Medianews.az
İran müharibəsinə yanaşmada...dövlətimizə baxıb, düzlənək
172 baxış

İran müharibəsinə yanaşmada...dövlətimizə baxıb, düzlənək

Azərbaycan işğal və terrordan çox əziyyətlər çəkib, ona görə də heç zaman müharibəni zarafat hesab eləməyib. Dövlətimizin başçısının Sülh Şurasının təsisçilərindən biri olması da Azərbaycanın nəinki regionda, bütövlükdə qlobal məkanda sülhün, təhlükəsizliyin bərqərar olunmasına yönəlik siyasətinin məntiqi nəticəsidir.

Bu mənada cənub qonşumuz İran İslam Respublikasına qarşı başlanan növbəti hərbi əməliyyatlar ölkəmizdə də narahatlıqla izlənilməkdədir. Azərbaycan sözü də imzası qədər etibarlı olan dövlətlərdən olduğunu qonşu dövlətin dar günündə bir daha nümayiş etdirdi.

İlham Əliyevdən Pezeşkiana BAŞSAĞLIĞI | Modern.az

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana başsağlığı verən ilk dövlət başçılarından oldu. Diqqət edin: “İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq. Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir. Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq. Allah rəhmət eləsin!” Bu mətndə səmimi üzüntü, müharibələrə etiraz, İran xalqına sülh, əmin-amanlıq açıq şəkildə ifadə olunur.

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı  olub - YENİLƏNİB

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon İrandakı hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyəti müzakirə edib.

C.Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib, dini liderin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub. 

Azərbaycan dövlətinin mövqeyi sabitdir, aydındır, sülhdən yanadır. Kimlərsə bəlkə də zənn edirdi ki, Azərbaycan və ABŞ arasında mövcud münasibətlər, hər iki ölkənin prezidentinin həsədlə izlənilən əlaqələri ölkəmizi İran mövzusunda məsafə saxlamağa sövq edəcək. Amma Azərbaycan növbəti dəfə sübut etdi ki, müstəqil siyasət yürüdür, beynəlxalq hüquqa istinad edir, ədalətli mövqeyindən onu kimsə çəkindirə bilməz! Ötən ilin iyununda, 12 günlük müharibə zamanı da Azərbaycan İrana zərbələrə, xüsusilə də mülki əhalinin hədəfə alınmasına etiraz edən, sülh danışıqlarına çağıran ilk ölkələrdən olmuşdu.  

Üstəlik, Azərbaycanın XİN başçısı iranlı həmkarına hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını söyləyib.

Zəruri qeyd: Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ərazisindən İrana qarşı istifadənin mümkünsüzlüyü barədə hələ 2006-cı ildə, Vaşinqtonda rəsmi səfərdə olarkən bəyan etmişdi. Bir-birilərinin ərazilərindən istifadənin yolverilməzliyini nəzərdə tutan müqaviləyə Azərbaycan daim sadiq olub, baxmayaraq ki, ayrı-ayrı hallarda İrandan rəsmi şəxslər, generallar səviyyəsində ölkəmizə qarşı təhdidləri, digər neqativ hərəkətləri müşahidə etmişik, imzamıza hörmətimiz bütün olanlara rəğmən, hətta səfirliyimizdəki terror aktına baxmayaraq, dəyişməyib. Elə 28 fevraldan etibarən İrana qarşı hərbi əməliyyatlardan narahatlığımızın yüksək səviyyədə ifadə olunması da prinsipial mövqeyimizin məntiqi nəticəsidir.

Qarğıdalı qalmaqalı: Ermənistan hakimiyyətindən ironik reaksiya

Yeri gəlmişkən, Ermənistanın rəhbər şəxsləri də İranda baş verənləri pirojki və qarğıdalı yeyə-yeyə izləyirdilər. Sanki hansısa filmə, yaxud futbol oyununa tamaşa edirdilər. Ancaq Azərbaycanın başsağlığı verməsindən, açıq mövqe ifadə etməsindən sonra Ararat Mirzoyan da Əraqçiyə zəng etdi, hətta yardım təklifini verdi. Bizə qədər ehtiyatlanırdılar ki, “görəsən, Amerika, Avropa nə deyər?” İndi cəsarətləniblər deyəsən. Hətta ədliyyə naziri Sebuhi Qalyan jurnalistlərin İranda baş verən hadisələr fonunda hökumət başçısının niyə hələ də qonşu dövlətə başsağlığı vermədiyini soruşublar. Cavaba baxın: “Mən Təhlükəsizlik Şurasının üzvü deyiləm, mütəxəssis də deyiləm”.

