Medianews.az
“Gülüstan”sarayı, 900 yaşlı Xaqani Şirvaninin ünvanı və məhv edilən atmosfer
62 baxış

“Gülüstan”sarayı, 900 yaşlı Xaqani Şirvaninin ünvanı və məhv edilən atmosfer

Tarix boyu müharibələr olub, amma hər birisi anlaşma, tərəflərdən birinin kapitulyasiyanı qəbul etməsi ilə bitib. Hətta İngiltərə və Fransa arasında gedən və tarix kitablarında “Yüzillik müharibə” adlandırılan, əslində isə istisnalarla düz 116 il (1337-1453) davam edən qanlı savaşlar da, iki cəhddən sonra sülhlə nəticələnib. Sonrakı əsrlərdə bir neçə dəfə üz-üzə gəlsələr də, bu gün hər iki ölkə bir blokda “vahid düşmən”ə qarşı səngərdədirlər...

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti də keçmişdə qalmaqdadır, Nikol Paşinyan Avropa ölkələrində və təşkilatlarında belə, Azərbaycanın ona yanacaq satmasına, taxıl yolu açmasında görə təşəkkürünü bildirir. Hələ özü də jest edib, Azərbaycanın əsas hissəsindən Naxçıvan bölgəsinə Ermənistan ərazisindən yol açmağa hazır olduğunu da elan edir. Təbii ki, Azərbaycanın yaratdığı reallıqların nəticəsində baş verir bütün bunlar. Bir əsrdir elə havadarlarının fitnə-fəsadına uyan Ermənistan Türkiyəyə qarşı ərazi, üstəlik, saxta “soyqırım” iddialarını davam etdirirdi, hətta mənfur Sevr müqaviləsinin 100 illiyini keçirmişdilər 6 il əvvəl. O müqavilənin ki, 24 iyul 1923-cü ildə qardaş Türkiyənin dik duruşundan sonra imzalanan “Lozanna sülh müqaviləsi” ilə “ tarixin zibilliyinə atılmışdı.  Artıq Ermənistan rəhbərliyi anlayır ki, “real Ermənistan” qurmağın vacib düsturlarından biri Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları, qondarma soyqırım şousuna son qoymaqdır. Xilas yolu türkə düşmənçilik, savaş açmaq deyil... Paşinyan Ermənistan xəritəsinin maketini rozetə çevirib yaxasından asıb və Avropanı dolaşır. Bununla həm də “daha bizi oyuna salmayın, imkan verin, Ermənistana kadastr sənədi alaq” mesajı ünvanlayır.

Dünənə qədər Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, digər ermənipərəst təşkilatlar Ermənistan hakimiyyəti ilə səs-səsə verib, Azərbaycanı hədəfə alırdılar, təzyiqlərlə nəyəsə nail olacaqlarını zənn edirdilər. Xəyalları suya düşdü. Yəqin hələ də Şvabe kimi bir çox Azərbaycan düşmənləri güman edirmiş ki, Paşinyan Avropa Parlamentində yenə də “val”ı dəyişəcək və onlar da erməni baş naziri ayaq üstə alqışlayıb, ortalığı qarışdıracaqlar, Qafqazda olmalarını təmin etmək üçün. Axı, Avropa İttifaqının müşahidəçiləri – casus şəbəkəsi hələ də şərti sərhədlərdə postdadır. Təsadüfi deyil ki, elə Paşinyan Avropada olduğu saatlarda Avropa İttifaqının (Aİ) müşahidəçilərinin Ermənistan-Azərbaycan “sərhədi”ndə 8000-ci patrul missiyasını qeyd etdikləri açıqlandı. Azərbaycandan Ermənistana benzin, dizel yanacağı gedir, bəlkə də elə postda duran avropalılar da avtomobillərinə yüksək keyfiyyətli Azərbaycan yanacağı tökürlər. Amma yenə də onlar yığışıb getmək istəmirlər. Azərbaycan Ermənistana gübrə satır, postdakılar deyirlər yox e, biz burda qalmalıyıq. Ölkəmizdən Ermənistana daşınan taxıl və digər zəruri mallar üçün tranzit yolu açılıb, indiyədək Ermənistana yük daşıyan qatarlarda hətta texniki problem belə olmayıb. Amma kimə deyirsən, Avropa İttifaqının müşahidəçiləri binokllarını əllərindən kənara qoymaq istəmirlər. Baxmayaraq ki, Nikol Paşinyan hətta Avropa kürsüsündən Qarabağdan öz xoşları ilə getmiş ermənilərin Ermənistan vətəndaşı olaraq yaşayacaqlarını bəyan edir, amma hələ də bəzi katalizatorlar zəhlətökən mövqelərindən əl çəkmirlər.  

İlham Əliyevlə Antonio Koştanın təkbətək görüşü keçirilib

Azərbaycanın yaratdığı situasiya göz önündədir. Hətta ölkəmizə səfər edən Avropa Şurasının Prezidenti Antonio Koşta da Prezident İlham Əliyevlə görüşündə və keçirilən brifinqdə regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışladı. Bu, Azərbaycanın dövlət başçısının diktəsi ilə yaranmış vəziyyətdr. Ermənistan rəhbərliyi Azərbaycana həm də delimitasiya və demarkasiya prosesini başlatdığına görə təşəkkür edir. O vaxta qədər çoxları iddia edirdilər ki, ikitərəfli danışıqların heç bir mənası olmayacaq, çünki ortada uzun illərin düşmənçiliyi var. Onlar vaxtilə “danışıqların alternativi yoxdur, hərb yolu ilə nə isə əldə etmək mümkün deyil”, deyənlərdir. Artıq neçənci dəfə yanıldılar. Azərbaycan bütün mərhələlərdən qalib olaraq sözünü deyib, mövqeyini ifadə edib. Amma sonda yenə də sülh məramından imtina etməyib, çünki əbədi müharibə və əbədi düşmənçilik yoxdur.

