Bu həftə Avropada yəhudi dini ibadətgahlarına edilən üç hücuma görə məsuliyyəti “Əshabi-Yəmin” adlı qruplaşma öz üzərinə götürüb.
Bu nə qruplaşmadır?
Medianews.az bildirir ki, İsrailin “Yerusəlim Post” qəzetində bu mövzuda geniş yazı dərc olunub.
Yazıda deyilir ki, “Əshabi-Yəmin” yeni ortaya çıxmış bir qrupdur, əvvəllər belə bir qrup olmayıb.
Diqqətçəkən məqamlardan biri onun özünə məxsus teleqram və ya digər sosial şəbəkə kanallarının olmamasıdır. Adətən belə təşkilatlar fəaliyyətə başlayan kimi sosial şəbəkələrdə öz kanallarını yaradır.
Bu həftə başlanan ilk hücum bazar ertəsi Belçikanın Lyej şəhərində sinaqoqa qarşı olub. Bundan sonra çərşənbə günü Yunanıstan ərazisində hücum baş verib, cümə günü isə Niderlandın Rotterdam şəhərində sinaqoqu yandırmağa cəhd olub.
Maraqlıdır ki, qrupun özü sosial şəbəkələrdə görünməsə də, hücumların videoları qısa müddətdə İranla əlaqəli silahlı təşkilatların teleqram kanallarında yayılıb. Bu kanalların bir hissəsi Livandakı “Hizbullah” və İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilir. Analitiklər hesab edirlər ki, bu fakt “Əshabi-Yəmin” qruplaşmasının İranın regiondakı müttəfiqləri və ya proksi təşkilatları ilə əlaqəli ola biləcəyini göstərir.
Əshabi-Yəmin - ərəb dilindən “sağ tərəfin adamları” və ya “saleh insanlar” kimi tərcümə olunur. Bu ifadədə “sağ” anlayışı siyasi məna daşımır, daha çox “ədalətli”, “doğru yolda olan insanlar” mənasında işlədilir.
Qruplaşmanın loqosu Yer kürəsinin fonunda əlində silah qaldırmış fiqurdan ibarətdir. Bu, İranın dəstəklədiyi bəzi silahlı təşkilatların loqolarını xatırladır. Məsələn, İraqdakı “Kətaib Hizbullah”ın, Livandakı “Hizbullah”ın və SEPAH-ın emblemlərində oxşar motivlərdən istifadə olunur.
Bununla belə, “Əshabi-Yəmin”in loqosunda diqqət çəkən fərqli detal var. Emblemdə konkret silah modeli – “Draqunov” snayper tüfəngi verilib. Digər qrupların simvollarında isə adətən “Kalaşnikov” tipli avtomatlar görünür.
Belçikadakı hücumdan sonra qrup bəyanat yayaraq Qurandan sitatlar gətirib və “cihad”a çağırış edib. Bu tip çağırışlara İranın dəstəklədiyi silahlı qrupların bəyanatlarında tez-tez rast gəlinir.
ABŞ-də fəaliyyət göstərən analitik Co Truzman bildirib ki, qruplaşmanın açıqlamasında bəzi qəribə məqamlar var. Onun sözlərinə görə, belə təşkilatların bəyanatlarının sonunda adətən tarix və standart ifadələr yer alır, lakin “Əshabi-Yəmin”in bəyanatında belə detallar yoxdur.
Co Truzman qeyd edir ki, əgər söhbət yalnız yazılı bəyanatdan getsəydi, onu saxta hesab etmək mümkün idi. Lakin hücum videolarının ortaya çıxması vəziyyəti bir qədər mürəkkəbləşdirir. Ekspertin sözlərinə görə, ya bu, real təşkilatdır, ya da kimlərsə izləri gizlətmək üçün belə bir qrupun adından istifadə edir.
Ekspertlər həmçinin xatırladırlar ki, İran xaricdə terror əməliyyatları həyata keçirmək üçün tez-tez proksi qruplardan yararlanır. Bunun ən məşhur nümunələrindən biri 1994-cü ildə Argentinanın Buenos-Ayres şəhərində yəhudi icma mərkəzinə qarşı törədilmiş hücumdur. O vaxt partlayış nəticəsində 85 nəfər həlak olmuş, 300-dən çox insan yaralanmışdı. 2024-cü ildə Argentina məhkəməsi hücumun İranda planlaşdırıldığını və onu “Hizbullah”ın həyata keçirdiyini üzə çıxarmışdı.
Analitiklərin sözlərinə görə, İranın bəzi proksi qrupları tez-tez və qəfil ortaya çıxır, terror aktından sonra isə yenidən yox olur.
Mütəxəssislər bildirirlər ki, Belçika, Yunanıstan və Niderlanddakı hücumlar böyük dağıntı və ya insan tələfatı ilə nəticələnməsə də, onların təbliğat xarakteri daşıması mümkündür. Hücumlar əsasən gecə saatlarında binalara qarşı həyata keçirilib və insan itkisi qeydə alınmayıb.
Analitiklər hesab edirlər ki, belə aksiyalar yəhudi icmaları arasında qorxu yaratmaq məqsədi güdə bilər. Bu həm də regiondakı gərginlik fonunda bir növ xəbərdarlıq mesajı kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, hücumlar miqyas baxımından böyük olmasa da, onların yaratdığı psixoloji təsir kifayət qədər ciddi ola bilər və hadisələr Avropadakı yəhudi icmalarına yönəlmiş xəbərdarlıq siqnalı kimi dəyərləndirilir.
A group calling itself "The Islamic Movement of the Companions of the Right" appears to claim responsibility for a bombing on a synagogue in Liege, Belgium on Monday.
— Joe Truzman (@JoeTruzman) March 11, 2026
---
My initial impression is that the logo is a near carbon copy of terrorist groups associated with the… pic.twitter.com/oowi7J3uIK
The Islamic Movement of the Companions of the Right, has claimed an attack against a statement in the city of Rotterdam on Friday morning.
— Joe Truzman (@JoeTruzman) March 13, 2026
This is the third attack claimed by the group against Jewish institutions or sites in Europe this week.
---
There are reports of an arson… pic.twitter.com/EW8ut9RUoK