Medianews.az
Epşteyn qalmaqalı:
63 baxış

Epşteyn qalmaqalı: yoxa çıxan sənədlər suallar doğurur

Amerikalı maliyyəçi Cefri Epşteynin Böyük Britaniyadakı uçuş qeydlərinin bir hissəsi məhv edilib.

Medianews.az xəbər verir ki, bu, Epşteynlə əlaqələri araşdırılan Britaniya kralı III Çarlzın qardaşı Endryu ilə bağlı istintaq zamanı üzə çıxıb.

Məlumata görə, 20 il əvvələ aid bəzi uçuş sənədləri saxlama müddəti başa çatdığı üçün arxivdən silinib. Bildirilir ki, hərbi təyyarələrin sərnişin siyahıları cəmi üç ay saxlanılır və sonra məhv edilir. Bu isə müstəntiqlərin həmin dövrə aid mümkün səfərləri dəqiqləşdirməsini çətinləşdirir.

Hərbi uçuşlardan fərqli olaraq, kommersiya aviaşirkətləri məlumatları yeddi ilə qədər saxlayır. Bu da alternativ mənbələrə müəyyən ümid yaradır.

Cefri Epşteyn (1953-2019) amerikalı maliyyəçi və investor olub, lakin onun adı dünyada daha çox yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı qalmaqallı cinayət işlərində hallanır.

O, 1970-1980-ci illərdə ABŞ-də investisiya məsləhətçisi kimi fəaliyyət göstərib və varlı müştərilərlə işləyərək böyük sərvət toplayıb. Epşteynin müştəriləri və əlaqədə olduğu insanlar arasında siyasətçilər, iş adamları və digər məşhurlar yer alıb.

2005-ci ildə Epşteyn Floridada yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar ittihamı ilə istintaqa cəlb olunub. 2008-ci ildə prokurorluqla qalmaqallı razılaşma əldə edərək daha ağır federal ittihamlardan yayınıb və 13 ay həbs cəzası alıb. Bu razılaşma ABŞ-də ciddi ictimai narazılıq doğurub.

2019-cu ilin iyulunda o, Nyu-Yorkda yenidən həbs olunub. Epşteynə qarşı insan alveri və yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı federal ittihamlar irəli sürülüb. 10 avqust 2019-cu ildə Manhettendə saxlandığı həbsxanada Epşteynin meyiti tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib. Lakin ölüm şəraiti və həbsxana nəzarəti ilə bağlı çoxsaylı suallar və sui-qəsd iddiaları ictimai müzakirələrə səbəb olub.

2026-cı ilin yanvarında ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” adını almış milyonlarla sənəd, çoxsaylı foto və video materiallar açıqlayıb. “Epşteyn işi” xüsusilə ABŞ-də və Böyük Britaniyada yüksək çinli şəxslərin adlarının hallanması ilə siyasi və ictimai rezonans doğurub.

Britaniya kralı III Çarlzın qardaşı Endryunun Epşteynlə əlaqələri ABŞ Ədliyyə Nazirliyinin yanvar ifşasından əvvəl də bəlli idi. Məhz buna görə Endryu 2025-ci ilin oktyabrında York hersoqu titulundan imtina edib, daha sonra şahzadə titulunu da itirib və Vindzor qəsrindəki rəsmi iqamətgahından çıxıb.

Nazirliyin bu ilin yanvarında açıqladığı materiallar isə Endryunun özünün Sinqapur, Honkonq və Vyetnama səfərləri haqda əvvəlcədən Epşteynə məlumat verdiyini, Britaniyanın investisiya imkanları barədə bir sıra məxfi informasiyaları Epşteynə ötürdüyü barədə yeni şübhələr yaradıb.

İttihama görə, Endryu rəsmi hesabatları alandan bir neçə dəqiqə sonra Epşteynə göndərirmiş. Onun Əfqanıstandakı investisiya imkanları barədə bilgiləri də Epşteynlə paylaşıldığı vurğulanır.

Materialların içində Endryunun Epşteynlə yazışmaları və seksual xarakterli fotoları da var.

2026-cı il fevralın 19-da Böyük Britaniyada polis bu şübhələrə görə Endryunu tutub bölməyə aparıb. Endryu bir neçə saat bölmədə saxlanandan sonra sərbəst buraxılıb.

66 yaşlı Endryu rəsmi səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Medianews.az

Bizə qoşulun