Medianews.az
“Heydər Əliyev” ordeni ilə təltif olunmuş şəxslər
86 baxış

“Heydər Əliyev” ordeni ilə təltif olunmuş şəxslər

Medianews.az Azərbaycanın ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunmuş şəxslərin siyahısına nəzər salıb.

2005-ci ildə təsis edilən ordeni dövlət başçısı İlham Əliyev daxil olmaqla 28 nəfər alıb (Azərbaycan Prezidentinə orden onun statusuna görə verilir).

Laureatların 14-ü əcnəbi siyasətçidir: Jak Şirak, Viktor Yuşşenko, Şeyx Sabah əl-Əhməd-əl-cabir əs-Sabah, Lex Kaçinski, Valdis Zatlers, Trayan Besesku, Georgi Pırvanov, İmaməli Rəhman, Abdulla Gül, Viktor Yanukoviç, Rəcəb Teyyub Ərdoğan, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev, Serco Mattarella.

Ordenlə təltif olunan qalan şəxslər bunlardır: Birinci vitse-prezident Mehriban Əliyeva, türkiyəli alim İhsan Doğramacı, musiqiçi Mstislav Rostropoviç, rəssam Tahir Salahov, bəstəkar Arif Məlikov, müğənni Zeynəb Xanlarova, heykəltəraş Ömər Eldarov, şeyxülislam Allahşükür Paşazadə, neftçi alim və geoloq Xoşbəxt Yusifzadə, bəstəkar, müğənni, dövlət xadimi Polad Bülbüloğlu, dövlət xadimi Artur Rasizadə, şair Nəriman Həsənzadə.

Ordeni alanlar arasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də var. Lakin 2025-ci ilin dekabrında ev dustaqlığında olan, hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma kimi ağır cinayətlərdə suçlanan Ramiz Mehdiyevin istintaq başa çatandan və barəsində məhkəmə hökmü çıxarılandan sonra təltif olunduğu ordenlərdən məhrum ediləcəyi ehtimal olunur. 

1923-cü ildə doğulan Heydər Əliyev 1969-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, yəni respublika rəhbəri, 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. 1990-cı ildə Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik eləyib. 1993-cü il iyunun 15-də Azərbaycan parlamentinin sədri seçilib, iyunun 24-dən prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb, 1993-cü və 1998-ci illərdə Azərbaycan Prezidenti seçilib. 2003-cü il dekabrın 12-də vəfat edib.

Medianews.az

Bizə qoşulun