Azərbaycan nümunəsindən son illərdə çox yazdıq, çox danışdıq. Ermənistanın işğalçı siyasətinə, Qarabağdakı separatizm yuvasının darmadağın edilməsinə hədəflənmiş siyasətin gedişində nə qədər ləyaqətli davranışın sərgiləndiyini bütün dünya gördü. Bəziləri hələ də “kor tutduğunu buraxmayan” statusundan qurtula bilməyib. Amma özləri peşman olacaqlar!

Tarixi ədalət “Dəmir Yumruq”la bərpa olunub" - ŞƏRH OLUNDU

Kaş ki, biriləri necə müharibə etmək lazım olduğunu əxz edə biləydilər. Bu gün İran ətrafında və İranda yaşananlar, baş verən hadisələri hər birimiz izləyirik. Nə qədər ədalətsizliklər var, fərqindəyik. Dinc insanların, mülki infrastruktun hədəfə alınmasından tutmuş, dağıdılan tarixi abidələrə qədər. Qarabağdakı “erməni irsi” üçün göz yaşı tökənlər haradadır, səsləri gəlmir? UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Departamentinin direktoru Krista Pikkat təşkilatın “Qarabağda müxtəlif mənşəli və tipli mədəni sərvətlərin məhv edilməsi haqqında” cəfəngiyat danışırdı bir vaxtlar. Qarabağda yer üzündən silinən şəhər, kənd, qəbiristanlıq və məscidləri görməzdən gələrək...Bu gün də səsi gəlmir. Nə əcəb? Axı, ermənilərə İrəvana, Qarabağa iki əsr əvvəl elə İrandan...köçürülmüşdülər. Necə oldu ki, İranda onların hansısa bir “mədəni-tarixi irsi” qalmadı? Heç olmasa “erməni irsi”nin müdafiəsinə qalxsınlar, tərəflərə müraciətlər ünvanlansın, qeyri-hərbi ünvanların hədəfə alınmaması ilə bağlı...Yaxın Şərqdə və digər regionlarda illərdir davam edən müharibələr həm də tarixin çox qiymətli, nadir nüsxələrini toza çevirir...  Bu günlərdə raket hədəfinə tuş gələn Tehrandakı Qacarlar sülaləsinə məxsus “Gülüstan” sarayının dağıntıları UNESCO daxil, beynəlxalq təşkilatların heç tükünü də tərpətmədi. Xalqa güllü-gülüstan vəd edib, “yardıma tələsənlər” görəsən “Gülüstan” sarayında nə axtarırmışlar, nüvə silahı, yoxsa rejimin təmsilçilərini?..

Səfəvilər dövrünə aid Gülüstan Sarayı raket zərbəsindən sonra ...

2007-ci ildən UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş, şah sarayı “Gülüstan”ın xaraba qalmasına niyə adı çəkilən təşkilatdan reaksiya yoxdur? Bu saray 16-cı əsrdə Səfəvi şahı Birinci Təhmasibin tapşırığı ilə tikilib və Qacarlar sülaləsinin iqamətgahı olub. Pəhləvilər sülaləsinin dövründə isə mərasimlərin keçirildiyi ünvanlardan biri kimi tanınıb, sonradan muzeyə çevrilmişdi. İran ərazisində Azərbaycan tarixinin çox mühüm hissəsini əks etdirən ünvanlar var, Şeyx Səfi məqbərəsindən tutmuş, Şəhriyarın uyuduğu Şüara məqbərəsinə qədər.

Xaqani Şirvaninin 900 illiyi qeyd ediləcək - Sərəncam

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il 900 illik yubileyinin keçirilməsi nəzərdə tutulan klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof nasir Əfsələddin Xaqani də həmin məzarlıqda dəfn edilsə də, sonradan yüzlərlə şair-yazıçı məzarları ilə birgə yoxa çıxarılıb. Vəziyyət belədir, davam edən müharibədə təkcə on milyonlarla soydaşımızın həyatı – dünən Təbrizin bombalanması nəticəsində 4 mülki şəxs həlak oldu - təhlükə altında deyil, həm də Azərbaycan tarixinin çox qiymətli ünvanları, yüz illərin sınağından çıxmış tarixin nadir nüsxələri, maddi-mədəniyyət-ədəbiyyat nümunələrimiz yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir! Ona görə də elə bu gün bitsin bu müharibə!

Qacarlar dövrünə aid Gülüstan sarayı hücumlar nəticəsində zərər görüb

Yenə də Dövlətimizə güvənirik. İstisna deyil ki, həm mülki insanların, həm də maddi-tarixi-mədəniyyət abidələrinin hədəfə alınmaması ilə bağlı gərəkən müraciətlər edilib və ediləcək. Azərbaycan daim nümunəvi dövlət olub, pandemiyada da, Vətən Müharibəsində də, sülh təşəbbüslərində də. COP 29-da Azərbaycanı evsahibliyi ilə atmosferin zərərli tullantılardan təmizlənməsi, dünyamızın xilası ilə bağlı çağırışlar edildi, təşəbbüslər göstərildi. Bu gün İran səmasından zəhər yağır. Bu fəlakətin fəsadları hələ çox illər hiss olunacaq. Müharibə edən tərəflərin məsuliyyətsiz davranışları bəşəriyyəti məhv apara bilər...Müharibəni başladanlar nüvə təhlükəsini əsas gətirirdilər axı...

Elşad PAŞASOY 

Bizə qoşulun