Beləliklə, Nikol Paşinyan İrana telefon açıb, özünü Qərbdə dilə-dişə salmaqdansa, Təhlükəsizlik Şurasının toplantısını keçirməyə üstünlük verdi. Seçkiqabağıdır, düşünür ki, birdən olmadı elə, oldu belə...

Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını ...

11 fevralda Azərbaycan Prezidenti İlham Əliyevin milli bayram münasibətilə İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda bildirilirdi:

“İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Ötən ilin 28 aprelində, Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı dövlət başçımızın dediklərini də xatırlatmaqda fayda var: “Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir”.

Bəli, bu bəyanatda həm Səfəvilər imperiyasına işarə var, həm bugünkü İran dövlətində yaşayan 40 milyondan artıq Azərbaycan türkünün varlığına, həm də iki ölkə arasında körpülərin daha möhkəm özüllər üzərində qurulmasına yönəlmiş hədəfllərə...Bu arada, Araz çayı üzərində tikilən Araz dəhlizinin bir hissəsi olan körpünün açılışı elə mart ayında reallaşmalı idi...Azərbaycan sadəcə bəyanatlar vermir, həm də körpülər tikir, yalnız Xudafərin və digər bəlli körpülərlə kifayətlənmir. Bu reallığı, bu siyasəti ABŞ də qəbul edir, İsrail də, digər ölkələr də. Çünki rəsmi Bakı zaman-zaman müxtəlif təhdidlərə rəğmən öz ərazisindən İrana qarşı istifadəyə yol vermədiyi kimi, Təl-Əviv və Vaşinqtonla münasibətlər qurarkən də kimdənsə icazə almayıb.

CROSSMEDIA - Pezeşkian xalqa MÜRACİƏT ETDİ

Heç şübhəsiz ki, Məsud Pezeşkian şəxsiyyəti də dövlətimiz tərəfindən xüsusilə qiymətləndirilir. Fevralın 26-da İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu ifadə edərək, bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün müsbət addım adlandırmışdı. Zəngəzur dəhlizindən – adı Tramp marşrutu qoyulsa belə - qorxmağa gərək olmadığını açıq şəkildə komandaşlarına bildirən də o oldu. Azərbaycan heç bir yaxşılığı unutmur.

Amma Azərbaycan bütün olanlara rəğmən bu savaşın dərhal dayandırılmasını səmimi şəkildə istəyən ölkədir. Dini liderin bombardmanda ölən 14 aylıq məsum körpəsinin fotosuna həyəcansız baxmaq belə, mümkün deyil. Həmçinin qızlar məktəbində həlak olan günahsız şagirdlərin xəbərini izləmək...Azərbaycan xalqı belə müsibətləri 30 il ərzində yaşayıb, müharibə nə deməkdir, çox yaxşı bilir. Ümid edirik ki, müharibə tezliklə bitəcək. Həm də bu müharibə bizim sərhədlərimizdə gedir, qonşudakı yanğının hər an ətrafa yayılması riski var...

Rəsmi Bakı İsrail və İrandakı vətəndaşlarına müraciət etdi | Modern.az

Rəsmi Bakının yürütdüyü uzaqgörən siyasətin məntiqi nəticəsidir ki, hamı bizə təşəkkür edir. Hətta İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib. Sitat:  “Azərbaycan bu çətin dövrdə həm rəsmi, həm də qeyri-rəsmi başsağlığı mesajları ilə həmrəylik nümayiş etdirib və öz dəstəyini ifadə edib. Bu, ortaq mədəniyyətimizin və münasibətlərimizin bir göstəricisidir və buna görə təşəkkürümüzü bildiririk. Mediada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verdiyini görmüsünüz. Həmçinin xarici işlər nazirləri arasında da telefon danışığı olub. Ceyhun Bayramov və Seyid Abbas Əraqçi son proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Həmin telefon danışığında Azərbaycanın rəsmi mövqeyi ifadə edilib və qeyd olunub ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol verməyəcək. Biz hər zaman buna inanmışıq. Azərbaycanın ən yüksəksəviyyəli rəsmiləri də bu mövqeni açıq şəkildə bəyan ediblər”.

