Medianews.az
Eltisinin ölümünə səbəb olan estetik cərrahın
95 baxış

Eltisinin ölümünə səbəb olan estetik cərrahın cəzası azaldıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə Bakıda qaynının arvadını estetik əməliyyat edərək, onun ölümünə səbəb olmaqda ittiham edilən "AzE Estetik Mərkəz"in direktoru Ülviyyə İlyasovanın işinin  yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə qərar elan edilib.

Medianews.az  xəbər verir ki, qərara əsasən, onun barəsində çıxarılmış hökm dəyişdirilib və 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Ona Amnistiya aktı şamil edilib. Cəzası 6 ay azaldılıb.  Onun cəzası 10 oktyabr 2025-ci ildən hesablanacaq. Cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.

Müəyyən olunub ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynının həyat yoldaşı (eltisi) Səbirə Vəliyevanın üzərində liposaksiya əməliyyatı icra edib. Daha sonra onu yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə Ülviyyə İlyasovanın barəsində Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf -zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.

Qeyd edək ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.

Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin müraciəti təmin edilib: Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.

Bizə qoşulun