Medianews.az
Dünya tüstüsüz oddan yaranmış iblisin rəngini alıb
131 baxış

Dünya tüstüsüz oddan yaranmış iblisin rəngini alıb

Faciə və gülüş. Yumor, ironiya və mübarizə növü - təhqir. Zamanın tələbi. Adiləşən insan ölümləri, kütləvi qırğınlar, müharibələr. Mən hələ Epşteynin adamyeyənlərini demirəm. Yada salanda adamın əti ürpənir...

Bu barədə xəbərləri ümumiləşdirib bir neçə kəlmə əlavə edim.

Trampın təbirincə, əgər kimsə onu tənqid edirsə, dövlətin düşmənidir, çünki Donald Tramp Taleyran düşüncəsi ilə özünü dövlət sanır, ABŞ prezidenti artıq tarixi şəxsiyyətə çevrildiyini fikirləşir. Hətta müttəfiq İsraillə bərabər İrana hücum edən ABŞ dövlətinin rəhbəri kimi bu müharibəyə görə Nobel mükafatına layiq olduğuna inanır. Deyəsən, o, müxtəlif vasitələrlə, ola da bilsin ki, təhdidlər hesabına ən ali arzusuna çatacaq və nəhayət, Nobel mükafatını alacaq.

Robert De Niro neçənci dəfədir ki, Trampı sərt tənqid edir. Hətta məşhur aktyor böyük kütlə qarşısında bir dəfə öz ölkəsinin prezidentini də söyüb. Bayaq isə yeni bir xəbər gördüm - Tramp və De Niro savaşı barədə. Məlum olur ki, Donald Tramp məşhurları daima izləyir. Deməli, yenicə üzə çıxan və dünyanı qarışdıran, neçə-neçə tanınmışın karyerasına son qoyan Epşteyn materiallarının fonunda çox ciddi problemlər yaşayan Trampı hazırda Amerikanın ictimai rəyi ciddi narahat edir. Həm də qorxudur. Hamıya cavab verməyi özünə borc bilən Tramp bu dəfə Hollivudun canlı əfsanəsini, 82 yaşlı aktyor Robert De Nironu "Truth" sosial şəbəkəsində təhqir edib.

Amerika Birləşmiş Ştatlarının bu qalmaqallı milyarder prezidenti sanki bilərəkdən normal cavab vermir, tənqidçilərinə məsələni ətraflı izah etməyə çalışmır, ancaq qıcıqlanır, şövqlə alçaldır və ağızdolusu təhqir edir. Bu dəfə də prezident Tramp öz ampluasında qalıb və Ağ evin sahibi dünya şöhrətli Hollivud ulduzunu, qoca Robert De Nironu aşağılayıb, onu "psixi cəhətdən qeyri-sabit insan" adlandırıb. Mister zəngin yenə ona hücum çəkənlərin heç birinə dözməyəcəyinə işarə edib. Tramp növbəti dəfə tənqidlərə dözümsüzlük nümayiş etdirib.

Buna səbəb məşhur aktyorun podkastdakı müraciəti və həmvətənlərini Ağ evin rəhbəri Trampa "müqavimət göstərib ölkəni xilas etməyə" çağırışıdır. Məhz elə buna görə Tramp narahatdır, onun qəzəbi kükrəyir. Çünki Robert De Niro danışan ilk adam deyil, nüfuzlu siyasətçilər, həmçinin bəzi konqresmenlər, senatorlar, qubernatorlar, merlər, hakimlər, prokurorlar, hərbçilər, eləcə də ictimaiyyətin inandığı və hörmət etdiyi mədəniyyət, sənət adamları, yazarlar, jurnalistlər, aktyorlar, rejissorlar, müğənnilər onun əleyhinə tez-tez çağırışlar edirlər.

Son illər miqrantlarla bağlı ABŞ ərazisindəki əməliyyatlar da prezidentin reytinqinə böyük zərbə olmuşdu. Bu inciklik ispandilli amerikalı vətəndaşlarda hələ də qalır.

Donald Tramp fevralın 25-də bildirmişdi ki, tənqidçisi Robert De Niro "xəstə, düşüncəsizdir". Görünür, məşhur aktyorun çıxışı Trampı həm də ona görə çox qıcıqlandırıb ki, bu çıxış Amerikanın başqa nüfuzlu şəxslərinin ölkəni xilas etmək üçün Trampı hakimiyyətdən tez uzaqlaşdırmaq çağırışlarından sonra səslənib. "Le Fiqaro" nəşri yazır ki, bütün bunlar Trampa qarşı aparılan təbliğatın bir hissəsi hesab olunur. Bəzi Qərb ekspertləri isə Trampın impiçmentinin qaçılmaz olduğunu və prosesdə ictimai rəyin xüsusi rol oynayacağını vurğulayırlar.

