Medianews.az
Dünya qəfil dayansa
207 baxış

Dünya qəfil dayansa nə baş verər?

Yer kürəsinin qəfil öz oxu ətrafında fırlanmağı dayandırdığını təsəvvür edin. Bu halda planetimizdə həyat kökündən dəyişərdi.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” saytı məqalə dərc edib.

Hazırda Yer öz oxu ətrafında saatda təxminən 1600 kilometr sürətlə hərəkət edir. Gecə və gündüzün yaranma səbəbi də məhz bu fırlanmadır. Biz bu hərəkəti hiss etmirik, çünki eyni sürətlə birlikdə hərəkət edirik. Lakin sürət qəfil dəyişərsə, bunun nəticələri dağıdıcı olar.

Bu hadisə XVII əsrdə Qalileo Qaliley tərəfindən izah edilmiş, daha sonra İsaak Nyutonnun birinci qanunu – ətalət prinsipi ilə formalaşdırılmışdı. Qanuna görə, hərəkətdə olan cisim ona təsir edən qüvvə olmadıqda hərəkətini davam etdirir.

Yer bir anda dayansa, canlılar, okeanlar və atmosfer əvvəlki sürətlə – şərqə doğru saatda min kilometrlərlə hərəkəti davam etdirərdi. Bu isə qlobal miqyasda dağıntılara səbəb olardı.

Planet iki yarımkürəyə bölünərdi. Bir yarımkürədə daimi gündüz və yandırıcı istilər, digər yarımkürədə isə sonsuz gecə və sərt soyuq hökm sürərdi.

Atmosfer əvvəlki sürətini saxlayaraq dağıdıcı küləklər yaradardı. Okeanlarda isə qitələrə doğru irəliləyən nəhəng dalğalar formalaşardı. Bu mənzərə “Ulduzlar arasında” filmindəki səhnələri xatırladardı.

Fırlanma dayandıqda mərkəzdənqaçma təsiri azalacağı üçün insanlar bir qədər daha ağır hiss edərdi.

Gün doğumu və batımı olmadığından 24 saatlıq gün anlayışı mənasını itirərdi. Zaman yalnız süni saatlarla ölçülərdi. İnsanların yuxu rejimi, diqqəti və psixoloji vəziyyəti ciddi şəkildə pozular, uyğunlaşma üçün süni işıq–qaranlıq dövrləri yaradılmalı olardı.

Milyon illər ərzində Yer kürəsinin maqnit sahəsi zəifləyərdi. Bu sahə bizi Günəş küləklərindən və kosmik radiasiyadan qoruyur. Qoruyucu qalxan zəiflədikcə radiasiya artar, DNT zədələnməsi və xəstəlik riski yüksələrdi.

İşıqlı yarımkürədə həddindən artıq istilik suyu buxarlandırar və atmosferi dəyişdirərdi. Qaranlıq yarımkürədə isə temperatur o qədər enə bilərdi ki, bəzi qazlar belə donma həddinə çatardı.

Nəticə etibarilə, Yer kürəsinin qəfil dayanması qlobal fəlakətə və həyatın böyük ölçüdə məhv olmasına səbəb ola bilərdi.

Medianews.az

Bizə qoşulun