdən hansı ağıl, qanacaq gözləyəsən?

Azərbaycanın İsraillə əməkdaşlıq edib öz ərazisini bərpa etməyi də İrana başqa dağ çəkib. Mollalar da ruslar kimi istəyirdilər ki, Qarabağ ixtilafı daim uzansın. Normal dövlət qonşusunda daim müharibə getməyini istəyərmi? Normal dövlət beynəlxalq hüququn bərpası üçün Azərbaycana kimliyindən asılı olmayaraq, dəstək verən dövlətlərə normal yanaşmalı idi. İsrail bizdən uzaqdadır, ancaq siz ki bizim böyrümüzdə idiniz, niyə 30 il bu işin həllinə yardım etmirdiniz? Çünki Azərbaycanı özünə müttəfiq, dost seçmək sərbəstliyində qınamaq tipik mollakratiya riyakarlığıdır.

İndi də deyirlər Naxçıvana dronu biz yollamadıq. Əlbəttə. Əhməd Əhmədov da məhkəmədə anlaqsız sayıldı, məcburi müalicəyə göndərildi. Onun bu cümləsi isə tam İranın indiki vəziyyətidir: “Məni ailədən saymırdılar, ona görə hamısına nifrət edirdim”.

Baltanı dəlinin (ifadəyə görə üzr istəyirəm) əlindən tezliklə almaq lazımdır.

Zamin Hacı

Bizə qoşulun