Medianews.az
İlqar Əliyevin cəzası
87 baxış

İlqar Əliyevin cəzası azaldıldı

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib.

Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib.

Qərara əsasən, İlqar Əliyevin cəzası dörd ildən üç ilə endirilib. Cəzasının əvvəli 2023-cü ilin dekabrından hesablandığı üçün bu qərarla onun çəkilməmiş 10 ay həbs müddəti qalıb. Üç ilin də üçdəiki hissəsi başa çatdığından şərtlər uyğun gəldiyi halda məhkum daha tez azadlığa çıxa bilər.

Qeyd edək ki, İlqar Əliyev əvvəllər "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək dörd il müddətinə azadlıqdan məhrum edilib. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

Bizə qoşulun