"Robert De Niro da Tramp əleyhinə nevroz xəstəliyindən əziyyət çəkənlərdən biridir, eyni zamanda o, psixoloji cəhətdən qeyri-sabit adamdır və mənə görə, De Nironun intellekti son dərəcədə aşağı səviyyədədir. Ümumiyyətlə o nə etdiyini, nə danışdığını qətiyyən anlamır, bəzi ifadələri isə açıq-aşkar cinayətdir!" - Donald Tramp "Truth" sosial şəbəkəsində belə yazıb.

Daha sonra hiddətli Tramp qeyd edib: "O biri yaxşı xəbər isə odur ki, ABŞ hazırda hər zamankından daha böyük, daha yaxşı, daha varlı, daha güclüdür və bu da belələrini tamamilə dəli edir".

Keçən ilin mayında Kann Kino Festivalında dünya şöhrətli aktyor amerikalıları kütləvi etirazlara səsləmişdi. Robert De Niro demokratiyanı müdafiə etmək uğrunda ABŞ prezidentinə müqavimət göstərməyə çağıranda Trampı həm də "savadsız" adlandırmışdı.

Xatırlayaq...

Robert De Niro: "Hamımız ölkəmizi sevirik. Ancaq bunu deyəndə bir az da tıncıxmış kimi oluram. Hökumətin küçələrdə qonşularımızı güllələyən maskalı dəstələri yönəltdiyi bir vaxtda ölkəni sevmək mümkündürmü? On milyonlarla vətəndaşı səhiyyə xidmətindən məhrum edilən ölkəni sevmək olarmı? Milyarder əlaltılara vergi güzəştləri vermək üçün iqtisadiyyatı dağıdılan ölkəni axı necə sevəsən? Qəddar cinayətkarları əfv edən, pedofilləri qoruyan ölkəni necə sevəsən? Ölkəm mənə xəyanət edir – bunu belə duyuram. Söz yox, ölkə mükəmməl olmaya bilər, amma o, hökmən bizə güc verə, bizə humanizm aşılayan dəyərlərə qayıtmalıdır".

Qəzəbdən ürəyi soyumayan ABŞ prezidenti onu da söyləyib ki, Robert De Nironu qayığa mindirib ölkədən çıxarmaq lazımdır.

De Niro susmayacaq, bir azdan, vəd etdiyi kimi, yenə Trampdan, İrana hücumdan danışacaq. Sanki aktyorlar səlahiyyətlərini bölüblər. Şvartsnegger Rusiyadan, Putin və Ukrayna müharibəsindən danışır, Trampı tənqid edir, digər rejissorlar, aktyorlar isə Fələstindən söz açır, bir çox məşhurlar, müğənnilər, aktyorlar Cənubi Amerikanın gələcək taleyindən narahat olduqlarını dilə gətirir...

Trampı ağızdolusu tərifləyən, ondan vəzifə və mükafat alan yeganə Hollivud ulduzu Silvester Stallonedir ki, bir zamanlar ABŞ prezidenti Ronald Reyqan demişdi ki, onun çəkildiyi "Rembo" filminə baxandan sonra SSRİ ilə necə savaşdığını anlayıb. Reyqanı görən, Trampın yanında duran Stallone.

O, demokratik cəmiyyəti, fikir müxtəlifliyini və tənqidi sevmir. Özünü alternativsiz lider, eyni zamanda qiymətli ovun ovçusu sanır. Üstəlik, Amerikanın xilaskarı olduğuna inanır.

Trampın qəzəbi soyumayıb. İranın dini lideri öldürülsə də, müttəfiq İsrailin düşməni hələ mövcudluğunu qoruyur. Bir yandan da bu təkəbbürlü prezidentin öləziyən reytinqi və hələ aradan qalxmayan impiçment təhlükəsi. Və əsas problemlərdən bir dənəsi. Dəfələrlə onu sərt tənqid edən, hətta bir dəfə də anasını söyən məşhur Robert De Nironun qayığa mindirilib deportasiya olunmaması.

Amma De Niro getməyəcək. Əgər bunu etsə, böyük səs-küy qopacaq və bu dəfə İran müharibəsi prezident Donald Trampın tənqidçilərinə, yəni Hollivuda daha kəskin ritorika verəcək.

Dəfələrlə alqışlarla səhnəyə dəvət edilən və ən yüksək kino mükafatları alan "Oskar"lı Robert De Niro görəsən daha nələr deyəcək? Bir aktyor təkbaşına şərə qalib gələ bilməz, amma onu tanıması nəyə desən dəyər.

İndi dünya tüstüsüz oddan yaranmış iblisin rəngini alıb. Ardını yazmaq istədim, sadəcə bir neçə kəlmə, amma müharibələr bitmədiyindən yarımçıq saxladım ki...

Hələ çox xəbərlər eşidəcəyik...

Oqtay Qorçu

Bizə qoşulun