Sən demə, 27 mart şanlı vətənimizdə “Elm günü” kimi rəsmən qeyd olunurmuş. Bu haqda nazirliyin xəbərini oxuyaraq həm elmləndim, həm helmləndim. Hətta təəssüf elədim, gərək keçən dəfəki elm yazımı bu günə saxlayardım, daha maraqlı alınardı. Hərçənd, Folknerin sözünə görə “sabah da bu gunun başqa adıdır”.
Ancaq nəyə görə məhz 27 mart, bunun izahı verilməmişdi. Yəqin nəsə səbəbi vardır. Kələm dolması ilə yarpaq dolması arasında fərqləri, yaxud, mələyin uçuş sürətini tapan alimlərimizlə bağlı ola bilər. (Kimsə bunları zarafat kimi yazdığımı zənn edirsə, ağlına dua yazdırsın. Həqiqətən bu temalar AMEA institutlarında işlənmişdir. Mən Statkom deyiləm, burda hər şey düppədüzdür). Sadəcə, adətən 27 mart bizdə Novruz tətili kampaniyasına girir və istirahət günü olur. Paxlavadan, aşdan, qovurğadan bəs deyincə tıxmış, basmış adam hansı elmi ideyalar üzərində düşünə bilər? Boş söhbətdir.
Bir hörmətli oxucumuz isə qahımının aldığı elmi mükafat barədə xəbəri mənə yollamışdır. Həmin alim kimya sahəsində fantastik uğurlara nail olubmuş. Məsələn, onun 1 elmi kəşfini Almaniyada 6 elmi kəşf kimi qeydiyyata alıbmışlar. Doğrusu, bu necə baş verib, çox qaranlıq qaldı. Sanki kəşf zəncirvari kəşf reaksiyası nəticəsində parçalanırmış. Olsun, nə işimizə, inşallah, neftdən qızıl almağı da kəşf edər, bəy kefində yaşayarıq. Ancaq sayın alimimizin “Dünya təcrübəsində ilk dəfə olaraq Quran ayələri əsasında dialektikanın yeni qanunu ilə bağlı 7-ci Elmi Kəşfin həmmüəllifi” olması daha fantastik idi. Sitat: “Hər bir çətinlikdən sonra asanlığın gəlməsi qanunu” adlı layihəmiz Almaniyada Avropa Təbiət Elmləri Akademiyasında (ATEA) Elmi Hipotez statusu ilə qeydiyyatdan keçmişdir”. Sitatın sonu.
Əlbəttə, alimin adını burda yazmağıma ehtiyac yoxdur, çünki gördüyünüz kimi, onun bizə heç bir ehtiyacı yoxdur. Qısaca, “Allah ağıl versin” deyirəm. Mənə, yəni. Bu çətin elmdən sonra asan elm gəlsin, inşallah.
Ümumiyyətlə, nəyəsə ad qoymaq çox çətin və eyni zamanda vacibdir. Əziz dostum İsmixan müəllim bu temada bir pritça yazıb göndərmişdir: “Bir nəfər Həcc ziyarətinə gedir. Qayıdanda girir dükana, borc dəftərini istəyir. Dükançı sevinir, zənn edir adam borclarını bağlamaq fikrindədir. Tez dəftəri çıxarır. Adam deyir: “Orda mənim adımın qabağından yaz Hacı”.
Yaxud, Arximedin sözü olmasın, elə götürək Sulutəpə qəsəbəsini. Hazırda yağış suları oranı basıbdır, küçələr Nil çayının deltasını xatırladır. (Xırdalanda Hüsnü Mübarəkə heykəl qoymuşduq, kimin yadındadır?). Camaat şikayət edir, əlaqədar hökumət orqanları isə deyir, nə edə bilərik, yağış davam edir, bəlkə kəsilsə küçələri isti nəfəsimizlə qurudarıq.
İnsafən, doğrudan da yağış kəsiləndə Sulutəpədə tozanaq qopur. Ancaq mövzumuz bu deyil, gəlin qəsəbənin adına diqqət edək. Bu toponim “sulu” və “təpə” sözlərindən yaranmışdır, yəni, orda həmişə sel-su olmasına ulu babalarımız işarə edibdir. Camaat isə gedir orda ev tikir, sonra qalır yağışın altında. Bu temada ata sözlərimiz də çoxdur: “Su axar, çuxurun tapar”, “Su gələn arxa bir də gələr”, “Susuz it kəhrizə baxar”, “Sudan xeyir olsaydı qurbağa əjdahaya dönərdi”, “Su idarəsinin müdiri, sən ölü, mən diri” və sairə.
Deməli çarə nədir? Yerin adını dəyişdirmək! Qoy Milli Məclis qərar versin, Sulutəpə Qurudərə adlansın. Vəssalam. Bununla problem həll ediləcəkdir.
Hörmətli alimimiz də elə “hər çətinlikdən sonra asanlığın gəlməyi elmi kəşfini” məhz bu baxımdan tapıbdır.
Zamin HACI