İllər boyu İrandakı anti-Azərbaycan çevrələrə deyirdik ki, düşməninizi tanıyın, biz sizin düşməniniz deyilik, bizdən sizə pislik gəlməz. Dost dar gündə tanınar, deyiblər. Yəqin yadda qalar bu münasibət. Çünki “Arazın o tayı da, bu tayı da bizim dədə-baba torpağımızdır”, sözləri sadəcə söz xatirinə deyilməyib...

Araz çayı İranla Azərbaycan arasında sülh və dostluğun simvoluna çevrilib -  Nazir - TurkicWorld

Dövlətimizə təşəkkür edənlər sırasında Azərbaycan vasitəsilə İranı tərk edən İordaniya səfirindən tutmuş, Rusiya, Tacikistan, Fransa, Çin vətəndaşlarına qədər bir çoxları var. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə XİN rəhbəri Ceyhun Bayramov arasındakı telefon danışığında bölgədə artmaqda olan hərbi gərginlik və eskalasiya nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Tərəflər qarşıdurma nəticəsində bölgədə yaranmış vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar. Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub. İrana qarşı müharibənin yaratdığı çətinliklər fonunda Azərbaycan dünya ölkələri üçün nəhəng bir dəhliz rolunu oynayır. Uzun illər Zəngəzur dəhlizinə qarşı dirəniş göstərənlər yəqin ki, ölkəmizdən heç kimə zərər gəlməyəcəyini qulaqlarında əbədi sırğa edərlər.

Son məlumatlara görə, İranda həlak olanların sayı 555-dir. Bu, iki günlük statistikadır. Anlaşma əldə olunmasa, daha dəhşətli hadisələr baş verə bilər. Qarşı tərəfin, ABŞ və İsrailin də itkiləri artmaqdadır. Ən dəhşətlisi, Körfəz ölkələrinin də bu savaşa cəlb olunmasıdır. Bütövlükdə bölgə od tutub yana bilər, həm də neft-qazla zəngin bölgədən söhbət gedir...

İranda 555 nəfər həlak olub - Medianews.az

Sabitlik adası olan dövlətimiz belə gərgin situasiyada zərgər dəqiqliyi ilə siyasət yürüdür. Azərbaycan və Türkiyənin İranla bağlı məsləhətləşmələri, koordinasiyalı sülh təşəbbüsləri inşallah nəticəsiz qalmaz. 12 günlük müharibədə də çoxları susduğu zaman Azərbaycan İsrailə mülki insanları hədəfə almamaq xahişini ünvanlamış, sonrakı aylarda vasitəçilik təşəbbüsü ilə çıxış etmişdi.

Biz isə Azərbaycan vətəndaşları olaraq baş verənlərə münasibətdə məhz dövlət başçımıza, dövlətimizin kursuna uyğun şəkildə düzlənməli, ehtiyatsız ifadələrə, yanlış yozumlara yol verməməliyik. Ərazilərimizi 30 il ərzində işğal altında saxlamış Ermənistanın döyüş meydanında dərsini verdikdən sonra artıq o səhifələri qapadıb, yeni səhifə açmışıq, unutmayaq. Arazın o tayında isə on milyonlarla soydaşımız yaşayır. Onların ana dilində təhsil ala bilməməsindən narahat olan dövlətimizin başçısı sözsüz ki, bu gün həm də onların taleyindən narahatdır...

Müqəddəs Ramazan ayında, Novruz bayramı ərəfəsində diləyimiz: dünyamıza, regionumuza tezliklə sülh və barış gəlsin, günahsız insanlar, məsum körpələr ölməsin! 

Elşad PAŞASOY

Bizə qoşulun