Medianews.az
İran SEÇİM qarşısında –
107 baxış

İran SEÇİM qarşısında – Əgər bu tarixədək...

Azərbaycan Prezidentinin tapşırığına əsasən, İrana növbəti humanitar yardım yola salınıb. Kömək İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun həyata keçirilib.

Maraqlıdır ki, “Reuters”ə görə, İrana qarşı müharibə iyuna qədər davam edərsə, 45 milyon insan kəskin ərzaq qıtlığı ilə üzləşə bilər. Bu barədə Dünya Ərzaq Proqramının (WFP) təhlilinə istinadla bildirilir. Qeyd olunur ki, ərzaq, neft və nəqliyyat xərclərinin artması səbəbindən milyonlarla insan aclıqla üzləşə bilər...

İyuna nə qalıb ki? Ümid edək ki, vəziyyət o həddədək ağırlaşmaz və müharibə tezliklə sülh masasının qurulması ilə bitər. Hətta müharibə bu gün dayansa belə, İranın son 19 gündə aldığı ağır yaraları sağaltmaq, xüsusən də əhalinin sosial-iqtisadi durumunu müharibəyə qədərki səviyyəyə çatdırmaq xeyli zaman alacaq. O da əgər faktiki başsız qalmış hazırkı rejimə müyəssər olsa.

Onsuz da savaşa qədər ölkədə ciddi içməli su, ərzaq və digər sosial problemlər mövcud idi. Demək, bizim yardımlarımız yerinə düşür. Azərbaycan dəfələrlə sübut edib ki, dar günün qonşusudur. Biz bu böyüklüyümüzü işğalçı və kapitulyant Ermənistana münasibətdə də bütün dünyaya əyani göstərmişik – ora qida buğdasının tranziti üçün yolu açmaqla, neft məhsulları göndərməklə. Hərgah, iki ölkə arasında sülh müqavıləsi hələ də imzalanmayıb...

Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə danışıb

Bu fonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Əraqçi ilə dünənki telefon danışığında bir detal diqqət çəkir. Rəsmi məlumata görə, Bayramov İran ərazisindən buraxılan pilotsuz təyyarənin Naxçıvana hücumu ilə bağlı İranın ədalətli araşdırma aparmasının vacibliyini vurğulayıb.

İlk baxışda qəribə görünə bilər. Kimsə deyə bilər ki, İran nə hayda, Bakı nə hayda. Ancaq elə deyil.

Əvvəla, belə ağır cinayətlərin arxivə göndərilməsi üçün zaman anlayışı mövcud deyil. İrana təmənnasız humanitar köməyimiz, son baş verənlər öz yerində, Azərbaycanın məsuliyyətli dövlət və yaxşı qonşu kimi İranın qarşısında haqqı da var. İmam Hüseyn (ə) buyurub ki, “qonşuluq qohumluqdur”. Təbii ki, onun fəlsəfəsini anlayanlar üçün. Qonşuluqda isə qeyri-səmimiyyət, ələlxüsus yalan, böhtan, iftira və arxadan zərbə (erməni işğalı dönəmi) keçərli sayılmaz.

Bir daha xatırlatmağın yeri var ki, öhdəliklərinə sadiq dövlət olaraq, Azərbaycan ərazisindən İran tərəfə heç bir hücum niyyəti olmayıb, olmayacaq. Ərazimizdə yad hərbi bazalar da yoxdur. Boşuna özlərini yormasınlar, nağıllar uydurmasınılar.

Heç qardaş Türkiyənin hərbi qüvvələri də mövcud deyil. Çünki hələ ki, ehtiyac görmürük. Üstəlik, qüvvədə olan Hərbi Doktrinamız buna izn vermir. O zaman Azərbaycana dron hücumuna nə ad qoyaq?..

Azərbaycan XİN rəhbərinin Naxçıvana PUA zərbəsi məsələsini telefon söhbəti zamanı yada salması o anlama gəlir ki, rəsmi Bakı səfirliyimizə qarşı məlum terror aktı kimi, bu məsələdə də prinsipialdır. Daha bir səbəbə: Azərbaycan banan ölkəsi deyil.

Ötə yandan, dronların hardan istiqamət götürdüyü bəlli. Nəhayət, üçüncüsü, “örtülü bazar dostluğu pozar”. Hərçənd, bir çox səbəbdən Azərbaycan və İranı dost adlandırmaq mümkün deyil, amma normal qonşuluq əlaqələrinin məntiqi ən azından tərəfdaş olmağın vacibliyini diktə edir.

Şərtlər çoxdan bəlli. Və bu şərtlər yalnız Bakı üçün yox, bütün qonşular üçün qüvvədədir. Yəni qarşı tərəf də ona əməl eləməyə borclu. Əks təqdirdə, Tehranın ümmət həmrəyliyinin vacibliyi ilə bağlı çağırışlarını digər müsəlman dövlətləri cavabsız buraxacaq. Necə ki, buraxır.

Ümid edək ki, cənub qonşumuz strateji seçimini doğru edəcək və bu, həm müharibənin əhali üçün aclıq təhlükəsi olmadan bitməsinə, həm də Azərbaycan kimi qiymətli qonşu ilə əlaqələrin tam normallaşmasına gətirəcək...

Zahid SƏFƏROĞLU

Bizə qoşulun