“Hər şey yaxşıdır. Valideynlərim narahat olmasın”.
Medianews.az xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna video açıqlamasında bu gün Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşı Samir İbadzadə deyib.
Hazırda Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində olan Samir İbadzadə vəziyyətinin normal olduğunu qeyd edib.
Qeyd edək ki, 5 iyunda Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.
O bildirib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub. Belə ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar.