Medianews.az
“Filin dişisi də gəlir” əhvalatı və ya olmayan “gərginliy”i izləyənlər…
59 baxış

“Filin dişisi də gəlir” əhvalatı və ya olmayan “gərginliy”i izləyənlər…

Avropa İttifaqı bu davranışı ilə təxminən belə deyir: “Siz nə çalırsınız, çalın, mən “Heyvagülü” oynayacağam”.

Məsələnin məğzi nədən ibarətdir? Fevralın 17-də Avropa İttifaqı (Aİ) Şurası Satu Koyvunu qurumun Ermənistandakı Mülki Monitorinq Missiyasının (EUMA) yeni rəhbəri təyin edib.

ai-2.jpg (99 KB)

Satu Koyvu

Beləliklə o, Markus Ritterin yerinə 20 fevral 2026-cı ildə vəzifəsinin icrasına başlayacaq. Bu yerdə qeyd edək ki, EUMA öz fəaliyyətinə 2023-cü il fevralın 20-də başlayıb. Aİ Şurası 2025-ci il yanvarın 30-da Ermənistandakı müşahidə missiyasının mandatını iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzadıb. Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bir müddət əvvəl bildirmişdi ki, Ermənistanda Avropa İttifaqının (Aİ) müşahidə missiyasının (EUMA) mandatının uzadılması ilə bağlı müzakirələr aparılmır.

1750341444_jmrhhxtwpy1bb27c0bsbnmsjjb9xz663.jpeg (98 KB)

Markus Ritter 

“Ermənistan hökuməti istəyir ki, Avropa İttifaqının müşahidə missiyası sülh sazişinin (Azərbaycanla) imzalanmasına və ratifikasiyasınadək işini davam etdirsin. Lakin missiyanın mandatının uzadılması ilə bağlı müzakirələr aparılmır”, - demişdi.

Amma bütün bunlardan sonra missiya rəhbərinin əvəzlənməsi, yeni təyinat həm də missiyanın daha uzun müddət üçün qalmasına hesablanıb, anlamını verir. Həmin bu Markus Ritter bir neçə dəfə səbrimizi daşıran ermənipərəst mövqe sərgiləyib. Hətta təyinatından bircə ay sonra Almaniyanın “Deutsche Welle” qəzetinə müsahibəsində “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyini”, “belə bir hücum olmayacağı təqdirdə, bunun Aİ missiyasının uğuru olacağını” iddia edib, ajiotaj yaratmağa cəhd göstərmişdi. Hətta onun bu açıqlaması Azərbaycan XİN-in sərt etirazına səbəb olmuş, verilən bəyanatda “Aİ missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq”, mövqeyi əksini tapmışdı. Həmçinin xəbərdarlıq edilmişdi: “Aİ missiyası yalan və böhtan dolu iddialara yer verməməli və mandatına uyğun fəaliyyət göstərməlidir”.

Missiya belə xəbərdarlıqlara nə dərəcədə “əməl etdi”, hamımız şahidi olduq. Ermənistanın dəfələrlə şərti sərhədlərdə təxribata əl atmasından “bixəbər” olan missiya Qazaxdan Arazdəyənə qədər ərazilərdə post qurub ancaq Azərbaycanı güddü. Binokl diplomatiyası ermənilərin maraq və mənafelərinə xidmət etdi, nəinki sülhün və təhlükəsizliyin təmin olunmasına.  

f88e38e7b69f0aa2c9a2e01a50b4eb62.jpg (146 KB) 

2022-ci ilin Praqa razılaşmasından, Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsindən sonra Aİ birtərəfli qaydada Ermənistana mülki adında, əslində kəşfiyyat dəstəsi göndərməklə sülh və əməkdaşlığın qarşısına sərhəd çəkmək niyyətini sərgiləmiş oldu. Əvvəlcə 40 nəfərlik heyət göndərilsə də, sonradan say rəsmi məlumata görə, 209-a çatdırılıb, ancaq kəşfiyyatçıların daha çox olması barədə şübhələr mövcuddur.

Ermənistan hakimiyyəti Aİ missiyasının ölkədə fəaliyyətini davam etdirməsində israrlıdır. Elə bu günlərdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ missiyasının Ermənistan üçün “sabitlik faktoru” olduğunu iddia etmişdi. Hətta bildirmişdi ki, sülh müqaviləsi imzalansa belə, bu missiyanın rolu əhəmiyyətini itirmir.

“Sülh müqaviləsi çərçivəsində müəyyən razılaşmalar var ki, onlar imzalanmalı, ratifikasiya edilməli və qüvvəyə minməlidir. Yalnız bundan sonra gələcək addımları dəqiqləşdirə bilərik. Biz həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə Aİ-li tərəfdaşlarımıza bildiririk ki, bu əməkdaşlığı və missiyanın fəaliyyətini yüksək qiymətləndiririk”, - Qriqoryan Aİ kəşfiyyatçılarının hələ çox illər Ermənistan dağlarından boylanacaqlarının anonsunu verib.

1698830768_1123269.jpg (49 KB)

Təbii ki, burada əsas söz sahibi Avropa İttifaqıdır. Qurum Ermənistandakı mövcudluğu ilə bütövlükdə Cənubi Qafqazda olması görüntüsünü yaratmaq üçün getməyə həvəsli deyil. Əks təqdirdə, Aİ müşahidəçiləri Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanmasından sonra şələ-şüləsini yığışdırıb, “ev”ə dönməli idi. İndi onları Rusiya təcavüzü ilə üz-üzə qalmış Ukraynada daha çox gözləyirlər, nəinki Ermənistanda. Elə bu günlərdə bir qrup azərbaycanlı, Aİ-nin və ya digər heç bir qurumun iştirakı olmadan, ikitərəfli danışıqlar nəticəsində delimitasiya və demarkasiya olunmuş (!) ərazidən keçərək Ermənistana getdi, görüşlər keçirildi, müzakirələr aparıldı, Qərbi Azərbaycan doğumlu insanlarımız yurd yerlərinə baş çəkdilər.

-2e2079d6167690984846143824810993118.jpg (353 KB)

Deməli, Aİ kəşfiyyatçılarının bölgədə qalması Ermənistana da heç nə vermir, sadəcə bu quruma doğru can atan Paşinyan komandası təşkilatın xətrinə dəyməyə cürət etmir. Azərbaycan Ermənistan üçün taxıl yolu açıb, İrəvanda Azərbaycan benzini satılır, Aİ müşahidəçilərinin burda qalmasına nə hacət? Amma həmsədrlərin dəfnindən sonra Aİ “boşluğ”u doldurmaq istəyir. Elə yeni missiya rəhbərinin göndərilməsi də bunun əlamətidir.

Əks təqdirdə, 2023-cü ilin noyabrında Keşişkənd rayonunda - Yexeqnadzorda Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisini açmazdılar. 25 Avropa İttifaqına üzv ölkədən Ermənistana göndərilmiş missiya üzvlərinin sırasına hətta Kanadanın timsalında NATO üzvü də daxil edilib. Qafan, Gorus, Cermuk (İstisu), Yexeqnadzor (Keşişkənd) və İcevanda 6 ofis olduğu halda, baş ofis də qurdular. Aİ patrulları 24 saat ərzində Ermənistan və Azərbaycan arasında olmayan sərhədlər boyunca, olmayan “gərginliyi” izləyir, maaş alırlar. Nikol Paşinyan iki ilə yaxındır iki ölkə arasında atışmanın olmadığını sevincək söyləyir, sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir, Aİ isə hələ indi yeni missiya rəhbəri təyin edir. Deməli, bunlara gərginlik lazımdır, qaşınmayan yerdən qan çıxartmağa fürsət axtarırlar.

1713540439_1354480_w1lmwp7rwr.jpg (51 KB)

Diqqət edin, yeni missiya rəhbəri Satu Koyvu milli və beynəlxalq səviyyədə 35 ildən çox təcrübəyə malik yüksək rütbəli finlandiyalı polis zabitidir. O, Fələstin ərazilərində, Ruanda, Namibiya və Kiprdə BMT və Aİ missiyalarında yüksək vəzifələrdə çalışaraq geniş beynəlxalq təcrübə qazanıb. Missiya rəhbəri vəzifəsinə təyin olunmazdan əvvəl o, Finlandiya Milli Polisində Espooda İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışıb. Aİ bu təyinatla nə demək istəyir?

617812499_1523615953103529_5508463494645791100_n.jpg (84 KB)

Ancaq Azərbaycan Prezidentinin sözlərini unutmasınlar: “Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.

794212bd-5d66-3141-8a86-8697e2823de2_825.jpg (24 KB)

Həmçinin dövlət başçımızın “Binokl diplomatiyası” heç cür qəbuledilməzdir”, bəyanatını kimsə unutmamalıdır!

Yaxşısı üzüsulu, vaxtında yığışıb getməkdir, əks halda, onları Minsk Qrupunun həmsədrləri kimi biabırçı sonluq gözləyir...Azərbaycan Prezidentinin dediklərinə əməl olunmalıdır, əks halda peşmanlıq var!

P.S. Azərbaycanın etirazları fonunda Aİ-nin missiya rəhbərini dəyişməsi bir lətifəni xatırlatdı. Teymurləng ordusuna məxsus filin kəndlilərin başına açdığı oyun və Molla Nəsrəddinin sonradan əhaliyə “gözünüz aydın, filin dişisi də gəlir”, “müjdəsi”ni yəqin dəyərli oxucularımızın əksəriyyəti oxuyub, eşidib...

Elşad PAŞASOY

Bizə qoşulun