ABŞ rəhbərliyinin ölkə vətəndaşlarına müraciətlə Azərbaycana getməməyi tövsiyə etməsi bir qədər gözlənilməz olsa da, ağlabatan izahı da var.
Bu xəbərdarlığın ölkəmizin dünənə qədər qızğın müharibə gedən, bu gün nisbi sakitlik olsa da, sabah nə olacağı bilinməyən regionda, İranın qonşuluğunda yerləşməsi ilə bağlı olması ən ciddi versiyadır. Hesab olunur ki, ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edə və onu daha effektiv bombardmana məruz qoya bilər, bu zaman amerikalılar odla su arasında qalarlar.
Son iki ayda bu ehtimal çox güclüdür. Amma bu xüsusda bir gümanı da nəzərdən keçirmək lazımdır. Bu da İranın qonşuluğunda olmağımızla bağlıdır.
Məsələ ondadır ki, İranın ölkəmizdə xeyli adamı var: İran kəşfiyyatına bağlı qruplar və İrana sarsılmaz rəğbət bəsləyən fanatiklər. Söz yox ki, ABŞ rəhbərliyi ölkəmizdəki iranpərəstlərin geniş şəbəkəsindən xəbərdardır və ola bilər ki, həmin şəbəkəyə daxil olan şəxslərin Azərbaycana gəlmiş amerikalıların həyatına təhlükə törədəcəyini düşünür.
Bu versiyanın həqiqət payını artıran əsas məqam odur ki, indiyədək ABŞ Dövlət Departamentinin müvafiq xəbərdarlıqları çox zaman məhz hansısa ölkədə gözlənilən terror aktları ilə bağlı olub. Dövlət Departamenti öz vətəndaşlarına Şimali Koreyaya, Əfqanıstana, Livana, Sudana, Nigeriyaya, Kolumbiyaya getməməyi məsələhət görüb.
Bunlardan başqa, ABŞ dəfələrlə öz vətəndaşlarına Türkiyəyə getməməyi, getdikləri halda isə izdihamlı küçələrdə keçirilən böyük tədbirlərlə qatılmamağı tövsiyə edib və bəzi hallarda həmin tövsiyənin verilməsinin haqlı olduğu ortaya çıxıb. Çünki müxtəlif terror qruplaşmaları Türkiyənin iri şəhərlərində terror aktı törədiblər və zərərçəkənlər arasında müəyyən sayda əcnəbilər də olub.
Hər halda, dünyanın ən güclü, ən geniş şəbəkəli kəşfiyyat strukturlarına malik ölkəsinin rəhbərliyinin son yarım ildə normal anlaşma içində olduğu dövləti “təhlükəli zona” elan etməsi səbəbsiz deyil.
Eyni xəbərdarlıq ayrı ölkədən gəlsəydi, buna başqa izahatlar vermək olardı. Son vaxtlar bəzi ölkələrin “filan ölkəyə getməyin” tövsiyəsini sırf siyasi səbəblərdən, hədəfə alınmış ölkəyə təzyiq üçün verdikləri olub. Bunun düsturu sadədir: iki ölkə arasında münasibət pisləşir, bir ölkə o birinin turizm sektoruna və beynəlxalq reputasiyasına zərbə vurmaq üçün öz vətəndaşlarını həmin ölkəyə getməkdən çəkindirir. Guya ki, həmin ölkədə onun vətəndaşlarının həyatına təhlükə var.
Ötən ilin yayında Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələrlə bağlı (diaspor təşkilatımıza hücum, soydaşlarımızın qətli və kütləvi həbsi) ilə Azərbaycan arasında münasibətlər gərginləşəndə RF mediasında elə bir total təbliğat aparılırdı ki, sanki rusları Bakıda hava liminanda təyyarədən enən kimi həbs edir, naməlum istiqamətə aparırlar. Həmin günlərdə Bakıdan canlı yayım açan bir rus bloqer Bakı küçələrində sərbəst gəzib-dolaşaraq bu qənaəti dağıtmış, Bakıda heç bir pis rəftarla üzləşmədiyini bildirmişdi.
Müxtəlif ölkələrin rəhbərlikləri belə tövsiyələri ölkəmizin Ermənistanla aktiv müharibə şəraitində olduğu dövrdə də səsləndirirdi. Bir tərəfə baxanda onlar haqlıydılar. Söhbət aktiv müharibədən gedirdi və cəbhə xətti Bakıdan 350-400 kilometr uzaqda olsa da, bu, müasir silahların zərbə mənzili nəzərə alındıqda o qədər də uzaq məsafə sayılmır.
Avropa dövlətləri bu məsələdə ona görə həssasdırlar ki, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa mükəlləfdirlər. Bu zəmində hər hansı bir xoşagəlməz hadisə onları ölkə xalqı qarşısında cavabdeh durumuna sala, müxalifətin kəskin tənqid hədəfinə çıxara bilər. “Filan ölkəyə getməyin” tövsiyəsi isə hökumətləri sığortalayır. Belədə hökumətlər “biz xəbərdarlıq etmişdik, həmin ölkəyə getməməyi tövsiyə etmişdik” arqumenti qazanırlar.
Gerçəklik budur ki, ölkəmizin ictimai-siyasi, eləcə də kriminogen durumu hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Heç bir sosial-siyasi gərginlik yoxdur və olacağı gözlənilmir.
Sadəcə, regionumuz qada-bəlalı regiondur, qonşularımızda daxili sabitlik yoxdur və onlardan bəziləri öz uzun çubuqlarını dinc saxlamırlar.
Hər gün 3-5 amerikalının ölkəmizə səyahətdən imtina etməsi bizi o qədər də ziyana salmaz. Ümid edək ki, ABŞ-nin müvafiq tövsiyəsi növbətçi xəbərdarlıq səciyyəsi daşıyır.
Bu tövsiyədən daha pisi ABŞ-nin öz vətəndaşlarına “təcili o ölkədən çıxın” müraciəti etməsidir. Şükür ki, elə bir şey yoxdur. Bu, təhlükənin daha ciddi olması demək olardı.
P.S. Yazının başlığındakı ifadənin tərcüməsi belədir: “Qorxma, mister Con”.
Xalid KAZIMLI