Medianews.az
Ermənistanda kritik 10 gün BAŞLADI –
110 baxış

Ermənistanda kritik 10 gün BAŞLADI – Paşinyan Putinə VƏDİNİ tutmasa...

Bu gün – aprelin 13-dən etibarən Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) 7 iyun parlament seçkilərində iştirak üçün siyasi partiyalardan və bloklardan sənədlərin qəbuluna başlayır. Son tarix 23 aprel saat 18:00-dəkdir.

Bu, o deməkdir ki, qarşıdakı 10 gündə MSK hazırda ev dustaqlığında olan erməni əsilli rusiyalı milyarder, Kremlin “desant”ı sayılan Samvel Karapetyanın “Güclü Ermənistan” blokundan baş nazirliyə namizədliyini qeydə alıb-almayacağı haqda da qərar çıxarmalıdır. “Gellup”ın son rəy sorğularına görə, hazırda ən böyük ictimai dəstəyə hakim “Mülki Müqavilə” partiyası malik olsa da (23.4%), onun ardınca 13.4%-lə məhz Karapetyanın bloku gəlir...

Sirr deyil ki, Ermənistan kimi kasıb və azad seçki ənənəsi olmayan ölkədə müəyyən seçici səslərini pulla almaq mümkündür. Ona da böyük məmnuniyyətlə Rusiyaya bağlı Karapetyan və komandası gedəcək. Hakimiyyət üçün belə bir başağrısı da ola bilər.

O səbəbə MSK-nın, daha dəqiqi, Paşinyanın Karapetyana münasibətdə Rusiyanın iqtisadi təzyiqləri də nəzərə alınmaqla, son dərəcə ölçülü-biçili qərar verəcəyini gözləmək olar. Bəs hakimiyyət “Güclü Ermənistan”ı seçkilərdən kənarlaşdıra bilsə, onun seçiciləri sabiq prezident, Xocalı hərbi canisi və Putinin seçkilərdəki başqa bir namizədi Robert Koçəryanın “Ermənistan” bloku tərəfə keçə bilərmi? Bu məsələ də var (“Ermənistan” son rəy sorğularda 5.5% səs alıb). O halda Köçəryanın blokunun seçki baryerini aşmaq şansı da artmış olacaq.

Bəllidir ki, Samvel Karapetyan həm də Rusiya vətəndaşıdır. Lakin az öncə məlumat yayıldı ki, guya o, artıq ikili vətəndaşlıqdan imtina edib. Ancaq hələ ki, rəsmi təsdiq yoxdur...

Bu yerdə maraqlı fakt yada düşür. Vaxtilə Ermənistanın parlamentdə seçilmiş prezident Armen Sərkisyanın (2018-2022) xeyli sonra Böyük Britaniyanın vətəndaşı olduğu üzə çıxmışdı. Onun 5 illik müddət bitmədən istefaya getməsinin bir səbəbi də bu olub.

Amma Sərkisyan sələfi Vaaqn Xaçatryan kimi formal prezident idi. Yəni, geniş səlahiyyətlərə malik deyildi. Karapetyanın iddia elədiyi baş nazirlik isə dövlətin 1 nömrəli postu sayılır.

Belə bir acı “təcrübə” ortada ikən, onu Paşinyan hökuməti mütləq ciddiyə alacaq. Hər halda, Putinlə Kremldə 1 aprel görüşü zamanı o, Rusiya vətəndaşı (təbəəsi) olan ermənilərin seçkilərə qatılmasının mümkünsüzlüyü barədə Moskvanı xəbərdar edib. Gözləyək görək, Nikol Vovayeviç hara qədər iradə göstərə biləcək...

Hələliksə Baş nazir seçki adıyla olmasa da, - təbliğat kampaniyası hələ başlamayıb, - bölgələrdə sakinlərlə görüşləri, daha dəqiqi, “nəbz yoxlanışını” davam etdirir. Həmin görüşlərdən birində, Kotaykda yaşlı vətəndaş yaxınlaşaraq ona görün nə deyib. “Mən qarabağlıyam, həyatımda sizin kimi birini görməmişəm, ölkəyə çox yaxşı rəhbərlik edirsiniz, bu insanları məyus etməyin, Allah sizə cansağlığı versin ki, xidmət etməyə, işləməyə davam edə biləsiniz”, - sakin söyləyib və sülhə görə Paşinyana təşəkkür edib.

Əslində o, tərifdən çox, gerçəyi dilə gətirib. Çünki Nikol Paşinyan həqiqətən, ermənilərin sonuncu şansı və xilaskarı qismindədir. Ağılları olsa, ondan möhkəm yapışar, axıradək ardınca gedərlər. Hər halda, Paşinyanın digər namizədlərdən yeganə fərqi səmimi şəkildə Azərbaycan və Türkiyə ilə sülhə və barışığa can atması, yeni müharibəni Ermənistandan uzaqlaşdırmaq istəməsidir. Əgər bədnam qonşular özlərinə bunun əksini, yəni, İNTİHAR arzu edirlərsə, o zaman buyursunlar 7 iyunda Karapetyanı və ya Köçəryanı qalib eləsinlər...

Z. SƏFƏROĞLU

Bizə qoşulun